"Qaçqınkom" şefinin bundan xəbəri varmı? - ŞİKAYƏT VAR

Nizami rayonu, Şərifli küçəsində yerləşən lal-karlar üçün 3 nömrəli xüsusi internat məktəbinin binasının bir tərəfində məskunlaşan köçkün ailələri çəkdikləri əziyyətlərdən danışırlar.
İnternat məktəbin yan-yana iki binası var. 24 ildir ki, hər ikisinin bir tərəfini köçkünlər “məşğul edib”. Köçkün Tərlan Abışov deyir, 23 ildir ki, burada məskunlaşıb:
“Bacım, bacımın uşağı, mən, iki uşağım və yoldaşım – hamımız bir otaqda yaşayırıq. Süfrə arxasında növbəylə otururuq, yatıb-durmaq növbəylə... Biz burda məskunlaşanda dedilər, qısa müddətdə torpaqlarımıza qayıdacağıq. Məskunlaşmadan 24 il keçib, hələ də üzərimizdən köçkün damğası götürülməyib. Yaşayışımızdansa danışmağa dəymir”.
Ən çox əziyyəti isə binanın zirzəmisində məskunlaşan ailələr çəkir. Köçkün Zəka Ağayev sual edir:
“24 il zirzəmidə insan yaşayar? Zirzəmidə siçovul olar, siçan olar. 24 il zirzəmidə köçkün saxlamaq hökumətin vətəndaşına yanaşmasından irəli gəlir. Bizi, sadəcə, insan saymırlar, o üzdən də zirzəmidə siçovul kimi yaşamağımız onları narahat etmir”.
Köçkünlər ilk növbədə torpaqlarına qayıtmağı arzulayırlar. Bu da mümkün deyilsə, ən azı, ya inşa olunan şəhərciklərə köçürülmələrini, ya da məskunlaşdıqları bu binanın əsaslı təmir olunmasını istəyirlər.

