
“Bir neçə gün bundan öncə, Novruz bayramı ərəfəsində Ölkə Prezidenti cənab İlham Əliyev Ağdərə rayonunun Həsənriz kəndinin sakinləri ilə görüşmüş və onlara yeni evlərinin açarlarını təqdim etmişdi. Artıq xalqımızın və dünya müsəlmanlarının müqəddəs bayramı olan Ramazan bayramı ərəfəsində isəcənab Prezident bu ənənəni Ağdam rayonunda davam etdirir. Belə ki, mart ayının 27-də Ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonunun Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Açılış mərasimində etdiyi çıxışında dövlət başçısı vurğuladı ki, bayram ərəfəsində azad olunmuş və yenidən qurulmuş bir kəndi istifadəyə vermək, keçmiş köçkünlərin sərəncamına vermək xüsusi hadisədir. Məlumdur ki, 1993-cü ildə ermənilər tərəfindən işğal edildikdən sonra Sarıcalı kəndi viran qoyularaq xarabalığa çevrilmişdi, burada evlərlə yanaşı, məktəb, uşaq bağçası, səhiyyə, ticarət, iaşə obyektləri də vəhşicəsinə məhv edilmişdi. Vətən müharibəsində Ordumuzun şanlı Qələbəsindən sonra üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarıldı. Məhz o zaman Sarıcalı kəndi də işğaldan azad edildi. İşğal dövründə tamamilə yerlə-yeksan edilmiş bu kəndin təməlini 2022-ci il oktyabrın 4-də cənab Prezident İlham Əliyev şəxsən özü qoymuşdur. Yeni layihəyə əsasən burada əhalinin normal yaşayışının və məşğulluğunun təmin edilməsi üçün hər cür şərait yaradılıb, təhsil, iqtisadi, sosial və məişət təyinatlı müxtəlif müəssisələr, klub-icma və mədəniyyət mərkəzləri tikilib. Geniş ictimaiyyətə təqdim olunan məlumatlarda da bildirildiyi kimi, Sarıcalıda sosial məsələlər artıq öz həllini tapıb, kənddaxili yollar, elektrik, rabitə, su xətləri çəkilib, qaz təchizatı təmin olunub.” Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi səsləndirib.
Daha sonra müsahibimiz Böyük qayıdışa dair dövlət proqramının icra mərhələləri barədə cənab Prezident İlham Əliyevin təqdim etdiyi açıqlamaların önəmini vurğulayaraq bunları deyib: “Hələ işğal dövründə, keçmiş köçkün soydaşlarımızla keçirdiyi çoxsaylı görüşlər zamanı cənab Prezident İlham Əliyev hər dəfə deyirdi ki, torpaqlarımız azad olunacaq və orada insanlarımızın xoşbəxt yaşamaları üçün gözəl şərait yaradılacaq. Bu gün həmin sözlərin təsdiqi bir daha öz yerini tapır. Sarıcalı kəndinin açılışında etdiyi çıxışında möhtərəm dövlət başçımız bildirdi ki, bu kənd artıq 13-cü yaşayış məntəqəsidir ki, ora keçmiş köçkünlər qayıdırlar. Bu il həmçinin digər kəndlərə, o cümlədən Kəngərli, Xıdırlı kəndlərinə qayıdış nəzərdə tutulub. Paralel olaraq Ağdam şəhəri tamamilə yenidən qurulur və ölkəmizin ən gözəl şəhərlərindən birinə çevriləcək. Artıq növbəti illərdən Ağdama dəmir yolu ilə rahat gəlmək mümkün olacaq və bu məqsədlə müasir Vağzal kompleksi də inşa edilir. Diqqətəlayiq haldır ki, bu şəhərdə birinci bərpa olunan bina məhz Ağdam məscidi olmuşdur. Hazırda şəhərdə Muğam Mərkəzi inşa edilir. “İmarət” Kompleksi bərpa olunub. Natəvanın düşmən tərəfindən dağıdılmış abidəsinin eynisi yenidən tikildi. Xaçınçay su anbarı yenidən quruldu. Məktəb binası inşa edilir, xəstəxana tikilir, böyük sənaye kompleksi fəaliyyət göstərir. Ən əsası da budur ki, bütün bunlar Azərbaycanın öz gücünə həll etdiyi məsələlərdir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.