SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR

Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR

Tarix:

26-09-2017, 09:36

/ 37 022 dəfə oxundu.
Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR

Şamaxı rayon sakini Əkbərova Cəmilə Şücayət qızının Azərbaycan Respublikasının bütün Kütləvi İnformasiya Vasitələrinə, o cümlədən redaksiyamıza ünvanlı müraciətini heç bir şərh vermədən təqdim edirik:
Hörmətli media nümayəndələri!
Mən obyektiv və vicdanlı jurnalistlərə, ədalətli media qurumlarına müraciət edərək, ailəmizin üzləşdiyi ciddi qanunsuzluq, haqsızlıq və zorakılıq faktları barədə məlumat vermək, problemlərimizə diqqət yetirməyinizi rica etmək istəyirəm. Bizi sonsuz iztirablara düçar etmiş bu zülm və haqsızlığın arxasında ölkənin yüksək vəzifəli məmurlarından biri AzTV sədri və oliqarxArif Alışanov dayanır. O, uzun illərdən bəri biznes münasibətlərində olduğu atam Əkbərov Şücayəti, guya “onun həyatına qəsdə cəhd etmə” kimi saxta ittihamla 9 ay əvvəl həbs etdirmişdir. Vəzifəsindən sui-istifadə edən A.Alışanov respublika Baş Prokurorluğunun mühüm işlər üzrə böyük müstəntiqi Kamal Talıbovun əli ilə atama cinayət məcəlləsinin (CM) müxtəlif maddələri üzrə əsassız və sifarişli, həm də tamamilə qurama cinayət işi açılmasına nail olmuşdur. Hazırda birtərəfli aparılan ictintaqda digər şəxslərdən atamın əleyhinə həqiqətə uyğun olmayan ifadələr alınır, prosesin gedişindən şikayət etməməsi üçün ona hədə-qorxu gəlir, əks-təqdirdə iki dəfə ürək əməliyyatı keçirmiş və səhhətində ciddi problemlər olan atamı tibbi yardımsız qoyacaqları ilə hədələyirlər.
Dəyərli media nümayəndələri!
Atam Ş.Əkbərov həbsə qədər iş adamı olub, həm fermer təsərrüfatı saxlayıb, həm də Şamaxı rayonunda torpaq alqı-satqısı işlərində broker kimi fəaliyyət göstərib. AzTV sədri ilə tanışlıqdan sonra 6-7 il ərzində onun Şamaxı ərazisində bəyənib-istədiyi torpaq sahələrinin (istintaq A.Alışanovun təxminən 5 milyon manatlıq (?!) torpaq aldığını təsdiq edir) alınıb sənədləşdirilməsində bu adama kömək edib. Təbii ki, müqavilə razılaşmasına uyğun olaraq alqı-satqı əməliyyatlarından atam müəyyən zəhmət haqqı da alıb. Bunu isə istintaqın iddia etdiyi kimi, heç cür dələduzluq adlandırmaq olmaz.
Alışanov özü, ailə üzvləri və bəzi xüsusi qonaqları ilə dəfələrlə Şamaxıdakı evimizdə (indi o evi də zəbt edib) olub, atamı özünə dost saydığını deyib. Hətta, istənilən vaxt bizim rayondakı mülklərimizi də yaxşı qiymətə almağa hazır olduğunu bildirib. Bəs indi necə olur ki, Alışanov belə yaxın münasibətdə olduğu bir adamı “sui-qəsddə” və “dələduzluqda” ittiham edib tutdurur? Nəyə görə belə hesab edir ki, bu ölkədə onun törətdiyi saysız-hesabsız qanunsuzluqlar və özbaşınalıqlar cəzasız qalacaqdır?
Mətbuat nümayəndələrinə bildirirəm ki, Alışanov və onun göstərişi əsasında hərəkət edən istintaqçılar təkcə atam Ş.Əkbərovu şərləyərək həbs etməklə kifayətlənməyiblər, onlar həm də ailəmizin mal və mülklərini, qızıl əşyalarını, ev avadanlığını, avtomaşınımızı məhkəmə qərarı olmadan əlimizdən alıblar. Bu işdə xüsusi canfəşanlıq göstərən müstəntiq K.Talıbov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək əməliyyat-axtarış tədbirləri zamanı bizdən və başqa şəxslərdən götürülmüş daşınar və daşınmaz əmlakların mülküyyət hüquqlarını təsdiq edən “Çıxarışları” və nəqliyyat vasitələrinin “Texniki pasportlarını” qanunsuz olaraq A.Alışanova vermişdir. Bu əməliyyat Şamaxı rayon polis idarəsində aparılmışdır. Yəni bizim ailə üzvlərimizi, eləcə də başqa qohumlarımızı zorla polis idarəsinə gətizdirərək ora dəvət olunmuş notarius vasitəsi ilə sonradan bu əmlakları A.Alışanovun, onun ailə üzvlərinin, bacısı uşaqlarının və başqa qohum-əqrabasının adına keçirmişlər. Biz sərbəst şəkildə deyil, rayon polis şöbəsində hədə-qorxu, zorakılıq və təzyiq altında mülküyyətimizin AzTV sədrinin qızı Nigar Alışanovanın, sürücüsü Hacı Babayevin, TV-də çalışan qohumu Camal Nəbiyevin və tanımadığımız digər şəxslərin adına keçirilməsi barədə yazılmış etibarnaməyə imza atmışıq. Göründüyü kimi, bizim əmlaklar cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin özündən və yaxınlarından alınıb heç bir prosessual sənədləşmə tərtib edilmədən, saxta alqı-satqı aparılmaq yolu ilə əvəzsiz olaraq A.Alışanovun, onun qızının və digər qohumlarının adlarına keçirilmiş, faktiki olaraq bu əmlaklar A.Alışanovun mülküyyətlinə verilmişdir. Halbuki, bu zorakı əməliyyatları aparanlar yaxşı bilirlər ki, Azərbaycan Konstitusiyasının 13-cü maddəsinə əsasən ölkədə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinə əsasən heç kəsin mülkiyyət hüququ məhkəmə qərarı olmadan məhdudlaşdırıla bilməz.

Burada daha bir kobud qanun pozuntusu ondan ibarətdir ki, anam Səlimə Sadıqova üç il əvvəl atamdan ayrılıb və ona düşən əmlakı məhkəmə yolu ilə alaraq ayrıca təsərrüfat olub. Lakin buna baxmayaraq, Alışanovun istintaq qrupu atamın ayağına yazdığı saxta cinayət işi ilə heç bir əlaqəsi olmadığı halda anamın da Çuxuryurdda 20 il əvvəl tikilmiş evini və torpağını əlindən alıb əvəzsiz olaraq AzTV sədrinin bacısı qızı Nilufər Cəfərovanın adına keçiriblər. Bundan başqa A.Alışanov bizim qohum-əqrabamıza məxsus olan və lizinqə götürdüyümüz iki traktoru, bir transfarmatoru, Çuxuryurd və Mədrəsə kəndlərindəki həyətyanı sahədə və fermada saxladığımız yüzlərlə toyuq və hinduşkanı, qoyunları, anbardakı tonlarla taxılı, 46 baş iri-buynuzlu mal-qaranı da ata malı kimi ələ keçirərək onlarca insanı işsiz və çörəksiz qoymuşdur.
Hörmətli media nümayəndələri!
Bu sadaladıqlarım və eləcə də müstəqil hüquqi ekspertiza onu sübut edir ki, vəzifə mövqeyindən sui-istifadə edərək başqa vətəndaşların toxunulmaz mülkiyyətini qanunsuz olaraq ələ keçirmiş AzTV sədri Arif Alışanov, onun qızı Nigar Alışanova, yaxın qohumları Nilufər Cəfərova və Camal Nəbiyev cinayət törətmişlər. Bəs nəyə görə bu aşkar cinayətə görə onlar məsuliyyətə cəlb olunmur? Bəlkə mühakimə yalnız köməksiz və müdafiəsi olmayan insanlar üçündür?!
Bütün daşınar və daşınmaz əmlaklarımızın prosessual sənədləşmə aparılmadan əlimizdən alınmasına və bu barədə rəsmi sənədlərimiz olmasına baxmayaraq, istinqaq hesab edir ki, bizə maddi ziyan dəyməmişdir. Lakin A.Alışanova münasibətdə aylıq maaşının 1.800 manat olduğu halda onun zərər kimi tələb etdiyi 5 milyon manat pulun mənbəyini belə soruşmur. Heç bu pulların Alışanov tərəfindən atama verilməsini sübut edən sənədlər də istintaqa təqdim olunmayıb. Yəni istintaq birbaşa Alışanovun iradə və istəyinə, bəzi hallarda hətta fantaziyasına uyğun olaraq cəngəllik qaydaları ilə aparılır.
Əziz media nümayəndələri!
Bu müraciətdən əvvəl, mən ədalətin bərpası üçün dəfələrlə aidiyyatı orqanlara üz tutsam da, heç bir nəticə görmədim. Odur ki, Konstitusiyasının 57-ci maddəsinə əsasən, həmin orqanlara KİV-in köməyi ilə müraciət etməyə məcbur oldum. Hələ də Allaha və ölkə başçısına olan inamımı itirməmişəm ki, bir gün Arif Alışanovun simasında məmur qudurğanlığının qarşısını alan tapılacaq. Əminəm ki, səlahiyyətli orqanlarda vicdanlı və insaflı adamlar tapılacaq ki, istintaqın düzgün aparılmasına, atamın həbsxanada məhv edilməsinə imkan verməyəcəklər. AzTV sədrinin və onun qohum-əqrabası tərəfindən qanunsuz olaraq ələ keçirilmiş əmlakımızın geri qaytarılmasına, bizə vurulmuş zərərin ödənilməsinə, eləcə də qanunsuz davranışları ilə ailəmizi iztirablara düçar etmiş, bizə küllü məbləğdə maddi zərər vurmuş Alışanovlar dəstəsinin cinayət məsuliyyətinə cəlb olunmasına olan ümidimi də itirməmişəm. Bütün bunların reallaşması üçün vicdanlı jurnalistlərdən və media qurumlarından bizə köməklərini əsirgəməməyi rica edirəm.
Redaksiyadan: qarşı tərəfin də mövqeyini təqdim etməyə hazırıq.

"Təzadlar"
Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR
Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR
Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR
Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR
Arif Alışanovun adı yeni qalmaqalda - FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ