SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Zərifə xanım Əliyeva - Milli oftalmologiyamızın banilərindən biri

Zərifə xanım Əliyeva - Milli oftalmologiyamızın banilərindən biri

Tarix:

15-04-2024, 13:30

/ 265 dəfə oxundu.
Zərifə xanım Əliyeva - Milli oftalmologiyamızın banilərindən biri



Xalqımızın ən xarakterik xüsusiyyətlərindən başlıcaı ailə fərdlərinin  bir-birilərinə, ailə dəyərlərinə olan bağlılığı və sevgisidir. Azərbaycan xalqı həmişə içində milli ruhu qoruyub saxlaya bilmişdir. Öz dilini, dinini, milli-mənəvi keyfiyyətlərini, özündən böyüklərə hörməti və özündən kiçiklərə qayğını, sevgini ifadə edərək göstərmək xalqımızın ən ümdə xüsusiyyətlərindəndir. Azərbaycan xalqı tarixin ən çətin  mərhələlərindən öz ləyaqətli oğul və qızlarının hesabına alnıaçıq, başı dik çıxa bilmişdi.

Siyasətlə məşğul olmaq arzusunda olan hər bir kəs, xüsusi ilə də bizim regionumuzda mütləq Ulu Öndər Heydər Əliyevin siyasi irsini öyrənməli və özünə onun fəaliyyətini nümunə götürməlidir. Ulu Öndər öz həyatı ilə sübut etmişdir ki, ən zirvəyə qalxmaq üçün heç də xüsusi imtiyazlara malik olmaq lazım deyildir. Heydər Əliyevin bütün imtiyazları məhz ona Allah tərəfindən bəxş edilmişdir. Onun işığı, nuru bəs edir ki, ətrafında olan ləyaqətli insanlar ona dost olsun. Onun həyat yoldaşı, ömür-gün sirdaşı mərhum Zərifə xanım Əliyevaya da Ulu Öndərin fövqəlbəşər nuru, ətrafına bəxş etdiyi gözəl aura bəs etmişdi ki, bütün mənalı ömrünü Heydər Əliyevə həsr etsin. Çətin və şərəfli bir missiyanı uzun illər ləyaqətlə sevə-sevə icra edən Zərifə xanım böyük tarixi öhdəlikləri misilsiz məharətlə yerinə yetirə bilmişdir.

Akademik Zərifə xanım Əliyeva milli oftalmologiyamızın banilərindən biri, deyərdim birincisi hesab olunur. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri vəzifələrində çalışmış Zərifə xanım Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasında az intensivli zəhərli istehsal sahələrində görmə orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi üzrə bir sıra qiymətli tədqiqatlar aparmışdır. Onlarla həkim, ixtisaslı kadr yetişdirən Zərifə xanım öz tələbələri tərəfindən böyük sevgi və sayqı ilə anılmaqdadır. Zərifə xanımın həyatını mənalandıran nə varsa – onun elmi, ailəsi, xeyirxahlığı, səmimiyyəti, insanlara doğma münasibəti – hamısı bu nəcib qadının ruhundan, nurundan şölələnib. Zərifə xanımın insanlara həsr etdiyi hər mənalı günü xoş əməl naminə sərf olunub.

Zərifə xanım Əliyeva xalq üçün, vətən üçün əlindən gələni əsirgəməyərək öz mənalı ömrünü Ulu Öndərə və övladlarına həsr etmişdir. Ailəsində qoyduğu iz, yüksək mənəvi dəyərlər, övladlarının milli ruhda tərbiyəsi nəticədə onu qəlblərdə yanan əbədiyyət çırağına çevirdi. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Vətənin qüruru sayılan iki övlad böyütmüş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda böyük insanın işıqlı obrazı canlanır. 

Müdriklər demişkən, xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür. Belə insanların ömrü çətin, mənalı və şərəfli, el içində başı daim uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etməmiş olarıq. Mərhum Zərifə xanımın nəcib bədəni 39 ildir ki, çox sevdiyi vətən torpağına əmanətdir. Lakin onu tanıyanların qəlbində hər zaman böyük sevgi və məhəbbətlə anılan Zərifə xanım daim yaşayacaqdır.

Ot kökü üstə bitər, deyib atalarımız. Bu gün Zərifə xanımın ocağında hələ də onun nəcib əməlləri, insani keyfiyyətləri gəlini çox hörmətli Mehriban xanım Əliyeva, qızı Sevil xanım Əliyeva, nəvələri Leyla və Arzu xanım Əliyevalar tərəfindən qorunub saxlanmaqdadır. 20-ci əsrin ən böyük şəxsiyyətlərindən olan Heydər Əliyev kimi dünya miqyaslı bir liderin inkişafında müstəsna xidmətlərə malik Zərifə xanım, 21-ci əsrə öz imzasını atan Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi bir düha bəxş etmişdir. Xalqının çırağına çevrilmiş cənab Prezident İlham Əliyev kimi bir liderə tərbiyə verən, ona öz sevgisindən pay bəxş edən Zərifə xanım xalqımız tərəfindən daim xatırlanacaqdır.


İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası

Şərhlər

XƏBƏR LENTİ