XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » AMEA-da mənzil bölgüsü QALMAQALI: - “2 əməkdaş ciddi narazılıq edib”

AMEA-da mənzil bölgüsü QALMAQALI: - “2 əməkdaş ciddi narazılıq edib”

AMEA-da mənzil bölgüsü QALMAQALI: - “2 əməkdaş ciddi narazılıq edib”
30-06-2017, 16:04

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Akademiya əməkdaşlarının mənzil bölgüsü ilə bağlı mətbuatda yayılmış fikirlərə aydınlıq gətirmişdir. Akademikin mənzil bölgüsü ilə bağlı fikirlərini təqdim edirik.

“Azərbaycan Milli Elmlər Akademiyasında mənzil bölgüsü ilə əlaqədar narahatlıq keçirən elm adamlarının vəziyyətini dərindən başa düşürəm.

Uzun illər kirayədə və yataqxanada yaşayan əməkdaşların elmi fəaliyyətlə də səmərəli şəkildə məşğul olmalarını müsbət qiymətləndirirəm. İmkanım daxilində onlardan bir neçəsinə elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi qazanmaqda yaxından köməklik göstərmiş və dəstək vermişəm.

Milli Elmlər Akademiyası elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması, bu sahədə illərdən bəri yığılıb qalmış problemlərin həll edilməsi üçün addımlar atmaqda davam edir. Alimlərimizdən 54 ailəyə mənzil verilməsi son on ildə bu istiqamətdə həyata keçirilmiş ilk mühüm addımlardan biridir. Bütün narazılıqlara baxmayaraq, bu addımı həm də dəyərləndirmək lazımdır.
Hazırda əməkdaşların məznzillə təmin edilməsi istiqamətində yeni imkanlar araşdırılır. Akademiyaya məxsus torpaq sahələrində çoxmərtəbəli binaların tikilməsi və elm adamları üçün münasib ipoteka yolu ilə əməkdaşlara verilməsi üçün müxtəlif təşkilatlarla iş aparılır.

Kütləvi informasiya vasitələrində mənzil bölgüsü ilə əlaqədar verdiyim müsahibənin fərqli anlaşılmasına da aydınlıq gətirmək istəyirəm.Məsələ belə olmuşdu:mənzil bölgüsündən dərhal sonra fərqli institutlardan olan 2 nəfər əməkdaş mənə ciddi narazılıqlarını bildirmişdilər. Onlardan biri kirayədə yaşasa da, hələ də mənzil növbəsinə dayanmamışdı. Mən də bunu nəzərə alaraq mənzil məsələsi ilə əlaqədar kirayədə olanların heç də hamısının haqlı olmadığını qeyd etməli olmuşdum.
“Haqlı deyil ki” ifadəsinin “ağıllı deyil ki” kimi səslənməsini çox təsadüfi fonetik səsləşmə hesab edir, üzürlü qarşılanacağını düşünürəm. Fikrimcə, müsahibəmdəki məntiqi mənada şikayətçilərin bir qisminə, mənim nəzərimdə isə konkret olaraq mənə şikayət edən haqsız şikayətçiyə ünvanlandığı aşkar görünən “hamısı deyil ki” ifadəsinin ümumiləşdirilib hamıya aid edilməsi də qeyri-elmidir.

Əlbətdə, arzu edərdik ki, ehtiyacı olanların hamısı mənzillə təmin olunsunlar. Təəssüf ki, illərdən bəri AMEA-da mənzil almaq üçün qeydiyyatı olanların sayı mənzil almış ailələrdən bir neçə dəfə çoxdur. Ona görədə yenə də o fikirdəyəm ki, ilk növbədə daha haqlı olan əməkdaşlar mərhələli şəkildə mənzil almaq imkanı əldə etsinlər”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.