SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri çox müsbət qiymətləndirilir

Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri çox müsbət qiymətləndirilir

Tarix:

23-04-2024, 16:38

/ 419 dəfə oxundu.
Prezident İlham Əliyevin Rusiyaya səfərinin nəticələri çox müsbət qiymətləndirilir

 
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 22-də Rusiyada işgüzar səfərdə olub. Əvvəlcə iki dövlət başçılarının təkbətək görüşü keçirilib. Görüş zamanı ölkələrimiz arasında iqtisadi-siyasi sahələrdəki əməkdaşlıq əlaqələrinin müzakirəsi ilə yanaşı həm də bu il 50 illik ybileyi qeyd edilən Baykal-Amur Magistralının tikintisi və bu zaman Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətləri yad olunub.
Azərbaycan tərəfi bu səfərin nəticələrini çox müsbət qiymətləndirir. Qeyd edim ki, səfər Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin ruhunda keçdi. Səfər çərçivəsində dövlət başçıları ikitərəfli gündəliyə aid olan məsələləri geniş müzakirə etdilər. Bura Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi-ticarət əlaqələri, qarşılıqlı sərmayələrin qoyuluşu, humanitar və digər məsələlər aiddir. Ticarət dövriyyəsinin artması müsbət məqam kimi xüsusi vurğulandı. Demək olar ki, Azərbaycan-Rusiya əlaqələrinin hər bir istiqaməti üzrə müsbət dinamika olduğu məmnuniyyətlə qeyd edilib.
Görüş zamanı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi müzakirə edildi və bu layihənin icrası istiqamətində lazımi addımların atılması üçün dövlət başçıları tərəfindən aidiyyəti hökumət nümayəndələrinə tapşırıqlar verildi. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanla Rusiyanı birləşdirən dəmiryolu xətti var, ancaq gözlənilən 15 milyon ton yük həcminin daşınması üçün mövcud infrastruktur müvafiq qaydada genişləndirilməlidir.
Həmçinin, hər iki ölkənin lideri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı danışıqlar da müzakirə edildi. Prezident İlham Əliyev Rusiyanın bu sahədə rolunun və səylərinin yüksək qiymətləndirildiyini bildirdi.
Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü xüsusi əhəmiyyət daşıyan tədbir oldu. Səmimi şəraitdə keçirilən görüşdə SSRİ rəhbərliyində çalışarkən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu nəhəng layihənin həyata keçirilməsində rolu və verdiyi mühüm töhfələr xüsusi qeyd edildi. Bildirildi ki, hazırda Rusiya və qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət kəsb edən BAM-ın tikintisi prosesində qarşıya çıxan texnoloji və təbii çətinliklərin aradan qaldırılmasında Heydər Əliyevin səyləri və qətiyyətli iradəsi mühüm rol oynayıb. Ulu Öndərlə birlikdə çalışmış veteranlar onunla bağlı öz xoş xatirələrini bölüşdülər. Azərbaycan dövlətinin başçısı bildirib: “Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun bir yolun başlanğıcı oldu”.
Ümumiyyətlə, Prezident İlham Əliyevin Rusiyaya səfəri ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin inkişafına növbəti müsbət töhfə oldu.
 
 
Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor
 

Şərhlər

XƏBƏR LENTİ