SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Azərbaycanda hakimlər niyə MÜSTƏQİLLƏŞƏ BİLMƏDİ... - İcrasız qalmış vacib fərman

Azərbaycanda hakimlər niyə MÜSTƏQİLLƏŞƏ BİLMƏDİ... - İcrasız qalmış vacib fərman

Tarix:

26-05-2021, 09:51

/ 552 dəfə oxundu.
Azərbaycanda hakimlər niyə MÜSTƏQİLLƏŞƏ BİLMƏDİ... - İcrasız qalmış vacib fərman

Azərbaycan prezidentinin 3 aprel 2019-cu ildə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanı bu sahəyə aid problemlərin həllini ehtiva edir. Məsələn, fərmanın birinci bəndində bütün məhkəmələrin sədrlərinə və hakimlərinə tövsiyə edilir ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Konstitusiyada, qanunlarda təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət olunmalıdır.

Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyə olunur ki, cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirsinlər, Ədliyyə Nazirliyinə isə tapşırılır ki, müvafiq qanun layihələrini hazırlayıb, prezidentə təqdim etsinlər.

Fərmanda:

– hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;

– hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;

– məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensasiya edilməsi;

– məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;

– mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi kimi məsələlər qeyd olunub.

Sənəddə Məhkəmə-Hüquq Şurasına da tövsiyələr yer alıb. Qeyd olunur ki:

– hakimlərin müstəqilliyinin təmin edilməsi, məhkəmələrin fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan qaldırılması məqsədilə müvafiq məlumatların qəbulu üçün “qaynar xətt” yaradılsın;

– hakimlərin və məhkəmə sədrlərinin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi prosedurlarında şəffaflıq daha da artırılsın, bu sahədə tətbiq edilən meyarlar təkmilləşdirilsin;

– hüquq pozuntularına və Hakimlərin Etik Davranış Kodeksinin pozulması hallarına yol verən hakimlərin intizam məsuliyyətinin labüdlüyü təmin edilsin və s.

Daha sonra fərmanda Ali Məhkəməyə, Ədliyyə Nazirliyinə, Maliyyə Nazirliyinə, Vəkillər Kollegiyasına da bir sıra tövsiyələr əksini tapıb.

Fərmanın dərc olunmasından 2 il 2 aya yaxın vaxt ötür. Bu müddətdə onun icrası ilə bağlı hansı işlər görülüb? Hakimlərin və məhkəmə sədrlərinin yerdəyişməsi bu sahədəki problemlərin həllinə nə qədər adekvat fəaliyyətdir?

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri Hafiz Həsənov “Press Klub”a şərhində bildirdi ki, hakimlərin, məhkəmə kollegiyaları sədrlərinin və məhkəmə sədrlərinin dəyişdirilməsini məhkəmə-hüquq sistemində islahatlar kimi qiymətləndirmək olmaz. O, hesab edir ki, məhkəmə-hüquq sistemində ən böyük problemlər qanunun aliliyi, məhkəmələrin müstəqilliyi və hər kəsin qanun qarşısında bərabərliyi prinsiplərinin təmin olunması sahəsindədir.

Hüquqşünas hesab edir ki, indiyədək qəbul edilən ayrı-ayrı normativ-hüquqi aktlar daha çox imitasiya xarakteri daşıyıb və məhkəmə-hüquq sistemində əsaslı dəyişikliklərə gətirib çıxarmayıb. Onun fikrincə, prezident fərmanından 3 il keçməsinə baxmayaraq, bu sahədə ciddi dəyişikliklər baş verməyib:

“Cinayətlərin dekriminallaşdırılması sahəsində bəzi tədbirlərin həyata keçirilməsi, mövcud inzibati-iqtisadi məhkəmələrin bazasında inzibati və kommersiya məhkəmələrinin yaradılması, hakimlərin sayının artırılması və digər bu kimi tədbirlər mahiyyətcə hələ məhkəmə-hüquq sistemində islahatlar demək deyil”.

H.Həsənovun sözlərinə görə, fərmanda nəzərdə tutulan xeyli əhəmiyyətli məsələlər indiyədək həll olunmamış qalıb:

“Məhkəmələrin fəaliyyətinə müdaxilələr, məhkəmələrdə qeyri-prosessual münasibətlər, məhkəmə icraatı üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə qərarlarının icrası ilə bağlı fundamental məsələlər də öz həllini tapmayıb. Bu gün məhkəmə qərarlarından şikayətlərin sayı getdikcə artırsa, məhkəmə praktikasında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına daha çox vətəndaşların ziyanına istinadlar edilirsə və AİHM-in Azərbaycanla əlaqəli qərarlarının sayı çoxalırsa, bütün bunlar o deməkdir ki, ölkənin məhkəmə-hüquq sistemində müsbətə doğru əsaslı dəyişikliklər müşahidə olunmur”.

Şərhlər

XƏBƏR LENTİ