SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Samir Şərifovdan şok etiraf və itirilən 20 il - "Hökumət anlayırdı ki..."

"Samir Şərifovdan şok etiraf və itirilən 20 il - "Hökumət anlayırdı ki..."

Tarix:

28-05-2021, 12:04

/ 959 dəfə oxundu.
"Samir Şərifovdan şok etiraf və itirilən 20 il - "Hökumət anlayırdı ki..."

Milli Məclisin dünən keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib ki, ölkə iqtisadiyyatı 2 böyük şokla qarşılaşıb:

“Bunlardan biri pandemiya, ikincisi isə dünya bazarlarında xam neftə tələbatın azalmasıdır. Qeyd olunan proseslər iqtisadiyyata mənfi təsir göstərib. Dövlət büdcəsinin xərc strukturunda əhəmiyyətli dəyişiklik edilib. İqtisadi baxımdan ötən il bütün dünya ölkələri üçün ağır il kimi qalacaq”.

Qeyd edək ki, hələ bir neçə il öncə mütəxəssislər ölkə iqtisadiyyatının baş verəcək proseslərlərə hazır olmasını, o cümlədən neftdən asılılığı aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafının vacibliyini bildirirdilər. Yəni ölkə iqtisadiyyatının nazirin dediyi kimi, şokla qarşılaşmaması üçün vaxtında tədbirlər görülməli idi.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, iqtisadi modelə keçid baş tutmadı və çox təəssüf ki, hökumət 2004-2015-ci ilə, devalvasiyalara qədər neftin qiymətinin, hasilatının yüksək olduğu dövrdə həddindən artıq tənbəlləşdi: “Hökumət iqtisadiyyatın çoxşaxəli modelə keçidiylə bağlı öncədən xəbərdarlıqlara, çağırışlara baxmayaraq, bu addımı ata bilmədi. Azərbaycanın həm dövlət büdcəsi, həm də ixracatı kəskin şəkildə neftdən asılı olaraq qalır. Son rəqəmlər göstərir ki, ixracatda neftdən, qazdan asılııq 90 faizdir. Büdcənin formalaşmasında da 60 faizə yaxın Dövlət Neft Fondundan tranfert olunur, yerdə qalan hissənin isə 15-32 faizi neft sektorundan gələn vergilər hesabına baş verir.

Yəni büdcənin formalaşmasında, ÜDM-də, xarici ticarətdə neftdən asılılıq kifayət qədər yüksəkdir. Hökumət 2015-ci ildə iki devalvasiyadan, neftin qiymətinin kəskin enməsindən sonra bəyan etsə də ki, çoxşaxəli iqtisadi modelə keçəcəyik, 6 il keçməsinə baxmayaraq ciddi bir iş görülmədi. Faiz olaraq bütün makroiqtisadi göstəricilərdə, büdcədə, xarici ticarətdə neftin payı neçə faiz nisbətində idisə, indi elə də qalır. Deməli, 2015-ci ildən sonra da çoxşaxəli iqtisadi modelə keçid baş vermədi. İndi dünyada gedən proseslər, neftə tələbatın azalması, pandemiya dünya iqtisadiyyatına vurduğu zərbə Azərbaycan iqtisadiyyatına da ciddi mənfi təsir göstərir. Bunun fəsadlarının aradan qaldırılması indi daha baha başa gələcək və zaman tələb edəcək. Son 20 ili götürsək, hökumət həddindən artıq böyük zaman itirdi və Azərbaycan bu zamanda çoxşaxəli iqtisadi modelə keçə bilmədi”.

Ekspertin fikrincə, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün idarəetmənin fəlsəfəsi dəyişməlidir: “Azad və ədalətli məhkəmə sistemi olmalıdır. Bütün bunlar qeyri-neft sektorunun inkişafı üçün əsas faktorlardır. Güclü struktur, sistem islahatlarına gedilmədi. Nəticədə isə qeyri-neft sektorunda atılan addımların heç bir effekti olmadı. Əsas problem artıq iqtisadi məsələdə deyil, əsas problem idarəetmənin özündə, fəlsəfəsində cəmlənib. Belə çoxşaxəli, dərin islahatlara getmədikləri üçün indi bu vəziyyət yaranıb. Hökumət anlayırdı ki, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır. Ancaq köklü islahatlara gedilməməsi nəticə etibarilə çoxşaxəli iqtisadi modelə keçidin yubanmasına və problemlərin yaranmasına səbəb oldu”.

Şərhlər

XƏBƏR LENTİ