Şahanə Rzayeva: “Səhnə mənim həyatımdır”
İstedadlı ifaçı və aktrisa Şahanə Rzayeva uşaqlıqdan sənət dünyasında yer alıb. O, həm musiqi, həm də aktyorluq sahəsində öz bacarığını sübut edib. Hazırda “Səs Azərbaycan” müsabiqəsində iştirak edən Şahanə peşəkar səhnədə öz yolunu inamla davam etdirir. Onunla musiqi, aktyorluq və gələcək planları barədə söhbət etdik.
– Şahanə, musiqi və səhnəyə marağınız necə başladı?
– Musiqiyə olan sevgim uşaqlıqdan başlayıb. Artıq 2 yaşımda televiziyada görünməyə başlamışam. O vaxtdan bəri səhnə mənim ayrılmaz hissəmə çevrildi. Uşaqlıq illərim “Canbala” və “Noğullar” qruplarında keçib. Bu qruplarda çıxış etmək mənim üçün həm böyük bir məktəb oldu, həm də səhnəyə alışmağıma kömək etdi. Həmin illərdə tamaşaçılar qarşısında çıxış edərkən özümü çox xoşbəxt hiss edirdim. Musiqinin mənim üçün bir hobbidən daha çox, həyat tərzi olduğunu dərk edirdim.
– Siz həm də aktyorluqla məşğulsunuz. Necə oldu ki, bu sahəyə yönəldiniz?
– Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aktyorluq fakültəsində təhsil almışam. Həmişə səhnəyə, teatr və kinoya böyük marağım olub. Hələ uşaqlıq illərimdən filmlərdə və seriallarda çəkilmək arzusu ilə yaşamışam. Sonradan bir çox film və seriallarda rol aldım. Məni tamaşaçılar “Əqrəb Mövsümü” və “Qaranlıqlar çiçəyi” kimi ekran işlərindən tanıya bilərlər. Aktyorluq mənim üçün fərqli xarakterləri canlandırmaq, müxtəlif emosiyaları tamaşaçılara ötürmək imkanıdır. Bu, mənim üçün sadəcə bir peşə deyil, eyni zamanda özümü ifadə etməyin bir yoludur.
– Hal-hazırda musiqi karyeranızda nə kimi yeniliklər var?
– Hazırda peşəkar səhnədə fəaliyyət göstərirəm. Artıq iki ildir ki, tanınmış vokal müəllimi Mzia Qabaşidzedən fərdi vokal dərsləri alıram. Bu dərslər mənim üçün çox önəmlidir, çünki səsimin texniki imkanlarını inkişaf etdirmək və daha peşəkar ifaçı olmaq istəyirəm. Musiqidə daim yeniliklərə açıq olmalı və öz üzərində işləməlisən.
– “Səs Azərbaycan”da iştirak edirsiniz. Yarış sizin üçün necə keçir?
– Bəli, bu il “Səs Azərbaycan” müsabiqəsində iştirak edirəm və Zülfiyyə Xanbabayevanın komandasında yer almışam. Bu yarış mənim üçün çox böyük bir təcrübədir. Peşəkar səhnədə daha çox şey öyrənirəm, özümə güvənim artır və tamaşaçılar qarşısında çıxış etmək bacarığım daha da təkmilləşir. Yarışda iştirak etmək həm də yeni insanlarla tanış olmaq və musiqi dünyasında öz yerini tapmaq üçün əla fürsətdir. Hər ifamda hisslərimi tamaşaçılara ötürməyə və onlara unudulmaz anlar yaşatmağa çalışıram.
– Sizi daha çox kimlər ruhlandırır? İdollarınız kimlərdir?
– Uşaqlıqdan bəri həm Azərbaycan, həm də dünya musiqisində böyük sənətkarlardan ilham almışam. Zülfiyyə Xanbabayeva, Brilliant Dadaşova kimi sənətkarlar hər zaman mənim üçün böyük nümunə olub. Dünya miqyasında isə Whitney Houston, Celine Dion kimi güclü vokalistlərin ifalarını dinləməyi çox sevirəm. Onların səhnədə sərgilədiyi peşəkarlıq, səs texnikası və duyğuları çatdırmaq bacarığı məni valeh edir.
– Aktyorluq yoxsa musiqi – hansına daha çox üstünlük verirsiniz?
– Əslində, bu iki sahə mənim üçün bir-birini tamamlayır. Hər ikisində özümü tapıram. Musiqidə hisslərimi melodiyalarla, səslə ifadə edirəm, aktyorluqda isə obrazlar vasitəsilə. Amma hazırda diqqətimi daha çox musiqiyə yönəltmişəm. Çünki səhnədə canlı ifalar etmək, tamaşaçılarla birbaşa ünsiyyətdə olmaq mənə xüsusi zövq verir. Lakin gələcəkdə kino və seriallarda yenidən rol almağı düşünürəm.
– Gələcək planlarınız nələrdir?
– Musiqi sahəsində daha çox inkişaf etməyi planlaşdırıram. Yeni mahnılar üzərində işləyirəm və gələcəkdə öz repertuarımı daha da genişləndirmək istəyirəm. Eyni zamanda, beynəlxalq səviyyədə Azərbaycan musiqisini təmsil etməyi və böyük səhnələrdə çıxış etməyi arzulayıram. Bunun üçün daim üzərimdə işləyirəm. Həmçinin, aktyorluq sahəsində də yeni layihələrdə iştirak etmək fikrim var.
– Tamaşaçılarınıza və pərəstişkarlarınıza nə demək istərdiniz?
– Mənə dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm. Sizin sevginiz və dəstəyiniz mənim üçün çox önəmlidir. Hər zaman yeni və maraqlı layihələrlə qarşınızda olmağa çalışacağam. İnşallah, “Səs Azərbaycan”da da gözəl nəticə göstərəcəm. Bütün arzularınıza çatmağınızı diləyirəm!
– Uğurlar arzulayırıq, Şahanə!
– Çox sağ olun!



Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...