Ünvanlı sosial yardım ayrılmasından imtinanın ağlasığmaz “səbəbi” - Boşanmış ata-ananın övladları ilə görüşməsi “sosial cinayət” sayılır

Bakı şəhəri , Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq massivi, 86b ünvanında məskunlaşmış, işğaldan qurtulan Ağdamın Seyidli kəndindən məcburi köçkün ailəsi son bir ildə ünvanlı sosial yardım almaq üçün gerçək anlamda gizlənpaç oynamağa məcbur edilib. Bir ildən çoxdur özbaşına kəsilən yardımı bərpa etmək üçün boşanmış ailənin iki uşağının ata-anaları ilə görüşməsinə yoxlamaya gələn sosial məmurlar qadağa qoyub. Belə qadağanın hansı qanunda – qaydada , təlimatda nəzərdə tutulduğu açıqlanmır. Sosial məmurlar, sadəcə, evdə qıraq adam görsələr, onun da ailənin say tərkibinə qatılmalı olduğunu bildirirlər. (?) Belə sosial yardım siyasəti olar? Görün, insanları necə qorxudurlar? Ananı uşağı ilə bir yerdə tutmaq, heç demə, sosial cinayət sayılır !(?) . Elə bil insanlar məhbəsdədirlər, icazəsiz görüşüblər. İnsanlar elə duruma salınıb ki, polisdən, nadzordan qorxmur, sosial xidmət işçisi görəndə qorxur. Elə 2-ci dərəcəli əlilliyi olan Elçin İbrahimovun ailəsi kimi. Hələ də ünvanlı sosial yardım ayrılmasına xidmətçilər müsbət rəy verməyə tələsmir. Gecə-gündüz evi nəzarətdə saxlayan sosial müdafiə məmurları ailəni “cinayət” başında yaxalayıb yardımdan imtina etməyə “əsas” yoxlamasında- axtarışındadırlar . Sosial “kriminalistlər” evdə ayaq, təkər izlərindən tutmuş, zirzəmidə yatacağa kimi bitdə-bitdə axtarırlar . Elə bil, DTX, korrupsiya idarəsi məmur oliqarxların villalarında qızıl, valyuta axtarır !
Şişirtməyimizi düşünənlər yanılırlar . Fakt faktlığında qalır. Hələ də, nə illik yoxlama başa çatıb, nə də yardıma ehtiyacı olan ailənin yardımı bərpa edilib.
Məğrur Bədəlsoy
DİA.AZ