SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » 28 May – Müstəqillik Günü

28 May – Müstəqillik Günü

Tarix:

27-05-2024, 18:36

/ 422 dəfə oxundu.
28 May – Müstəqillik  Günü

28 may 1918-ci il Milli Azərbaycan Hərəkatının ən böyük günüdür. Bu şanlı tarixə gələn uzun yolda  Azərbaycanın  vətənpərvər,  milli şüurlu  ziyalıları xalqımızda  milli oyanış, milli dirçəliş fikirlərini yaratmağa çalışmış və xeyli işlər görmüşlər. Ü.Hacıbəyov, C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, F.Köçərli, N.Nərimanov, M.S.Ordubadi  və bir çox ziyalılar Azərbaycan xalqında  azadlıq, milli ruh əhval-ruhiyyəsinin  inkişaf etməsində  xidmətlər göstərmişlər. 28 may 1918-ci  ildə  keçmiş  Qafqaz  canişininin  iqamətgahında böyük ruh yüksəkliyi ilə ayaq üstə və  sevincdən  göz  yaşları  içərisində  Azərbaycanın İstiqlal Bəyannaməsini  qəbul edən  o böyük  vətənpərvərləri bu gün  hər bir azərbaycanlı fəxrlə yad edir. Böyük öndərimiz Heydər Əliyev bugünkü müstəqilliyimizi 1918-ci ildə yaradılmış Azərbaycan Cümhuriyyətinin varisi hesab edirdi. Şərqdə ilk demokratik dövlət quruluşu olan AXC-nin xalqımız qarşısında ən böyük xidməti ondadır ki, o özünün qısamüddətli-cəmi 23 aylıq fəaliyyəti dövründə istiqlaliyyət elan etmiş, milli-mənlik şüurunu xalqımızın özünə qaytarmış onun öz müqəddaratını təyin etməyə qadir olduğunu əyani şəkildə sübuta yetirmişdir. Bu dövlətin qısa müddətdə keçirdiyi tədbirlər xalqımızın tarixində böyük iz buraxmışdır. Milliyətindən, siyasi və dini mənsubiyyətindən, cinsindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqlar verilməsi, dövlət sərhədlərinin  müəyyən olunması, Azərbaycan dövlətçiliyi atributlarının qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratmışdır. AXC o dövrdə mürəkkəb, ağır vəziyyətdə milli mədəniyyətin, təhsilin, ədəbiyyatın və incəsənətin inkişafına xüsusi önəm vermiş, bu ümdə məsələlərə xüsusi qayğı ilə yanaşmışdır. Azərbaycan milli höküməti yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdir.  

1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə xüsusi önəm verib və məhz 1918-ci il mayın 28-də - Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilib. Eyni zamanda, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunub. Belə ki, 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilib. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Milli hökumətin qarşısında dayanan əsas vəzifələrdən biri Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Buna görə də ilk növbədə, Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin qurulması barədə rəsmi məlumat göndərildi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.

2018-ci ilin  möhtərəm  Prezidentimiz  İlham  Əliyev  tərəfindən  Cümhuriyyət  ili  elan olunması, AXC-nin  100  illik  yubileyinin  il  boyu,  hər  yerdə  qeyd olunması  o  şanlı, şərəfli tariximizə böyük hörmət və sədaqətin ifadəsidir. İstiqlal tariximiz qürur  mənbəyimizdir.

Almaz Hüseynova
Aşağı Güzdək qəsəbə 2 nömrəli tam orta məktəbin direktoru

Şərhlər

XƏBƏR LENTİ