XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Avrasiyada ən böyük infrastruktur layihələrdən biri

Avrasiyada ən böyük infrastruktur layihələrdən biri

Avrasiyada ən böyük infrastruktur layihələrdən biri
4-03-2026, 11:56

 
Martın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasları keçirilib. Beynəlxalq toplantıda Azərbaycan və Avropa daxil olmaqla 27 ölkə, 11 beynəlxalq maliyyə institutu və təşkilat, həmçinin 49 enerji şirkəti, bir sıra ölkələrin nazirləri, nazir müavinləri və digər yüksəksəviyyəli nümayəndələri iştirak ediblər. Məşvərət Şurası çərçivəsində Azərbaycan-Avropa İttifaqı Yaşıl Bağlantı üzrə İnvestisiya dəyirmi masası keçirilib.  Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.
“Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”. Bu fikirləri Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında bildirib. 
Vurğulanıb ki, “Suriyaya 1,5 milyard kubmetr həcmində Azərbaycan qazının tədarükü vasitəsilə biz əhalinin daha yaxşı qorunmasına, biznes fəaliyyəti üçün daha geniş imkanların yaranmasına və müəssisələrin normal fəaliyyətinin təmin edilməsinə töhfə verdik. Çünki hamıya yaxşı məlumdur ki, elektrik enerjisi olmadan heç bir inkişaf əldə etmək mümkün deyil. Bu, həm Suriya, həm region, həm də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edirdi”.
Artıq on ikinci dəfə təşkil olunan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında artan rolunu ortaya qoyur. İqtisadi inkişafını durmadan şaxələndirərək genişləndirən Azərbaycan bununla da Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsində əhəmiyyətli addım atır. 
Ölkə başçısı tədbirdəki çıxışında bildirib: “Sonuncu dəfə bu auditoriya qarşısında çıxış edərkən bildirmişdim ki, biz 12 ölkəyə qaz tədarük edirik. Hazırda isə Azərbaycan qazının istehlakçısı olan ölkələrin sayı 16-ya çatıb. Bu göstərici üzrə Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir”.
 Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır.
Bu gün Azərbaycan enerji ehtiyatlarının etibarlı tranziti ölkəsi rolunu oynayır. Ölkəmiz Qazaxıstan və Türkmənistan üçün neftin mühüm tranzitini təmin edir və bizim sistem vasitəsilə nəql olunan neftin həcmi ildən-ilə artır. Azərbaycan Xəzərin şərq sahillərindən daha çox neft qəbul etmək iqtidarındadır və bunun üçün lazımı infrastruktura malikdir.
Toplantıda bildirilib ki, bu yaxınlarda Türkiyədə 870 meqavat gücündə ən böyük elektrik stansiyalarından biri əldə edilib. Ötən ay Serbiya ilə 500 meqavatlıq elektrik stansiyasının inşasına dair müqavilə imzalanıb. Beləliklə, ölkəmizin enerji təhlükəsizliyinə töhfəsi yalnız öz sərhədləri, Cənub Qaz Dəhlizi ilə məhdudlaşmır.
Həmçinin İtaliyada ümumi emal qabiliyyəti 10 milyon ton olan 2 neftayırma müəssisəsinin əldə olunub. Bura Egey dənizinin Türkiyə sahillərindəki 12 milyon tonluq neftayırma müəssisəsini də əlavə etsək, ümumilikdə Azərbaycanın Aralıq və Egey dənizlərində 22 milyon ton neftayırma potensialı olacaqdır. Bu da öz növbəsində neft məhsullarının davamlı təchizatını təmin etməyə kömək edəcək və minlərlə yanacaqdoldurma stansiyasını yanacaqla təmin edəcəkdir.
Cənub Qaz Dəhlizi layihəsi Azərbaycanın enerji diplomatiyasının ən uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirilən bu layihə ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaşa çevrilməsinə imkan yaradıb. Bununla yanaşı, Azərbaycan "yaşıl enerji" sahəsində də iddialı planlar quraraq bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində mühüm addımlar atır. Bərpaolunan və "yaşıl enerji" əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanğıcıdır.
Cənub Qaz Dəhlizi artıq 5 ildir ki, fəaliyyətdədir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. 
 Cənub Qaz Dəhlizi ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın və tərəfdaşlığın daha da təşviqi, bu yolla daha geniş regionda iqtisadi inkişafı, əlaqəni və enerji təhlükəsizliyini əhatə edən mexanizmdir. Layihənin həyata keçirilməsində iştirak edən hər bir ölkənin maraqlar balansı gözlənilir. Bu amil enerji təhlükəsizliyinin təmin edilməsi, həm də dövlətlərarası əlaqələrin genişləndirilməsində əsas şərtlərdən biridir.
 
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru
 

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.