
Azərbaycanın Balkan yarımadası dövlətləri ilə əməkdaşlıq əlaqələrinin genişlənməsi bu gün xarici siyasətin prioritet istiqamətlərindən biridir. Qərbi Avropa dövlətləri ilə sərhəddə yerləşən Balkan ölkələri Şərqlə ticarət, nəqliyyat və tranzit əlaqələrin qurulmasında mühüm rol oynayır.
Son illərdə Avropada siyasi gərginliyin artması Avropanın enerji təhlükəsizliyinə ciddi problemlər yaradıb, Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir.
Hazırda Avropanın 4 ölkəsində - Macarıstan, Slovakiya, Çexiya, Avstriyada ciddi enerji problemi gözlənilir. Təsadüfi deyil ki, bu dövlətlərin başçıları Azərbaycan ilə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını ifadə edirlər. Azərbaycan neft və təbii qaz ilə zəngin ölkə olduğu üçün Qərb dövlətlərinin bazarlarına çıxmaq niyyətindədir.
Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb.
Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi.
Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir. Ölkələr arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı razılaşma da iqtisadi münasibətlərin möhkəmlənməsinə xidmət edir. 2021-ci ildən bəri iki ölkə arasında ticarət həcmi əhəmiyyətli dərəcədə yüksəlib və bu, qarşılıqlı marağın göstəricisidir.
Azərbaycan və Şimali Makedoniya arasında yalnız iqtisadi deyil, həm də mədəni və humanitar əlaqələr inkişaf edir.
Əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın martın 11-də baş tutan Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək. İki dövlət başçısının görüşlərindən sonra mətbuata verilən bəyanatlarda qeyd edilib ki, siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir. Ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. İki dövlər başçısının qısa müddət ərzində artıq ikinci görüşü bunun əyani sübutudur.
Dövlətimizin başçısı qeyd edib: “Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır”.
Prezident İlham Əliyev öz bəyanatında bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. Azərbaycandan qaz alan 12 ölkədən 10-nun Avropa ölkəsi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur”. Prezident İlham Əliyev bildirib ki, Avropa Azərbaycan qazına ehtiyac duyur. Təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür.
Bütün bunları nəzərə alaraq əminliklə söyləyə bilərik ki, Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri yaxın zamanlarda Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin daha da inkişaf edəcəyini şərtləndirəcək.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası