SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yəqin ki gənc nazirimizə bu FAKTLAR MARAQLIDIR... - Övladlarımızı NECƏ OXUDAQ?

Yəqin ki gənc nazirimizə bu FAKTLAR MARAQLIDIR... - Övladlarımızı NECƏ OXUDAQ?

Tarix:

10-02-2021, 12:40

/ 653 dəfə oxundu.
Yəqin ki gənc nazirimizə bu FAKTLAR MARAQLIDIR... - Övladlarımızı NECƏ OXUDAQ?

Ötən ilin mart ayının 3-dən koronavirus infeksiyasına görə təhsil müəssisələrində tədris prosesi dayandırılıb. Distant (məsafəli) təhsil proqramlarının tətbiqi bölgələrdə internetlə bağlı problemləri, telefon və kompüter imkanlarının olmaması kimi çatışmazlıq və çətinlikləri üzə çıxarıb.

“Gözətçi”yə Ağdaş, Göyçay və İsmayıllı rayonlarından daxil olan şikayət və məktublarda müəllim və valideynlər distant təhsilin effektivsizliyindən və əlçatan olmamasından narazılıqlarını bildiriblər.

Kənddə internet yoxdur, mobil operatorların internet paketi isə bahadır

Ağdaş rayonu Yuxarı Ləki tam orta məktəbinin tarix müəllimi Qorxmaz Abdurrəhimov deyir ki, şagirdlər internet, komputer və ya telefon olmaması səbəbindən dərslərdə iştirak edə bilmirlər:

“Bəzi siniflərdə 2-3, bəzilərində isə 4-5 nəfər şagird proqrama qoşulub, dərslərdə iştirak edə bilir.”

Göyçay rayonun Yenikənd kəndinin sakini Azər Osmanovun övladı birinci sinifdə oxuyur. A.Osmanov deyir ki, kənddə internet xəttinin olmaması əsas çətinliklərdəndir. Onu fikrincə, distant təhsil ibtidai siniflər üçün yox, yuxarı yaş həddində olanlar üçün effektli ola bilər:

“İbtidai siniflər üçün mütləq canlı təmas lazımdır. Uşaq ibtidai sinif müəllimi ilə formalaşır, onu təqlid edir, onu təkrarlayır.”

Həmin kəndin başqa bir sakini Samirə Süleymanova isə bildirib ki, onun övladları ilə bir sinifdə oxuyan şagirdlərin yalnız otuz beş faizi dərslərdə iştirak edə bilir. S. Süleymanova mobil internet tariflərinin bahalığından da şikayətlənib:

“Kənddə internet xətti yoxdur, mobil operatorların internet paketləri isə çox bahadır. Təsəvvür edin, ayda bir şagird üçün internetə 30-40 manat pul xərcləyirik. Həmçinin kreditlə telefon da götürmüşük ki, bunun da ödənişini çətinliklə ödəyirik. Azərcell 10 manata Microsoft Teams proqramı üçün 100 GB internet təklif edir, ancaq internetin sürəti çox zəifdir. Dərs üçün göndərilən şəkillər açılmır, səs yazısı göndərmək, görüntülü danışmq olmur.”

Yenikənd kənd sakinləri imza toplayaraq, kəndə internet xəttinin çəkilməsi ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət göndəriblər, ancaq şikayətləri cavabsız qalıb.

Evdə otaq çatışmazlığına görə uşaqlar dərslə məşğul olmağa yer tapa bilmirlər

Göyçay rayonu 7 №li tam orta məktəbdə tarix müəllimi işləyən Aqil Cəfərov internet probleminə görə dərs keçə bilmir. Aqil Cəfərov bildirib ki, dəfələrlə Aztelekom Göyçay şöbəsinə həm yazılı, həm də şifahi şikayət etsə də, onun evinə gələn internet-telefon xəttindəki nazaslığı aradan qaldırmaq mümkün olmayıb:

“Distant təhsilin problemi demək olar ki, respublika üzrə eynilik təşkil edir. Bunun birinci səbəbi internetdir, ikinci isə cihazların olmamasıdır. Digər səbəblər isə müəllimlərin qeri-peşəkar yanaşması, valideynlərin laqeydliyi, məktəb rəhbərliyinin ciddi yanaşmamasıdır. Elə məktəblər var ki direktor, müavin qapı-qapı gəzib valideynlərə uşaqlarının dərslərdə iştirak etməsini tələb kimi qoyurlar.”

Sözü gedən məktəbin fizika müəllimi Asiman Süleymanova isə şikayət etməyin əhəmiyyətsiz olduğunu düşünür:

“Elə sinif var ki, 12-13 şagird , elə sinif də var ki, 4-5 şagird dərslərdə iştirak edir. Heç distant təhsillə bağlı metodiki vəsaitlə də tanış deyiləm. Qardaşımın iki övladı şagirddir, evdə otaq çatışmazlığına görə uşaqlar dərs keçməyə yer tapa bilmirlər.”

Məktəbin Gənclərin Çağırışaqədərki Hazırlıq (GÇH) müəllimi Elşən Süleymanov da bildirib ki, distant təhsilə başlayandan o, dərs keçə bilməyib:

“Bildiyimiz kimi, GÇH fənni 10-11 siniflərdə tədris olunur, bu sinif şagirdləri demək olar ki bütün respublika üzrə, repetitor yanına gedirlər. Ona görə də GÇH fənninin Microsoft Teams da, internetdə, onlayn formada keçirilməsinə vaxt ayırmırlar. Bu fənlə bağlı problem hələ əyani tədris prosesində özünü göstərirdi. Əsas fənn sayılmayan GÇH fənninə şagirdlər maraq göstərmirlər, sadəcə atıcı silah gətirəndə, hansısa hərbi-idman yarışlarında iştirak etmək üçün hərbi formanı geyib əsgər kimi addımlamaq istəkləri ilə qismən dərslərə, məşqlərə qatılırdılar.”

Uşaqlar Microsoft Teams proqramından yox, whatsapp danışıq platformasından istifadə etməli olurlar

Göyçay rayon Məlikkənd kənd sakini Məcid Abdullayev Qarabağ müharibəsi veteranıdır, iki övladı var, hər ikisi məktəblidir. Müsahibimiz bildirib ki, evdə internet xətti var, ancaq iki şagird bir telefon işlədir, başqasını almağa isə imkan yoxdur:

“Müəllimlər işlərinə ciddi yanaşırlar, amma distant təhsil keyfiyyətli ola bilməz. Uşaqlar Microsoft Teams proqramından yox, adi whatsppdan istifadə edərək dərslərini öyrənirlər. Görüntülü olan digər proqramlar, məsələn, zoom, skype işə yaramır, bağlantı tez-tez kəsilir.”

Şərhlər

XƏBƏR LENTİ