SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ölkədə yeni antikorrupsiya həbsləri gözlənilir - kimlər hədəfdədir

Ölkədə yeni antikorrupsiya həbsləri gözlənilir - kimlər hədəfdədir

Tarix:

20-09-2017, 09:42

/ 38 201 dəfə oxundu.
Ölkədə yeni antikorrupsiya həbsləri gözlənilir - kimlər hədəfdədir

Sentyabrın 19-da Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. “Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə hesabat müzakirə olunub.
Hesablama Palatasına istinadən xəbər veririk ki, qurumun kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib: “Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) ölkənin ən korrupsiyalaşmış təhsil ocağı olması barədə məlumatlar yeni deyil. Ölkənin aparıcı ali məktəblərindən olan ADİU-da 2014-sü ilin martında rektor dəyişikliyi olsa da, sistemdə hər hansı müsbətə doğru irəliləyiş müşahidə olunmayıb. Əksinə, iddia olunur ki, Şəmsəddin Hacıyevin dövründən sonra vəziyyət daha da mürəkkəbləşib.
Rektor Ədalət Muradov haqda bundan əvvəl də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İradəsinə dosye göndərilməsi barədə mediaya xəbərlər sızmışdı. İddia olunurdu ki, kəsirlərin düzəldilməsi üçün tələbələrdən 3-7 min manat tələb olunur. Hələ ötən il ödənişli təhsil sektorundan İqtisad Universitetinin hesabına daxil olmuş 25 milyon manatın “yoxa çıxması” barədə də xəbərlər yayılmışdı.
Qeyd edək ki, iyul ayında Bakı Dövlət Universitetində də audit yoxlamaları keçirilmişdi və bir sıra qanunvericiliyin pozulması halları aşkar edilmişdi. Ancaq auditin nəticələri üzrə bu cür sərt qərar qəbul edilməmişdi. Görünür, İqtisad Universitetində maliyyə pozuntuları o həddədir ki, Hesablama Palatası bu cür qərar qəbul etməli olub.
Yada salaq ki, Hesablama Palatası büdcəyə maliyyə nəzarəti orqanıdır. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ötən həftə keçirilən iclasında isə məlum olub ki, “Hesablama Palatası haqqında” Qanuna dəyişiklik ediləcək. Yeni dəyişikliyə əsasən, qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant da həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir. Bu isə Hesablama Palatasının səlahiyyətlərinin genişləndirilməsi deməkdir.
Yeni dəyişiklik 2018-ci ildə də büdcə pullarının xərclənməsinə nəzarətin daha da gücləndiriləcəyini deməyə əsas verir. Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun bu günlərdə keçirdiyi toplantı da sərt xəbərdarlığı ilə yadda qalıb. O bildirib ki, rəhbərlik etdiyi qurum büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti daha da artıracaq.
Belə xəbərlər də var ki, payızda antikorrupsiya həbslərinin yeni dalğası başlaya bilər ki, bu da təkcə ali məktəb rektorlarını deyil, daha yüksək ranqlı məmurları, o cümlədən icra başçılarını əhatə edə bilər.

“YM”

Şərhlər

XƏBƏR LENTİ