"Bilik çatışmazlığını büdcədən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz" - Prezidentin köməkçisi

"Bilik çatışmazlığını büdcədən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz" - Prezidentin köməkçisi “Həm dövlətin, həm də vətəndaşların kənd təsərrüfatından, aqrar sektordan gözləntiləri həddən artıq çoxdur. Azərbaycan prezidenti tərəfindən aqrar siyasət dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən olunub. Digər sahələrdə olduğu kimi, aqrar sahədə də sosial tərəfdaşlıq münasibətlərinin qurulması çox vacibdir”.

Bu barədə Azərbaycan prezidentinin aqrar siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Azər Əmiraslanov bildirib.

Onun sözlərinə görə, bu gün - aqrar siyasətin dövlət siyasətinin mühüm bir istiqaməti kimi müəyyən olunduğu bir vaxtda ekspert cəmiyyətinin formalaşmasına ciddi ehtiyac var: “Bu gün başqa sahələrdə bu və ya digər səviyyədə ekspert cəmiyyəti formalaşıb. Biz istərdik ki, kənd təsərrüfatı sahəsində də çox peşəkar ekspertlər olsun. Etiraf etmək lazımdır ki, biz heç də hər zaman aqrar təhsil, aqrar elm, aqrar tədqiqatlar, aqrar istehsalat arasında əlaqə və əks əlaqəni uğurlu təmin edə bilmirik. Bir məşhur alim deyib ki, kənd təsərrüfatında bilik və informasiya çatışmazlığını gübrənin həcminin, texnikanın sayının, dövlət büdcəsindən ayrılan vəsaitin artırılması ilə kompensasiya etmək olmaz. Bu, olduqca məntiqli fikirdir. Həqiqətən də müvafiq menecment, bilik, informasiya olmazsa, hər hansı resursla bu boşluğu doldurmaq olmaz. Digər sahələrdən fərqli olaraq, aqrar sahə sırf elmə bağlıdır. Elm olmadan bu sahədə ciddi dönüş etmək mümkün deyil. Buna görə, kənd təsərrüfatında elm bizi addım-addım müşayiət etməlidir”.
Geri qayıt