Bütün iştirakçılar üçün faydalı olan tədbir
İyun ayının 1-də başlanmış və 3 gün davam edən Bakı Enerji Həftəsi Azərbaycanın enerji potensialının təqdim edilməsi ilə yanaşı, bu sahədə əməkdaşlığın gücləndirilməsi və ölkəmizin beynəlxalq nüfuzunun daha da artırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Dünyanın aparıcı şirkətlərinin, müxtəlif dövlət və hökumət rəsmilərinin enerji məsələləri ilə bağlı müzakirəsinə imkan yaradan bu platforma yüksək statusa malikdir. Bakı Enerji Həftəsi həm də Azərbaycanı dünyaya qlobal işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanıdır.
Bakı Enerji Həftəsi regionun enerji sahəsində mühüm hadisəsi hesab edilir. Özündə 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"u kimi 3 vacib tədbiri birləşdirən Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət kəsb edir. Dünyanın enerji sənayesinin liderlərini bir araya toplaması, xüsusilə də açılış mərasimində Prezident İlham Əliyevin iştirakı Bakı Enerji Həftəsinin əhəmiyətliliyini təsdiq edir. Keçirildiyi 31 il ərzində “Bakı Enerji Həftəsi” Azərbaycanda neft, qaz və enerji sənayesinin inkişafına töhfə verib.
Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir: sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksəksəviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının təməlini qoydu. “Zaman keçdikcə o, dəyişdi və daha da böyüdü, indi çoxsaylı tədbirlərin və çox gözəl mərasimlərin keçirildiyi “Bakı Enerji Həftəsi” adlanır”, - deyə dövlətimizin başçısı əlavə edib.
Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, dünya qazıntı yanacağı olmadan yaşaya bilməz, hamımız planeti xilas etmək üçün daha yaxşı bir iqlimə sahib olmaq istəyirik. Hamımız daha yaxşı bir mühitdə yaşamaq istəyirik. “Amma bu gün biz çox praqmatik olmalı və realizmə əsaslanmalı, gələcəyimizi enerji təhlükəsizliyi ilə əlaqədar planlaşdırmalı, həmçinin bərpaolunan enerji mənbələrinə investisiya qoymalıyıq”, - deyə Prezident əlavə edib.
Bildirilib ki, bu gün Azərbaycanın iqtisadi göstəriciləri çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən reytinqlərimizin ildən-ilə artdığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, indiyə qədər artıq investisiya səviyyəli reytinqimiz var.
Yoxsulluğun 5 faiz səviyyəsinə endirildiyini, işsizlik eyni rəqəmlər ətrafında olduğunu söyləyən Prezident, həmçinin deyib: “Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq”.
Hazırda Azərbaycanın yaşıl enerji gündəliyi çox genişdir. Azərbaycan neft və qaz ölkəsi olmaqla yanaşı, investorlarla bərabər məhz yaşıl enerjiyə sərmayə qoyub. Bu da ölkəmizin məsuliyyətini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyev “Bakı Enerji Həftəsi”nin iştirakçılarına müraciətində bildirb ki, bu gün dünyada enerji sektoru dayanıqlı inkişafın əsas sütunlarından biridir. Müasir geosiyasi proseslər göstərir ki, enerji təhlükəsizliyinin etibarlı təminatı enerji mənbələrinin şaxələndirilməsi və innovativ texnologiyaların tətbiqi ilə birbaşa bağlıdır. Bu baxımdan, bərpa olunan enerji və aşağı karbon texnologiyalarına investisiyalar sürətlə artır. Enerji keçidi artıq yalnız ekoloji məsələ deyil, həm də iqtisadi təhlükəsizlik və rəqabətqabiliyyətlilik amilinə çevrilib.
Ölkəmiz də "yaşıl enerji" istiqamətində ardıcıl siyasət həyata keçirir və strateji mövqeyini daha da möhkəmləndirir. Avrasiyanın enerji və nəqliyyat marşrutlarının kəsişməsində yerləşən ölkəmiz regional enerji əməkdaşlığının inkişafına etibarlı tərəfdaş kimi mühüm töhfə verir. Bol enerji resursları, formalaşdırılmış infrastruktur və beynəlxalq səviyyədə qazanılmış yüksək etimad əsas üstünlüklərimizdir.
Dövlətimizin başçısı qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində "yaşıl enerji zonası" modelinin uğurla tətbiqi ölkəmizin gələcək enerji strategiyasının əsas istiqamətlərindən birinə çevrilmişdir. Bu yanaşmanın uğurla həyata keçirilməsi onun daha da genişləndirilməsinə və Naxçıvanın da "yaşıl enerji zonası" elan edilməsinə zəmin yaratmışdır. “Əminəm ki, "Bakı Enerji Həftəsi" bundan sonra da qlobal enerji dialoqunun genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və dayanıqlı enerji gələcəyinin qurulmasına mühüm töhfə verəcəkdir” – deyə dövlətimizin başçısı bildirib.
Bu platforma Azərbaycanın enerji sahəsindəki potensialını nümayiş etdirməsinə də şərait yaradır. Dünya miqyasında enerji təhlükəsizliyi, enerji istehsalı, nəqliyyatı və digər əhəmiyyətli məsələləri müzakirə etmək üçün beynəlxalq nümayəndələrin və təşkilatların cəlb edildiyi Bakı Enerji Həftəsi həm də ökəmizin enerji sahəsindəki üstünlüyünün bir növ təqdimatıdır. İqlim dəyişmələrinin yaratdığı fəsadlar, onların qarşısının alınması yolları, eləcə də "yaşıl enerji" kimi mövzular da Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə ediləcək. Beləliklə, bu regional və qlobal tədbirdən ölkəmiz, eləcə də iştirakçılar faydalana biləcəklər.
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...