SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Azəriqaz" "Asmet" çəkişməsi davam edir

"Azəriqaz" "Asmet" çəkişməsi davam edir

Tarix:

23-06-2017, 09:16

/ 148 750 dəfə oxundu.
"Azəriqaz" "Asmet" çəkişməsi davam edir

Oxuculara xəbər verdiyimiz kimi, iyunun 21-də Gəncədə əlvan metal istehsalıyla məşğul olan “Asmet LTD” şirkəti iki aya yaxındır qaz verilməsində yaşanan problemlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.

Şirkətin mətbuat xidmətindən göndərilmiş həmin müraciətin surəti Qafqaznews.az-da oxuculara təqdim olunub.

“Asmet” rəhbərliyi Azərbaycan Prezidentinə müraciətində, 2017-ci il mayın 8-dən bəri, qaz verilməsində problem yarandığını, Gəncə Qaz İstismar İdarəsinin isə ciddi bir tədbir görmədiyini bildirib.

Məktubda qeyd olunur ki, Sevinc qəsəbəsində qaz təchizatının dayandırılması “Maşınqayırma” adlanan ərazidə qaz sızmasıyla əlaqələndirilir, lakin iki aya yaxındır ki, nə “Asmet”ə, nə də ətrafdakı yaşayış evləri və digər kiçik müəssisələrə qaz təchizatı bərpa olunmur.

İyunun 22-də “Asmet”in direktoru Nəriman Qurbanov bildirdi ki, şirkət aprel ayında 486 min AZN dəyərində məhsul istehsal etmişdi, lakin mayın 8-dən bəri, müəssisədə iş dayanıb: “Beləliklə, ay yarım ərzində şirkətimiz 700 min AZN-ə yaxın zərərə uğrayıb.

Biz istifadə etdiyimiz qazın pulunu ödəyirik, vaxtlı-vaxtında vergi veririk. Lakin Gəncə Qaz İstismar İdarəsinin müdiri Fariz müəllim və mühəndis Azər müəllim gah deyirlər ki, material yoxdur, gah da deyirlər, yeni layihə hazırlanmalıdır.

Onun sözlərinə görə, bir müddət əvvəl Azər adlı mühəndis “Asmet”ə şifahi olaraq təklif edib ki, material almaqda Gəncə Qaz İstismar İdarəsinə köməklik etsinlər: “Mənsə dedim ki, o bizim görəcəyimiz iş deyil. Biz ancaq işçilərin yeməyinə-içməyinə, xırda xərclərə yardımçı ola bilərik. Biz öz üzərimizə düşən bütün qanuni öhdəlikləri yerinə yetiririk, əvəzində xidmət gözləyirik”.

Məsələ ilə bağlı “Azəriqaz”ın mətbuat katibi İbrahim Kərbəlayevin də fikrini öyrənmək istədik. “O müraciət saytınızda dərc olunub?”, – deyə İ.Kərbəlayev bizdən soruşdu.

“Bəli, şirkət kollektivinin Prezidentə müraciəti saytımızda dərc olunub”, – deyə təsdiqlədik.

“Bizim münasibəti soruşmadan dərc edirsiniz, sonra da münasibət istəyirsiniz… Qoy onlar Gəncə Qaz İstismar İdarəsində yazılı müraciət etsinlər, onlara cavab veriləcək”, – deyə İ.Kərbəlayev dəstəyi asdı.

Adıkeçən Fariz müəllim də oxşar fikir bildirdi: “Hələ yeni layihə hazırlanmalıdır, təsdiqlənməlidir, iş başlamalıdır… Onların müəssisəsi qeyri-əhali xəttinə qoşulub. Qoy özlərinə ayrı xətt çəksinlər. Bizə yazılı müraciət etsinlər, onlara mənbə göstərək. Şifahi söhbətlər sayılmır”.

Biz yenidən Nəriman Qurbanova müraciət etdik. “Asmet” direktoru bildirdi ki, Gəncə Qaz İstismar İdarəsinin rəsmiləri ilə söhbət zamanı kimsə ona yeni xətt çəkmək barədə heç nə deməyib. “Yazılı müraciət də etmişik. O müəssisə həmin xəttə çoxdan qoşulub, o vaxt heç yaxınlıqda əhali yox idi. Necə əhali xəttinə qoşula bilərdik? 2003-ci ildə biz müəssisə olaraq o xəttə qoşulmuşduq. On dörd il ərzində bizə “yeni xəttə qoşulmalısınız” deyən olmamışdı. İndi bu deyilənlər isə absurddur. Yeni layihə hazırlanana qədər bizə dəyən ziyanı kim ödəyəcək, bu məlum deyil. Onların borcudur ki, qısa müddətdə bu problemi aradan qaldırsınlar. Bu səhlənkarlıq ölkə iqtisadiyyatına zərbə vurmaqdan başqa bir şey deyil. Maraqlıdır, “Azəriqaz” rəsmiləri hansı məqsədlə bizə 700 min manat ziyan vurur? Bəlkə, burada başqa müəssisələrin, hansısa ayrı-ayrı şəxslərin maraqları var, biz bilmirik? İşləmədiyimiz hər ay 500 min manatın itirilməsi deməkdir, bu isə müəssisəmizdə dolanan ailələrin ac qalması, dövlət büdcəsinin külli miqdarda vergi mədaxilindən məhrum olması deməkdir.

Ümid edirəm ki, ölkə rəhbərliyi bu haqsızlığa tezliklə son verəcək.” – deyə N.Qurbanov vurğuladı.

Qafqaznews.az

Şərhlər

XƏBƏR LENTİ