SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Beynəlxalq riyakarlıq nəticə verməyəcək

Beynəlxalq riyakarlıq nəticə verməyəcək

Tarix:

4-02-2024, 22:30

/ 141 dəfə oxundu.
Beynəlxalq riyakarlıq nəticə verməyəcək

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən deyib: "Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq."
Dövlətimizin başçısı Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün qarşılıqlı dialoqa xidmət etmədiyini vurğulayaraq bildirib ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu bildirən dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Arxasında məlum qüvvələrin durduğu AŞPA-nın anti-Azərbaycan münasibətlərinə dövlətimiz səviyyəsində cavab verildi. Həm də bu cavab xahiş-barış mənasında deyil, sərt tələb və ultimativ xarakter daşıdı. Əlbəttə, bu cavab Azərbaycan xalqının ürəyindən oldu. Ermənistanın məğlubiyyətindən sonra bəzi Qərb ölkələri və beynəlxalq təşkilatlar sanki erməni işğalçılarını əvəzləyiblər. Azərbaycanın bunlarla heç bir problemi, mübahisəli məsələsi olmadığı halda bizi istəmədiyimiz oyunlara çəkməyə çalışırlar. Bu təzyiqlər istər xalqımızı, istərsə də onun rəhbərliyini ciddi narahat edir. AŞPA-nın bu günlərdə qəbul etdiyi məlum qətnaməsinin heç bir hüquqi əsası yoxdur və ermənilərə yarınmanın nəticəsidir. Azərbaycan dövləti AŞPA-nın ədalətsizliyinə və həddini aşmasına qarşı çıxmaqda tamamilə haqlıdır. Çünki AŞPA heç bir səbəb olmadan bi il müddətinə Azərbaycan nümayəndə heyətinin fəaliyyətini dayandırdı.
İyirmi səkkiz il müddətində işğalçı Ermənistana heç irad bildirməyən, onun cinayətkar hərəkətlərini qətiyyən pisləyib ona təsir etməyən dövlətlər və beynəlxalq qurumlar ölkəmizə qarşı hər zaman ikili mövqe tutublar. Bu hərəkətlərində isə onlar yanılırlar.
Ona görə də dövlətimizin başçısı bu riyakarlara kifayət qədər ciddi mesajlar göndərdi. Mesajlardan göründüyü kimi, Azərbaycan güzəşt və ya təslimçilik əhval-ruhiyyəsində deyil, öz haqqını və hüququnu qətiyyətlə tələb edir. Ölkəmiz bizimlə təzyiq və ya hədə-qorxu dili ilə danışanların məkrli istəklərinə əsla razı olmamış və olmayacaqdır. Azərbaycan bu mövqeyini dəfələrlə nümayiş etdirib. Lakin hegemonluq niyyətindən və qərəzli dini təəssübkeşlikdən əl çəkməyən bəziləri öz ambisiyalarına davam etməkdədirlər. Əgər ağılları başlarında olsa düzgün nəticə çıxarar, əməllərində düzəliş edərlər. Yox, əgər olmasa, onda onlar özbaşınalıqlarına görə bədəl ödəyəcəklər. Onsuz da otuz ildən artıqdır ki, bu və bunun kimi təşkilatlar əleyhimizə çalışırlar. Ancaq bizi ali məqsədimizdən çəkindirməyə nail olmağı bacarmadılar. Onların namərd planları bizim iqtisadi inkişafımıza və Qarabağda qazandığımız möhtəşəm qələbəyə zərrə qədər də təsir etmədi. Bundan sonra da özləri deyib özləri eşidəcəklər. Həm də beynəlxalq aləmdə olan-qalan inam və etibarlarını da itirəcəklər.

Metin Hüseynov  -  siyasi sərhçi, politoloq

Şərhlər

XƏBƏR LENTİ