
Azərbaycanla Türkiyə arasında uzun illərin sınağından çıxmış dostluq və qardaşlıq münasibətləri bir daha onu göstərir ki, iki ölkə arasındakı əlaqələr əbədidir və heç bir qüvvə bu dostluğun, qardaşlığın qarşısını ala bilməz. Bu gün Türkiyə və Azərbaycan xalqlarının bir yumruq kimi həmrəy olması, dar gündə, xoş gündə bir yerdə olması sarsılmaz birliyinin əyani təzahürüdür. Çünki Azərbaycan və Türkiyə münasibətləri maraqlara deyil, dəyərlərə əsaslanır.
Azərbaycan və Türkiyənin maraqlarının uyğun olması, ən önəmlisi isə hər iki dövlətin vətəndaşlarının böyük hissəsinin eyni etnik qrupa sahib olması, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bir mövqedən çıxış etməyə, bir-birilə sıx əlaqələr qurmağa bünövrə yaradır.
Buna görə də xalqımız dövlət müstəqilliyin bərpa etdikdən sonra siyasi, iqtisadi, hərbi sahədə ilk güclü dəstəyi qardaş ölkə verdi. Azərbaycanın dövlət müstəqilliyini ilk Türkiyənin tanıması, ölkəmizdə səfirliyini açan ilk ölkənin Türkiyə olması bunun ən bariz nümunəsidir.
Eyni zamanda, XX əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin formalaşmasında, Bakının dövlətimizin paytaxtı olmasında Türkiyənin əvəzsiz yardımları olub. Türklər urada yüzlərlə şəhid verib. Həmçinin Naxçıvanın Azərbaycanın ərazisi kimi qalmasında da Türkiyənin tutduğu mövqenin önəmi böyük olub. Azərbaycan da Türkiyənin çətin vaxtlarında öz imkanları daxilində köməyini əsirgəməyib. XX əsrin əvvəlində qardaş ölkənin bir hissəsi işğal ediləndə Azərbaycandan minlərlə insan torpaqların işğaldan azad edilməsi üçün aparılan döyüşlərdə iştirak edib, onlardan təxminən 3 min nəfəri şəhid olub. Bundan başqa döyüşlər zamanı Türkiyə çətin maliyyə vəziyyəti ilə üzləşdikdə Nəriman Nərimanovun qərarı ilə qardaş ölkəyə 500 kq qızıl, 100 min puddan çox neft göndərilib.
Ümumiyyətlə isə çətin anlarda iki qardaş ölkənin bir-birinə dəstək olması hər kəs tərəfindən qəbul olunan həqiqətdir. Türkiyədə baş vermiş zəlzələdən sonra dövlətimiz tərəfindən atılan addımlar da bu birlik və həmrəyliyin bariz nümunələrindəndir.
2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ ölkənin Cənub-Şərqində böyük fəlakətlərə yol açdı. Əsrin faciəsi adlandırılan bu zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı ölkəmizin Türkiyəyə göstərdiyi yardım qardaşlıq və dostluq münasibətlərinin ən gözəl nümunəsi kimi səciyyələndirilir.
Azərbaycan ilk gündən axtarış-xilasetmə məqsədilə Türkiyəyə xilasetmə mütəxəssisləri göndərdi. Həmin xilasedicilər Kahramanmaraşda və zəlzələdən ziyan görmüş, dağıntılara məruz qalmış ətraf ərazilərdə böyük şücaət, fədakarlıq göstərdilər. Onlar dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxardılar. Azərbaycanlı heyətdən 114 nəfər daha sonra Hatay şəhərində də xilasetmə işlərində aktiv iştirak etdi. Kahramanmaraşda yaradılan iki səhra xəstəxanasında 41 həkim və səhiyyə işçisi dayanmadan çalışdılar. Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar müxtəlif yerlərdə zəlzələdən zərər çəkənlərə dəstək oldular. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərildi. Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərcikləri yaratdılar.
Bu dəstəyin ən mühüm nümunələrindən biri Kahramanmaraş vilayətində inşa edilən "Azərbaycan" məhəlləsi oldu. Bu məhəllənin tikintisi Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilib və layihə təkcə yaşayış və ticarət obyektləri ilə məhdudlaşmır. Burada, həmçinin məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi, məscid və digər sosial obyektlər də tikilir. Burada inşa edilən məktəbə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı verilib.
İyunun 19-da Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimində Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. Qeyd etdi ki, 2023-cü il fevralın 6-da baş verən zəlzələ minlərlə insanın həyatına son qoydu. Bu faciə hamı kimi Azərbaycan xalqını da sarsıtdı. Qardaş xalqın dar günündə onun səsinə ilk səs verən Azərbaycan oldu. “İlk gündən qardaşlıq borcunu yerinə yetirmək üçün on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində humanitar yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq yardımını göstərməyə başlamışdır”, - deyə dövlətimizin başçısı qeyd edib.
Vurğulanıb ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Dövlətimizin başçısı öz çıxışında bildirib: “Bu gün Azərbaycan məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”.
Tam məsuliyyəti ilə deyə bilərik ki, "Azərbaycan" məhəlləsinin tikintisi ilə bağlı ölkə başçısının təşəbbüsü bir daha sübut edir ki, Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq real addımlarda da özünü göstərir. Şübhəsiz ki, bu kimi təşəbbüslər və layihələrin icrası ölkələrimiz arasında dostluğun, əməkdaşlığın gələcək nəsillərə ötürülməsində də olduqca müstəsna rol oynayır.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası