SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sinif rəhbərindən 11-cilərə XƏRAC: - “Yoxsa qiymətiniz kəsiləcək”

Sinif rəhbərindən 11-cilərə XƏRAC: - “Yoxsa qiymətiniz kəsiləcək”

Tarix:

19-02-2021, 15:27

/ 576 dəfə oxundu.
Sinif rəhbərindən 11-cilərə XƏRAC: - “Yoxsa qiymətiniz kəsiləcək”

Uşaqlar əziyyətlə 11 il oxusun, pandemiya, stress, həyacan ilə əlləşsin, sən də 50 manat yeyə bilməyəcəyin üçün uşağa qiymət yazma”.

Yenicag.az-a daxil olan məlumata görə, Qaradağ rayonu Səxavət Məhərrəmov adına 106 nömrəli tam orta məktəbdə 11-ci siniflərdən birinin rəhbəri olan müəllimə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə şagirdlərdən pul yığılması haqqında bəyannamə hazırlayıb.

O, hazırladığı “bəyannamə”ni WhatsApp vasitəsilə şagirdlərə göndərərək, “sənəd”in digər uşaqlara da çatdırılmasını tapşırıb. “Bəyannamə”də yazılan bəndlərdə 11-ci sinif şagirdlərinin bu il məzun olacaqları nəzərə alınaraq, ötən illərlə müqayisədə bu dəfə 8 Mart üçün yığılan məbləğin bir qədər baha, yəni minimum 100 manat olacağı qeyd edilib.

Bununla yanaşı, bu pulun yığımının şagirdlərin II yarımil üçün qiymətlərinə təsir göstərəcəyi xüsusi vurğulanıb. Pul yığımında iştirak etmək istəməyən şagirdlərə xəbərdarlıq edən müəllimə öncədən bildirib ki, müəllimlərə pul verməyən uşaqlara yüksək qiymət yazılmayacaq. Xüsusilə, Rəfiqə müəllimə tərəfindən şagirdlərin qiyməti bilərəkdən kəsiləcək.

“Bəyannamə”nin tələbinə görə, qiymətləri aşağı olan şagirdlər II yarımil üçün göstəricilərinin yaxşılaşdırılmasından ötrü qiynətlərinin qaldırılması üçün əllərini ciblərinə salmalıdırlar. Bu məsələdə isə Səriyyə və Etibar müəllimlərə ödəniş etməyin məcburi olduğu diqqətə çatdırılıb.

İmkanı az olan şagirdlər 40 manat, imkanı yuxarı olan şagirdlər isə 50 manat civarında ödəniş etməlidirlər. Ödəniş tələbi 18 şagirdi nəzərdə tutan bu prosesə sinif nümayəndəsi və onun müavini nəzarət edəcək. Belə ki, sinif nümayəndəsi qızlardan, müavin isə oğlanlardan tələb olunan pulu yığmalıdır. Toplanan yekun məbləğ isə Rəfiqə müəlliməyə təqdim olunmalıdır.

Bu barədə sosial şəbəkədə paylaşım edən şagirdlərdən birinin yaxını bildirib ki, “bəyannamə”ni oxuyanda əsəbləşməmək mümkün deyil. Rüşvətxorluq baş alıb gedir və bu, məktəblərdə adi hal kimi demək olar, hər il təkrarlanır:

“Hamı buna susur və üstəlik o rüşvətxorlara pulları da verirlər. Niyə susmalıyıq ki? Bu, nə vaxta kimi davam edəcək? Mən məktəbi Bakıda oxumamışam, rayonda, kənd məktəbində oxumuşam və bizdə əsla belə şeylər yox idi. Biz müəllimə bir dənə gül aparıb verəndə müəllim utanırdı, “lazım deyil”, – deyirdi.

Pul vermək nədir axı? Özü də 50 manat? Kasıblara da 10 manat endirim ediblər. Tüpürüm belə müəllimliyə də, belə sistemə də… Hələ adını qırmızıladığım müəllimlərdən biri kişi idi. 8 Martda kişiyə niyə pul verirsiniz, yaxşı? Üstəlik pul verməsələr, müəllimlər halallıq verməyəcəkmiş. Əsəbdən qəhqəhə atdım o hissəni oxuyanda…

Sənin kimi rüşvətxor halal nədir bilir ki, hələ kiməsə halallıq da verir? Pul verməyənə isə qiymət yazmayacaqmış. Uşaqlar əziyyətlə 11 il oxusun, pandemiya, stress, həyacan ilə əlləşsin, sən də 50 manat yeyə bilməyəcəyin üçün uşağa qiymət yazma. Bu, bəzilərinizə normal gələ bilər, hətta “əşi nə var ki burda, hər il hər yerdə olan şeydir də” deyə də bilərsiniz. Ancaq mən susmayacağam və çalışdığım qədər ictimailəşdirəcəyəm”.

Qeyd olunan ittihamın ciddiliyini nəzərə alaraq, Qaradağ rayonu Səxavət Məhərrəmov adına 106 nömrəli tam orta məktəbin direktoru Təranə Qasımova ilə əlaqə saxladıq. Təranə Qasımova məlum iddia ilə bağlı Yenicag.az-a açıqlamasında yayılan informasiyanın reallığı əks etdirmədiyini bildirib:

“Bu, çox qəribə informasiyadır. Ümumiyyətlə, o cür söhbət yoxdur. Yəqin ki, bu söhbət tarixdn də silinəcək. Yayılan məsələ mənə çox qəribə gəldi. Etibar müəllim hərbi rəhbərimizdir, sinif rəhbərliyi yoxdur.

Əgər qeyd edilən hal real olsaydı, bizə məlumat verilərdi. Hazırkı vəziyyətdə məktəbdə iki və ya üç dəfə dərs keçirilir. Biz maksimum səviyyədə çalışırıq ki, şagirdləri materiallarla təmin edək. Yəni biz uşaqları qiymətlə qorxutmuruq.

Mən özüm bir müəllim kimi dərsə girirəm və ya distant dərs aparıram. Az vaxt ərzində fikrim ancaq materialı uşağa mənimsətməkdən ibarətdir. Öz zəhmətimin bəhrəsini uşaqdan geri istəyirəm, burada hansı qorxutmaq ola bilər? Yayılan informasiya çox cılızdır”.
Sinif rəhbərindən 11-cilərə XƏRAC: - “Yoxsa qiymətiniz kəsiləcək”

Şərhlər

XƏBƏR LENTİ