Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə münasibətlərə xüsusi önəm verir. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir. Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Azərbaycan və Mərkəzi Asiyada yerləşən ölkələrin rəhbərlərinin bir-birinə qarşılıqlı səfərlərinin artması əlaqələrin nə dərəcədə əhəmiyətə malok olmasını göstərir. Belə ki, Prezident İlham Əliyevin son iki il ərzində Mərkəzi Asiya ölkələrinə 16 rəsmi səfəri olub. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın dövlət başçılarınən Azərbaycana ümumilikdə 15 rəsmi səfəri baş tutub.
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak etmək üçün Qazaxıstana səfərə gəlib. Avqustun 9-da isə Prezident İlham Əliyev Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə iştirak edərək bu mötəbər toplantıda çıxış edib.
Çıxışında Mərkəzi Asiyada yerləşən dövlətlərlə münasibətlərin və əməkdaşlığın daha da möhkəmlənməsini xüsusi qeyd edən Prezident İlham Əliyev həm də gələcək əməkdaşlıq planlarına toxunub.
2020-ci ildə Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad edən Azərbaycan bununla Türk dünyası ölkələri arasında coğrafi bağlantını da təmin etmək üçün gözəl imkan yaradıb. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı bəndin yer alması və bu müddəanın yerinə yetirilməsi Türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində və daha münasib qiymətə daşınmasına böyük töhfə verəcək.
Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Şərqlə Qərb arasında mühüm qovşağa çevrilib. Ölkəmizin inkişaf etdirdiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Ələt Dəniz Ticarət Limanının inşası və imkanlarının artırılması, gəmiqayırma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticarət donanmasına malik olması Avropa ilə Asiya arasında daşımalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Azərbaycanın artan tranzit imkanları, həmçinin Mərkəzi Asiya ölkələrinin, həmin coğrafiyada yerləşən türk dövlətlərinin inkişafına da müsbət təsirini göstərəcək.
Mərkəzi Asiya dövlətləri də yaxın, dost, qardaş ölkə olan Azərbaycanla əlaqələrə böyük önəm verirlər. Təsadüfi deyil ki, Vətən müharibəsində və ondan sonrakı dövrdə bu regionun ölkələri Azərbaycanın haqq işinə dəstək veriblər. Region ölkələri işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işlərinə töhfələrini davam etdirirlər. Bu baxımdan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb xüsusi vurğulanmalıdır.
Dövlət başçılarının Astanadakı görüşündə Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbə, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə və Ağdam rayonunda təməli qoyulan orta məktəbə görə Özbəkistan, Qazaxıstan və Qırğızıstan prezidentlərinə təşəkkürünü bildirib.
Görüşdəki çıxışında ölkə başçısı qarşılıqlı fəaliyyətimizin mühüm istiqamətlərindən birinin nəqliyyat-tranzit sahəsində əməkdaşlıq olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, “Bakı-Tbilisi-Qars dəmir yolunun yükaşırma qabiliyyətinin 1 milyon tondan 5 milyon tonadək artırılması, Ələt Beynəlxalq Ticarət Limanının illik ötürücülük qabiliyyətinin 15 milyon tondan 25 milyon tonadək artırılması istiqamətində görülmüş işlər, Xəzər dənizində Azərbaycanın ticarət donanması üçün yeni gəmilərin sifariş edilməsi, eləcə də Mərkəzi Asiya ölkələrində infrastruktur layihələrinin həyata keçirilməsi Orta Dəhlizin praktiki cəhətdən önəmini daha da artırır”.
“Qazaxıstan, Qırğızıstan və Özbəkistan ilə fəal şəkildə investisiya layihələri həyata keçirilir. Artıq Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan və Azərbaycan-Özbəkistan birgə investisiya fondları yaradılıb. Həyata keçirilən “Rəqəmsal İpək Yolu” layihəsi rəqəmsal infrastrukturun inkişafına və rəqəmsal təhlükəsizliyə töhfə verəcəkdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Vurğulanıb ki, Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. 2024-cü ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addımdır.
Qeyd edilib ki, dünyada artan təhdid və çağırışlar ölkələrimiz arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın daha da gücləndirilməsini tələb edir. Bu xüsusda, ötən ay Qazaxıstanda keçirilmiş və Azərbaycanın da iştirak etdiyi “Birləşdik-2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini xüsusi vurğulayan dövlətimizin başçısı bildirib: “Həmçinin Azərbaycanın hərbi təhsil müəssisələrində Mərkəzi Asiya ölkələrindən olan müdavimlərin təhsil almaları bu sahədə münasibətlərin inkişafının göstəricisidir”.
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor