SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » AzTV-də yoxlama qalmaqalı: - Dövlət kanalı nəyə və niyə etiraz edir?

AzTV-də yoxlama qalmaqalı: - Dövlət kanalı nəyə və niyə etiraz edir?

Tarix:

17-05-2021, 16:51

/ 605 dəfə oxundu.
AzTV-də yoxlama qalmaqalı: - Dövlət kanalı nəyə və niyə etiraz edir?

Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri QSC ilə bağlı ötən gün yayılan məlumata və onun şərh edilməsinə AzTV bu gün hikkəli və həmkarlarını aşağılayan tərzdə bir cavab verib.

Bakupost.az xəbər verir ki, ötən gün AzTV-nin 2019-cu ilin maliyyə hesabatı yayılmışdı. Həmin hesabatda diqqət çəkən ən maraqlı məsələ qurumun 2019-cu ildə ziyanla işləməsi, eyni zamanda 2019-cu il hesabatının 2021-ci ilin mayında yayılması idi.

Təbii olaraq sual meydana gəlmişdi ki, bəs, niyə 2020-ci ilin hesabatı yoxdur?

AzTV-nin bu gün yaydığı açıqlama əvəzi hikkəsində bildirilir ki, “bu hesabatlar Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə Maliyyə Nazirliyinə və Hesablama Palatasına təqdim olunub, eyni zamanda Aztv.az saytında dərc edilib”.

Yəni AzTV bununla demək istəyir ki, 2019-cu ilin hesabatı dünən yayılmayıb, 2020-ci ildən saytda olub.

Olsun – mümkündür ki, media Aztv.az saytının “Haqqında” bölməsində gizlədilən hesabatdan gec xəbər tutub. Təbii olaraq sual yaranır: AzTV şəffaflıq üçün hazırladığı hesabatı niyə mediaya göndərməyib? İctimaiyyətlə əlaqələr şöbəsi bu suala cavab verə bilərmi? Niyə Aztv.az saytının “Haqqında” bölməsində yerləşdirilib?

Digər tərəfdən, QSC 2020-ci il hesabatının gecikməsinə də aydınlıq gətirib. Yazır: “2020-ci ilin müvafiq maliyyə hesabatlarının gecikdirilməsi şirkətdə 26.04.2021-ci il tarixindən etibarən dövlət yoxlamasının aparılması ilə əlaqədardır”.

Birincisi, AzTV-də aparılan audit yoxlamalarının illik maliyyə hesabatının yayılmamasına nə dəxili var? Audit yoxlamaları məhz o hesabatın əsaslılığını yoxlamaq üçün keçirilmirmi? Siz yayın, “dövlət yoxlamasının nəticəsi” yayılanda ictimaiyyət müqayisə edər.

İkinci tərəfdən, “Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə əsasən, 2020-ci ilin aprel ayının 30-dan gec olmamaq şərti ilə” cümləsindən görünür ki, hesabatın yayılması üçün ən son tarix 30 apreldir. AzTV-yə isə 26 apreldə yoxlama gəlib. AzTV “ən son günü” niyə gözləyirdi ki? Niyə 2020-ci ilin hesabatı 2021-ci ilin 26 aprelinə qədər gözlənilməlidir? Axı burda tələb “ən geci” 30 aprel göstərilir. Özünə hörmət edən heç bir qurum illik maliyyə hesabatını “ən son günə” saxlamır.

Bütün bu faktların fonunda AzTV-nin idmandan siyasi jurnalistikaya atılan jurnalistlərinin “bəzi mətbuat orqanlarını məqalə hazırlayarkən medianın peşəkarlıq prinsiplərinə uyğun davranmamaqda, “araşdırmalar”ına əsassız, mənbəyi məlum olmayan, dəqiqləşdirilməmiş və həqiqəti əks etdirməyən məlumatlar yerləşdirməkdə” suçlaması ayıbdır.

O ki qaldı peşəkarlığa, AzTV-nin “peşəkar”lığına mütləq toxunacağıq...

Şərhlər

XƏBƏR LENTİ