XalqXəbər.Az

www.XALQXEBER.az » Cəmiyyət » İş axtaranlara qarşı yeni qanunsuzluq - ŞİKAYƏT

İş axtaranlara qarşı yeni qanunsuzluq - ŞİKAYƏT

İş axtaranlara qarşı yeni qanunsuzluq - ŞİKAYƏT
18-07-2017, 09:26

Dərdini danışan Rüfət Ağayev adlı Bakı sakini belə bir haqsızlıqla üzləşdiyini bildirib: "Bir neçə il eyni sahədə çalışırdım. Amma məvacibim və iş şəraitim məni qane etmirdi. Buna görə də, daha yaxşı yerdə işləmək təklifi gələn kimi bu təklifə razılıq verdim".
"Bütün seçim turlarından keçdim və məni müqavilə bağlamaq üçün ofisə dəvət etdilər. Amma qeyd etdilər ki, köhnə işimdən ayrılandan sonra gəlməliyəm. Mən də öz ərizəm ilə köhnə işimdən ayrılıb, müqavilə imzalamaq üçün yeni şirkətə getdim. Müqaviləni oxuyub, imzaladım. Mənə "artıq işçimizsən, işə başlaya bilərsən" dedilər" — şikayətçi bildirir.
Dediyinə görə, şirkətdən yeni iş müqaviləsinin bir nüsxəsini tələb edib: "Onlar isə cavab verdilər ki, mənə müqavilənin nüsxəsini verə bilməzlər. "Çünki bir orijinal müqavilə olur və o da şirkətdə qalmalıdır" dedilər. Bununla razılaşmadığımı görən insan resurslarının idarə edilməsi şöbəsinin rəhbəri artıq məni işə götürmədiyini deyərək, getməyimi istədi".
Çıxılmaz vəziyyətdə qalan Rüfət Ağayev nə yeni işi olduğunu, nə də köhnə işinə qayıda bilmədiyini vurğulayır.
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a şərh verən hüquqşünas Elyar Həsənov bildirib ki, qanun köhnə iş yerində müqaviləni pozmadan, yeni iş yerində müqavilə imzalamağa yol verir: "Amma vətəndaşlar öz hüquqlarını dəqiq bilmədiklərindən belə vəziyyətlə üzləşirlər. Kadrlar şöbələrinin işçiləri də məsələyə bir qədər doğru yanaşmırlar. Belə ki, müqavilə imzalanan günü əmək kitabçası tələb edirlər".
Hüquqşünasın sözlərinə görə, bu səbəbdən işçi məcbur olub köhnə iş yerindən ərizə ilə ayrılır. Amma işçi köhnə iş yerini saxlamaqla yeni işə qəbul oluna bilər. İşçinin hüququ var ki, şirkətlə bir tarixdə müqavilə bağlayıb, başqa tarixdə işə başlasın".
"Məsələn, işçi 1 iyunda yeni iş yeri ilə müqavilə bağlayır, amma orada xüsusi bənddə qeyd edilir ki, işçi iyunun 15-dən işə başlayacaq və müqavilənin nüsxəsini özünə götürür. Beləliklə, 15 iyundan işə başlayan zaman əmək kitabçasını həmin idarəyə və ya şirkətə təqdim edərək işə başlayır. Bu zamana qədər isə ərizə yazıb köhnə işdən çıxır və əmək kitabçasını alır. Bu da yaranacaq problemin qarşısını alır" — E. Həsənov qeyd edir.
"Amma müqavilə pozularsa, yeni şirkətdə müqavilə bağlasalar da, müqavilənin nüsxəsi verilmirsə, eyni zamanda müqavilə elektron qeydiyyata düşməyibsə, o zaman həmin şəxsə heç bir hüquqi yardım mümkün deyil. Çünki bunu sübut etmək çətin məsələdir" – deyə Elyar Həsənov əlavə edib.
Hüquqşünas Asif Abdullayev də müqavilələrin mütləq elektron qeydiyyata düşməli olduğunu deyib: "İşçinin müqaviləsi elektron qeydiyyata düşməyibsə, o zaman baş verən hadisəni heç cür sübut edə bilməz. Şirkət müxtəlif bəhanələr ilə vəziyyətdən çıxa bilər. Yaxşı olar ki, yeni işlə müqavilə imzalansın, müqavilənin nüsxəsi götürülsün, daha sonra köhnə işdə ərizə yazıb çıxsın. Bu zaman işçi özünü sığortalayır. Əks halda işçi çıxılmaz vəziyyətə düşür və hüquqi cəhətdən də ona kömək etmək mümkün olmur".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.