XalqXəbər.Az

XalqXeber.Az » Sosial » "AZAL-ın monopoliyasına son!”, “Rəqabətli mühit, ucuz biletlər istəyirik!” – Narazılığın pik həddi

"AZAL-ın monopoliyasına son!”, “Rəqabətli mühit, ucuz biletlər istəyirik!” – Narazılığın pik həddi

"AZAL-ın monopoliyasına son!”, “Rəqabətli mühit, ucuz biletlər istəyirik!” – Narazılığın pik həddi
24-02-2021, 10:18

Əkrəm Həsənov: “Mövcud problemlərin yeganə həll yolu, normal idarəetmə və ictimai nəzarət yaratmaqdır”.

“AZAL” uzun müddətdir ki, dünyanın ən bahalı aviaşirkəti adını özündə saxlayır. Elə bununla da ölkə turizminə çox ağır zərbə vurur. Ölkə əhalisinin imkanları xaricində satılan aviabiletlər, xidmət keyfiyyətinin aşağı olması, insanların bu qurumdan narazılığını pik həddə çatdırıb. Demək olar ki, hər kəs “AZAL-ın monopoliyasına son! “rəqabətli mühit, ucuz biletlər istəyirik”! kimi şüarları öz ürəyində də olsa səsləndirir. Həqiqi rəqabət mühitinin olmaması və ölkəyə başqa aviaşirkətlərin buraxılmaması narazılığı daha da artırır.

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Əkrəm Həsənov bildirib ki, Azərbaycanda AZAL-la rəqabət apara biləcək alternativ aviaşirkətin yaradılması ideyası perspektivsizdir: “Yəni Azərbaycan kimi kiçik ölkələrdə “Azərsu”, “Azərenerji” kimi təbii inhisarçılar var, “AZAL” da onlardan biridir. Balaca ölkədə bu cür quruma rəqib heç kim yarada bilməyəcək. Hətta digər ölkələrdə də aparıcı aviaşirkətlərlə kiçik şirkətlər rəqabətə girə bilmir. Odur ki, bizdə mövcud problemlərin yeganə həll yolu, normal idarəetmə və ictimai nəzarət yaratmaqdır. “AZAL” da artıq Azərbaycan İnvestisiya Holdinqinə verilib. Yəqin ki, Müşahidə Şurası yaradılacaq ki, şirkətlərin səmərəliliyi artsın. Səmərəlilik hər aviauçuşdan az qazanmaqla, çoxlu müştəri cəlb etmək deməkdir. Burada qiymətlərin xarici şirkətlərlə müqayisədə niyə üstün olduğunun da izahı verilməlidir. Yəni dövlət aviaşirkəti buna məcbur etməlidir”.

Əkrəm Həsənovun sözlərinə görə, AZAL həm uçuşları həyata keçirən aviaşirkətdir, həm də hava limanına da nəzarət edir: “Yəni hava limanına xarici şirkətlər gələndə də tarifləri AZAL müəyyən edir. Amma elə etmək lazımdır ki, həmin qiymətləri AZAL müəyyən etməsin. Belə olan halda xarici aviaşirkətlərlə AZAL arasında rəqabət yaranacaq. Yəni AZAL elə edə bilər ki, onun təyyarələri üçün hava limanına daxil olmaq, orada parking etmək ucuz, amma xarici aviaşirkət üçün bu xidmətlər baha olsun. Bu halda isə həmin aviaşirkətlərin qiymətləri aşağı olsa da, xərci çox yüksələcək. Ona görə də bərabərlik olmalıdır. Bunu isə yəqin ki, Tarif Şurası müəyyənləşdirməlidir”./konkret.az/

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.