"Kristal" şefi Mahayət Nəbiyevdən acı etiraf - İnsanların ev almağa pulu yoxdur
"Kristal" tikinti şirkətinin Müşahidə Şurasının sədri Mahayət Nəbiyev bildirib ki, tikinti xərclərinin artması səbəbindən şirkət mənzil qiymətlərini aşağı salmağı planlaşdırmır. Onun sözlərinə görə, tikintinin maya dəyəri yüksəldiyi üçün mənzillərin ucuz qiymətə satılması mümkün deyil və bu, layihələrin dayanmasına gətirib çıxara bilər.
Bizimesr.com bildirir ki, şirkət rəhbəri eyni zamanda etiraf edib ki, əhalinin mənzil almağa marağı yüksək olsa da, bahalaşma və bank kreditləri üzrə yüksək faizlər səbəbindən insanların real alıcılıq qabiliyyəti zəifləyib. Başqa sözlə, bazarda tələb qalır, lakin əksər vətəndaşların bu tələbi ödəyəcək maliyyə imkanı yoxdur.
Məhayət Nəbiyevin açıqladığı qiymətlər də bunu təsdiqləyir. Onun sözlərinə görə, "Park Yasamal" layihəsində tam təmirli mənzillərin bir kvadratmetri 2200–2400 manat, "City Garden" layihəsində isə 3000–3200 manat arasında dəyişir. Bu isə o deməkdir ki, üçotaqlı mənzilin qiyməti təxminən 150 min manatdan başlayır.
Lakin bu rəqəmlər Azərbaycandakı əhalinin gəlirləri ilə müqayisədə ciddi uyğunsuzluq yaradır. Orta aylıq gəliri 700–800 manat olan ailənin 150 min manatlıq mənzil alması faktiki olaraq mümkün görünmür. Hətta ipoteka krediti əldə edilsə belə, tələb olunan ilkin ödəniş on minlərlə manat təşkil edir, aylıq kredit ödənişləri isə bir çox ailənin büdcəsini üstələyir.
Bu şəraitdə mənzil bazarı getdikcə daha çox yüksək gəlirli şəxslər və investisiya məqsədilə mənzil alanlar üçün əlçatan olur. Orta gəlirli ailələr isə hər il bahalaşan qiymətlər fonunda ev sahibi olmaq imkanını daha da itirirlər.
Bununla yanaşı, bazarda diqqət çəkən bir məqam da var. Tikinti materiallarının qiymətində sabitlik və ya ucuzlaşma müşahidə olunan dövrlərdə mənzil qiymətləri demək olar ki, geriləmir. Bu isə qiymətlərin formalaşması mexanizmi ilə bağlı suallar yaradır.
Nəticədə ortaya paradoksal vəziyyət çıxır - tikinti şirkətləri satışa çıxardıqları mənzillərə tələbatın yüksək olduğunu bildirirlər, eyni zamanda əhalinin alıcılıq qabiliyyətinin azaldığını etiraf edirlər. Bu isə onu göstərir ki, Azərbaycanda mənzil bazarının əsas problemi təkcə tikinti xərclərinin artması deyil, həm də mənzil qiymətləri ilə vətəndaşların gəlirləri arasındakı uçurumun ildən-ilə daha da dərinləşməsidir.
Bizimesr.com

Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
ABŞ və İraq liderləri iyulda Ağ Evdə danışıqlar aparacaq
Ələsgər Rüstəmovla Nizami Mayılovun TORBA əməliyyatı - Qanunsuz tikintilərlə icra başçısına qurulan gizli oyun - ARAŞDIRMA
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib