XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib

Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib

Bakı Slavyan Universitetində onlayn formada "İki əsrin lideri" adlı tədbir keçirilib
7-05-2021, 14:41

Mayın 7-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatının Bakı Slavyan Universiteti (BSU) ərazi ilk partiya təşkilatının və BSU-nun Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının birgə təşkilatçılığı ilə onlayn formada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan "İki əsrin lideri" adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP-ın Nəsimi rayon təşkilatının BSU ərazi ilk partiya təşkilatının sədri, BSU-nun Pedaqoji fakültəsinin Pedaqogika və psixologiya kafedrasının müdiri, dosent Sevinc Axundova iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. Dosent Sevinc Axundova bildirib ki, hər bir xalqın,millətin tarixində xilaskarlıq missiyasını həyata keçirən dahi şəxsiyyətlər olur. Azərbaycan xalqının belə dahi şəxsiyyəti ulu öndər Heydər Əliyevdir. Nadir dövlət xadimi olan  Heydər Əliyev bütün həyatını xalqımızın inkişafına, dövlətimizin güclənməsinə həsr etmişdi. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızı tənəzzüldən xilas edərək inkişaf, tərəqqi yoluna çıxarmışdı.
Ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun ayında yenidən Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra ölkəmizi vətəndaş müharibəsi təhlükəsindən xilas etdi və möhkəm daxili ictimai-siyasi sabitlik yaratdı. Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının rəsmi milli ideologiyası kimi müəyyən etdiyi Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının həmrəyliyinin yaranmasında və onların vahid ideya ətrafında birləşmələrində, təşkilatlanmalarında mühüm rol oynadı. Ümummilli Lider Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün səmərəli fəaliyyət göstərdi. Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi ölkəmizin iqtisadi inkişafını təmin etdi, respublikamıza böyük iqtisadi və siyasi dividendlər gətirdi. Ulu öndər Heydər Əliyev mükəmməl dövlətçilik konsepsiyası işləyib hazırladı, həyatımızın bütün sahələrində islahatlar həyata keçirildi, elm və təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərldi, ölkəmizin beynəlxalq siyasi nüfuzu artdı. Qətiyyətli, iradəli, cəsarətli, müdrik və vətənpərvər dövlət xadimi olan Heydər Əliyevin xalqımız, Vətənimiz qarşısında ən böyük xidmətlərindən biri də öz layiqli siyasi varisi kimi Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı möhtərəm cənab İlham Əliyevi müəyyən etməsidir. Xalqımızın Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Vətən müharibəsində möhtəşəm Qələbə qazanması ulu öndər Heydər Əliyevin müdrik daxili və xarici siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, YAP Sədrinin Birinci müavini Mehriban xanım Əliyevanın ölkəmizin hərtərəfli sürətli inkişafında və dövlətimizin daha da güclənməsində misilsiz xidmətləri var. Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ulu öndər Heydər Əliyevin ideyalarının təntənəsidir.
Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirin moderatoru, Pedaqoji fakültənin Pedaqogika və psixologiya kafedrasının müəllimi Səbinə Cəfərova  çıxış edərək bildirib ki,bizim bugünkü tədbiri keçirməkdə əsas məqsədimiz müasir milli intibahımızın banisi, ümummilli liderimiz Heydər Əliyevin xatirəsini uca tutmaq, Ulu Öndərimizin idarəçilik və dövlətçilik fəaliyyətini daha geniş miqyasda təbliğ etməkdir.
Sonra Səbinə Cəfərova çıxış etmək üçün sözü tələbə və müəllimlərə verib.
Tədbirdə Pedaqoji fakültənin Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin 101-ci  qrup tələbəsi Aytən Həmidova "Heydər Əliyevin təhsilin inkişafına verdiyi töhfələr", Pedaqogika və psixologiya kafedrasının müəllimi Günel  Səmədzadə "Heydər Əliyev irsində ailə dəyərləri", Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Fərrux Dadaşov "Heydər Əliyevin liderlik fenomeni", Pedaqogika və psixologiya kafedrasının müəllimi Afaq Nəsibova "Heydər Əliyevin Nizami Gəncəvi irsinə verdiyi dəyər", Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Regionşünaslıq ixtisasının I tədris ilinin 102-ci qrup tələbəsi Elxan Verdiyev "Heydər Əliyev və gənclər siyasəti" mövzularında məruzələrlə çıxış ediblər.
Tədbirdə həmçinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan jurnalistikası ixtisasının II tədris ilinin 206-cı qrup tələbəsi Səfura Bənnayeva "Ulu bir sərkərdə, ulu bir öndər" şeirini, Təhsildə sosial-psixoloji xidmət ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Aydan Musayeva "Onu zaman seçib" şeirini, Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Azərbaycan jurnalistikası ixtisasının I tədris ilinin 101-ci qrup tələbəsi Ayşən İbrahimova "Ulu öndər" şeirini səsləndiriblər.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  ulu öndər Heydər Əliyevə ithaf etdiyi və Xalq artisti Ağadadaş Ağayevin ifa etdiyi “Elegiya” mahnısının videoçarxı nümayiş etdirilib.
Tədbirdə çıxış edən BSU-nun tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova bildirib ki,hazırda universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Bugünkü tədbir də həmin silsilə tədbirlərdən biridir. Qədirbilən xalqımız həmişə ulu öndər Heydər Əliyevin xatirəsini əziz tutur,bu görkəmli siyasi xadimin xalqımız, Vətənimiz,dövlətimiz qarşısında göstərdiyi böyük tarixi xidmətləri yüksək qiymətləndirir. Dosent Xanım Sultanova çıxışının sonunda tədbirin təşkilatçılarına təşəkkür edib və onlara uğurlar arzulayıb.
Tədbir böyük dövlət xadimi Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti ilə bağlı videoçarxın təqdim edilməsi ilə başa çatıb.





XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.