SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Greencard Azərbaycan" şirkəti özündə girov olaraq saxladığı təsdiq nömrələrini alver predmetinə çevirib” - NARAZILIQ!

"Greencard Azərbaycan" şirkəti özündə girov olaraq saxladığı təsdiq nömrələrini alver predmetinə çevirib” - NARAZILIQ!

Tarix:

26-05-2021, 00:21

/ 556 dəfə oxundu.
"Greencard Azərbaycan" şirkəti özündə girov olaraq saxladığı təsdiq nömrələrini alver predmetinə çevirib” - NARAZILIQ!

Amerika Birləşmiş Ştatları tərəfindən hər il "müxtəliflik vizası" (diversity visa) və ya digər adı ilə "green card" lotereyası keçirilir. Lotereya qalibləri ABŞ-da müddətsiz olaraq yaşamaq, təhsil almaq və işləmək şansı əldə edirlər. Lotereyada iştirak üçün qeydiyyat hər ilin oktyabr ayında açılır. Növbəti ilin may-iyun aylarında isə qaliblər müəyyənləşir. Qeydiyyat prosesi çox sadədir və ABŞ Dövlət Departamentinin rəsmi veb səhifəsi olan dvprogram.state.gov saytından həyata keçirilir. Lotereya iştirakçısı şəxsi məlumatlarını (ad, soyad, doğum tarixi və s.) qeyd etdikdən sonra hər bir iştirakçıya sadəcə ona məxsus olan "təsdiq nömrəsi" (confirmation number) verilir. Bu nömrə olmadığı halda iştirakçı hətta qalib olsa belə, növbəti mərhələyə keçə bilmir, yəni sənədlərini hazırlayaraq səfirlikdən viza alması mümkünsüz olur. Ölkəmizdə fəaliyyət göstərən "Greencard Azərbaycan" şirkəti məhz bu təfərrüatlardan xəbərsiz olan on minlərlə insanı öz tələsinə salaraq istismar edir.

Bu barədə Moderator.az-a lotoreya iştirakçısı Fərid Əliyev məlumat verib.

O bildirib ki, lotereyada iştirakçı olmaq istəyən şəxslər natamam məlumatlarla aldadılaraq bu şirkətin saytından qeydiyyatdan keçirlər: “Şirkət il ərzində insanların şəxsi məlumatlarını toplayıb oktyabr-noyabr aylarında onların yerinə rəsmi saytdan qeydiyyatdan keçir və təsdiq nömrəsini özündə saxlayır. Növbəti ilin may-iyun aylarında nəticələr elan olunduqda isə qalib gələn şəxslərə ancaq onların tələb etdiyi məbləğ (minimum 800 dollar) ödəniləcəyi halda təsdiq nömrələrini verəcəklərini deyirlər. Bu məbləğ ödənilmədiyi halda isə şirkət iştirakçını cərimə olunacağı ilə hədələyir. Tələblərinin qeyri-hüquqi olduğunu özləri də bildiyi üçün şirkət öz saytını (greencard.az) məhz müştərini məlumatlandırmaq üçün deyil, baş verə biləcək hər hansı narazılıqda özlərini haqlı çıxarmaq üçün lazım olan formatda hazırlayıb. Belə ki, saytın müxtəlif yerlərində “green card” müraciətinin ödənişsiz olması qeyd olunur, digər tərəfdən "Xidmət şərtləri" adlı bölmədə qalib gələn şəxsin şirkətə ödəniş etməli olduğu yazılır. Şirkətin "Xidmət şərtləri" adlı mətninə ancaq bir neçə nəzərə az çarpan linklərə daxil olduqdan sonra çatmaq olur. Şərtlərin 9-cu bəndində qalib gələn iştirakçının "şirkətin xidmətləri"ndən istifadə etdiyi üçün minimum 800 dollar ödəniş etməyi öhdəsinə götürdüyü yazılır. (özü də xarici valyuta ilə). Bu məbləğin qarşılığında isə konsultasiya xidmətindən faydalana biləcəyi qeyd olunur. Bəs əgər şəxs konsultasiya almaq istəmirsə? Əhəmiyyəti yoxdur, yenə də 800 dollar ödəniş edilməlidir. Məsələnin əsl mahiyyəti konsultasiya vermək deyil, iştirakçının özünə aid olan təsdiq nömrəsini ona pul qarşılığında satmaqdır”.

Fərid Əliyevin sözlərinə görə, təsdiq nömrəsini iştirakçıdan gizli saxlamaq, bunu ona pul qarşılığında satmaq lotereyanı keçirən ABŞ Dövlət Departamentinin rəsmi saytında "fraud" (dələduzluq) olaraq qeyd olunur: “Qeydiyyat prosesi 2020-ci ilin oktyabr-noyabr aylarında baş tutmuş lotereyanın nəticələrinin yaxın günlərdə elan olunacağı gözlənilir. Yenə də "Greencard Azərbaycan" şirkəti özündə girov olaraq saxladığı və alver predmetinə çevirdiyi təsdiq nömrələrini öz həqiqi sahiblərinə satmağa başlayacaq”.

"Şirkətin fəaliyyətinin araşdırılması, özündə saxladığı lotereya iştirakçılarının şəxsi məlumatlarının (təsdiq nömrələrinin) öz sahiblərinə ödənişsiz qaydada təqdim olunması və onun qarşıdan gələn qeydiyyat dövrlərində də bu və ya digər formada hüquqazidd əməllər törətməsinin qarşısının alınması istiqamətində zəruri tədbirlərin görülməsi üçün bir qrup latoreya iştirakçısı hüquq-mühafizə orqanlarına müraciət edib”, deyə Fərid Əliyev bildirib.

Şərhlər

XƏBƏR LENTİ