SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib

Tarix:

25-01-2017, 16:25

/ 2 175 dəfə oxundu.
Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyasında Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) Biologiya, Tibb, Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası, Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuralarının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.

Sonra elmi şuraların 2016-cı ildəki fəaliyyətinə dair hesabatlar dinlənilib, Bölmədə aparılan elmi tədqiqatların daha da dərinləşdirilməsi, elmi əməkdaşlığın və əlaqələndirmə işinin gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

Ümumi yığıncaqda Kənd təsərrüfatı bitki və heyvanlarının genetikası və seleksiyası problemləri üzrə Elmi Şuranın sədri, AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edib. Alim ötən ilin dekabrında akademik Əhliman Əmiraslanovun AMEA Rəyasət Heyətinin iclasında “Biologiya və tibb elmləri üzrə elmi tədqiqatların vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda söylədiyi məruzə ilə bağlı Rəyasət Heyətinin qərarında əks olunmuş prioritetlər və onlardan irəli gələn vəzifələr haqqında məlumat verib. Qeyd edib ki, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin əsas elmi istiqamətlərinin işlənilib hazırlanmasında həmin qərar baza rolunu oynayıb. Z. Əkpərov onuda əlavə edib ki, aparılan geniş müzakirələr nəticəsində bölmənin yaxın perspektivdə fəaliyyətinin əsası olacaq üç elmi istiqamət seçilib, yeni problemlər və mövzular müəyyənləşdirilərkən bu istiqamətlərin əsas götürülməsi tədqiqat institutlarına tövsiyə edilib.

Tədbirdə AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunun direktoru, akademik İradə Hüseynova AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsində 2016-cı ildə aparılmış tədqiqatların bölmənin illik hesabatına daxil ediləcək ən mühüm nəticələri barədə məlumat verib. Nəticələr geniş müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

Sonra AMEA-nın müxbir üzvü Nuru Bayramov əlaqələndirmə işinin yaxşılaşdırılmasında elektron elmin rolundan, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin və problem şuralarının saytları ilə bağlı planlardan danışıb.

Ümumi yığıncaqda şuraların Bölmə ilə birgə iclaslarının mütəmadi olaraq keçirilməsi tövsiyə olunub.

Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib
Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib
Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə Ümumi yığıncağı keçirilib

Şərhlər

XƏBƏR LENTİ