SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Jurnalistlər avtomobili neçəylə sürür? - “Qıza görə gölməçəyə düşdüm”

Jurnalistlər avtomobili neçəylə sürür? - “Qıza görə gölməçəyə düşdüm”

Tarix:

7-08-2017, 16:52

/ 57 817 dəfə oxundu.
Jurnalistlər avtomobili neçəylə sürür? - “Qıza görə gölməçəyə düşdüm”

Xəbər verdiyimiz kimi, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev avqustun 3-də Heydər Əliyev prospektində törətdiyi ağır yol nəqliyyat hadisəsinə görə həbs edilib. Məhkəmənin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hadisə şahidlərinin sözlərinə görə, qəzadan əvvəl N. Allahverdiyev 10 PP 203 dövlət nömrə nişanlı "Mercedes-Gelandawagen” markalı avtomobillə 200-250 km/saat sürətlə hərəkət edirmiş. O, 99 FS 777 dövlət nömrə nişanlı "Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovla ötüşürmüş.

Sözügedən qəza ətrafında həm cəmiyyətdə, həm mətbuatda, həm də sosial mediada müzakirələr aparıldığından, BakuPost.az-ın əməkdaşı kiçik bir sorğu keçirib. Əməkdaşımız jurnalistlərin avtomobili hansı sürətlə sürdüklərini, qəza keçirib-keçirməmələrini öyrənib.

Azadinform.az saytının baş redaktoru Niyaz Niftiyev suala cavabında bildirib ki, heç bir sürücü qəzadan siğortalanmayıb:

"Yol hərəkatı iştirakçılarının heç də hamısı peşəkar deyil. Bu nöqteyi nəzərdən qəza qaçılmazdır. Amma qəzaya şərait yaradan səbəblər var ki, onlardan da ən başlıcası yüksək sürətdir. Mən heç zaman yüksək sürətlə avtomobil idarə etmirəm. Yollarda müəyyən edilən sürət həddini keçməməyə çalışıram. Təbii ki, uzaq yola çıxanda mənzil başına tez çatmaq üçün istisnalar olur, amma o da saatda 250 km olmur”

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev sürət vurğunu olmadığını qeyd edib:

"Mən sürət vurğunu deyiləm. Həmişə yollarda qoyulan sürət həddinə əməl edirəm. Maksimum 120 km/saat sürətlə idarə etmişəm. Avtomobilimdə sürət 120-ni keçən kimi xəbərdarlıq siqnalı işə düşür. Ona görə də ani olaraq 140 km/saata qalxsam da, dərhal sürət tənzimləməsinə gedirəm. Dostlara da həmişə deyirəm ki, özümüz qaydalara əməl etməsək, kimlərdənsə qayda-qanun gözləməyə haqqımız yoxdur. 10 illik sürücülük təcrübəm var. İndiyədək heç vaxt qəza törətməmişəm”.

ARB Kəpəz TV-nin xəbərlər departamentinin baş redaktoru Şahin Əliyev isə vurğulayıb ki, avtomobilini qaydaları pozmadan idarə etməyə çalışır:

"Maksimum bir dəfə - maşını yoxlamaq üçün magistralda yol boş olanda 180 km/saat sürmüşəm. Çox qısa müddətə - 1 dəqiqəliyə. Amma əsasən qaydaları pozmamışam. Magistralda maksimum 120, şəhərdə isə 60 km/saat sürətlə sürürəm. Qəzaya düşmüşəm, amma mənim səhvim olmadan - bir nəfər içkili halda qarşı yoldan yüksək sürətlə mənim hərəkət etdiyim yola keçib və toqquşma olub”.

Qaynarinfo.az saytının baş redaktoru Zahir Əzəmətin cavabı xeyli maraqlıdır. Sayt rəhbəri heç vaxt avtomobili olmadığını deyib:

"Mənim heç vaxt avtomobilim olmayıb. Yalnız orta məktəb illərində bir dəfə velosipedlə qəza keçirmişəm. Belə ki, orta məktəbdən bir qıza özümü göstərmək üçün velosipedə mindim, bir neçə addım sonra çirkab dolu göməçəyə yıxıldım. Odur-budur daha velospid də sürmürəm”.

Jurnalist, Radio Antenn 101FM-də aparıcı Əzizə İsmayılova yüksək sürətin çox cəlbedici və təhlükəli olduğunu deyib:

Aziza Ismailova adlı şəxsin şəkli.
"Sualı verdiyiniz hadisənin fonunda cavabım qeyri-səmimi görünə bilər. Amma publikaya oynamaq kimi bir bacarıq sahibi olmadığım üçün əminəm ki, oxucular səmimiyyətimi hiss edəcək.

3 ilə yaxındır ki, sükan arxasındayam. Nəzərə alsaq ki, əksər yollarımızda sürət həddi maksimum saatda 90 km-dir, demək ki, maksimum saatda 100 km-lə getmək olar. Mənim keçdiyim marşrut üzrə saatda 110 km-lik yol Bakı-Sumqayıt yoludur, saatda 120 km-lik zolaq olan yol isə el dilində desək "Aeroport yolu". Daim hərəkət etdiyim sürət hansı yolda olmağımdan asılı olmayaraq saatda 90-100 arası olub. Cəmi 2 dəfə 120 sürətlə getmişəm, sürətin nə olduğunu hiss etmək üçün. Hiss etmişəm ki, bu "zövq" çox cəlbedici və təhlükəlidir. 2 dəfə sınaq etmişəm, hər ikisində eyni hissi keçirmişəm - zövq verir və çəkir.

Bu hissi yaşadıqdan sonra o "zövqə" alışmağı özümə qadağan etmişəm. Yalnız və yalnız ötmə əməliyyatları zamanı lazım gəldiyi halda sürəti artırıb, əməliyyat bitən kimi sürətimə geri dönürəm. Tanıyan hər kəs bilir ki, yolda maksimum ehtiyatlı olmağa, yol nişanlarının tələblərinə və qaydalara tabe olan insanam. Bunu mənə aşılayan isə ilk növbədə ilk təlimçim olub-qəza əleyhinə kursların müəllimi Aqil Rəhimov, sonra isə HED Akademiyadakı treninqlər.

2-ci sualınıza gəlincə, bəli, qəza törətmişəm - 2 dəfə. 1-ci dəfə maşını alanın səhəri günü yanımda əyləşən insan fikrimi yayındırıb, əyləc əvəzi qazı basıb divara vurmuşam, 2-ci dəfə maşın təmirdən gələndən sonra qəza stressinə yenilib qonşunun maşınına yüngülcə sürtmüşəm, təxminən 50 manatlıq bir zərər”.

Mövzuya ən yaxın sayt olan Avtosfer.az-ın baş redaktoru Elməddin Muradlının fikrincə, maşını yüksək sürətlə idarə edə bilmək peşəkarlıqdır:

"Yollarda hər zaman qayda-qanunun tərəfdarı olmuşam. Bir dəfə avtomobilin şamlarını yoxlamaq üçün sürətlə sürmək lazım idi. 2008-ci il idi. Yeni-yeni avtomobil idarə edirdim. Onda sürəti saatda 140-a kimi qaldırmışam. O zaman çox həyəcan keçirmişəm. Buna görə maşını sürətlə sürə bilənlərə qibtə edirəm. Elə yüksək sürətlə maşın idarə edə bilmək peşəkarlıqdır. Amma hər yerdə də yüksək sürətlə hərəkət etmək olmaz.

2 dəfə qəzaya düşmüşəm. Biri xanım sürücünün iştirakı ilə Ədliyyə Nazirliyinin qarşısında olub. Xanımın özü də maşınımı düzəltdirib.

Formula 1 yarışları vaxtı isə mən maşınımı saxlamışdım. Turistləri daşıyan avtobus gəlib maşınıma sürtmüşdü.

Milli Mətbuat Günü də yüngül qəzaya düşmüşəm. Maşınımı yerindən tərpədən kimi boruya dəydim. İşıqlardan biri sındı. Qaranlıq idi, görmədim”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov avtomobilinin sürətini 190 km/saata kimi qaldırdığını etiraf edib:

"Batumidən Tbilisiyə qayıdanda təyyarəyə gecikdiyim üçün saatda 180-190 km sürmüşəm. Hətta yolda polis saxlamışdı, bileti göstərdiyim üçün ehtiyatlı olmağımı tövsiyə edib, yola saldı.

Ümumiyyətlə sükan arxasında yol hərəkəti qaydalarına riayət edən sürücüyəm. Son üç il ərzində sürət həddini aşmama görə cəmi 10 manat cərimə ödəmişəm”.

Azxeber.com saytının rəhbəri Hacıbəy Heydərli düşünür ki, ağlı başında olan heç bir sürücü sürəti 250 km/saata qaldırmaz:

"İlk olaraq onu qeyd etmək mütləqdir ki, qəzadan heç kim siğortalanmayıb və bu, hər bir vətəndaşın başına gələ bilər. Baş nazirin müavini Əli Həsənovun nəvəsinin törətdiyi qəzada ölənlərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Suala gəlincə isə düşünürəm ki, ümumiyyətlə normal, ağlı başında olan sürücü heç vaxt saatda 250 km ilə maşın idarə etməz, çünki bu, ilk növbədə öz sağlamlığına daha sonra isə ətrafdakılara fələkət gətirə bilər. Mən ümumiyyətlə avtomobili sürətlə idarə edən deyiləm, çünki Bakı yolları elədir ki, nə qədər sürətli sürsən də, son nöqtəyə eyni vaxtda çatırsan. Maksimum sürətə gəlincə isə, aeroport yolunda sürmüşəm, onun da səbəbi həmin yoldakı sürət həddidir”.

Şərhlər

XƏBƏR LENTİ