SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » XXI əsr türk dünyasının inkişaf əsri olacaq

XXI əsr türk dünyasının inkişaf əsri olacaq

Tarix:

22-05-2025, 13:14

/ 243 dəfə oxundu.
XXI əsr türk dünyasının inkişaf əsri olacaq

 
Əsrlərə söykənən tarixi, qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri, sərkərdələri ilə seçilən türk dünyası daim sözünü haqqa, ədalətə söykənərək demiş, dünya sivilizasiyasına saysız-hesabsız töhfələr vermişdir. İkili standartların beynəlxalq hüquqa üstün gəldiyi, gücün söz sahibi olduğu, qütbləşmənin insanlara problemlər yaşatdığı müasir dövrümüzdə də türk birliyinin zəruriliyi özünü göstərir.
2009-cu ilin oktyabrında Naxçıvanda təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük inkişaf yolu keçərək Türk Dövlətləri Təşkilatının simasında geniş coğrafiyanı əhatə etməsi, dünya siyasətində mövqeyini möhkəmləndirməsi «Türkün türkdən başqa dostu yoxdur!» müdrik kəlamının ən çətin sınaqlarda özünü doğrultmasının təsdiqidir. Keçən ilin iyul ayında Prezident İlham Əliyevin təşəbbüsü, təşkilata üzv dövlət başçılarının iştirakı ilə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə qeyd olundu ki, təşkilat artıq dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Avropa ölkəsi olan Macarıstandan başqa, Şimali Kipr Türk Respublikasının da Şuşada təşkil olunan Zəfər görüşündə təmsil olunması bunu deməyə tam əsas verir. 
Danılmaz həqiqətdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dəstəklənir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı durmadan artır. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən türk dünyasına üzv dövlətlərin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəallıq göstərməsi qardaşlıq münasibətlərinin ifadəsidir. Azərbaycanın təşkilatın daha da güclənməsi naminə gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir. Türk coğrafiyasını əhatə edən Orta Dəhliz layihəsinə Azərbaycanın verdiyi töhfələr bütünlükdə türk dünyasının birlik və həmrəylik nümunəsidir. 
Statistika da bu reallığı təsdiqləyir. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Ölkəmiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq vədinə sadiqdir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.  
May ayının 20-21-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının “Şərq və Qərbin görüş nöqtəsi” adlanan qeyri-rəsmi Zirvə toplantısı keçirilib. Qeyri-rəsmi zirvə görüşü dövlət başçılarına prioritet sahələrdə əməkdaşlığı inkişaf etdirmək, regional və qlobal miqyasda ümumi məsələləri həll etmək üçün mühüm imkan yaradacaq. Bundan başqa, tədbirdə təşkilatın ümumi strategiyasını və dünyaya baxışını ifadə edən Budapeşt bəyannaməsi qəbul edilib. 
Toplantıda bildirilib ki, Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur.
Ölkəmizin Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığı güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.
Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev deyib ki, Biz Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlətimizin başçısı əlavə edib.
Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Bununla da, Azərbaycan Türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. 
Bu gün Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin, 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
 
Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı
 

Şərhlər

XƏBƏR LENTİ