XalqXəbər.Az

XalqXeber.Az » Sosial » İnam Kərimiv nə düşünür: BATSINMI FERMERLƏR?.. - Zirədə 10-a yaxın istixana bağlandı

İnam Kərimiv nə düşünür: BATSINMI FERMERLƏR?.. - Zirədə 10-a yaxın istixana bağlandı

İnam Kərimiv nə düşünür: BATSINMI FERMERLƏR?.. - Zirədə 10-a yaxın istixana bağlandı
5-02-2021, 10:14

Azərbaycandan Rusiyaya pomidor ixracı ilə bağlı problemlər davam etməkdədir. Artıq 2 aya yaxındır şimal qonşumuzun Fitosanitar qurumu - “Rosselxoznadzor” ölkəmizdən Rusiyaya alma və pomidor ixracına qadağa tətbiq edib. Qurum qərarını həmin məhsullarda Rusiya ərazisində qadağan olunmuş zərərvericilərin aşkarlanması ilə əsaslandırır. Lakin əksər müşahidəçilər, həmçinin pomidor istehsalçıları hesab edirlər ki, problem siyasi xarakter daşıyır, Rusiya hakimiyyətinin Azərbaycana təzyiqinin nəticəsidir.


Maraqlıdır ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “Rosselxoznadzor”la apardığı danışıqlar nəticəsində dekabrın 16-dan yanvar ayının sonunadək bir sıra müəssisələrə məhsullarının Rusiya Federasiyasına idxalına icazə verilib. Bunun üçün ardıcıl olaraq AQTA və “Rosselxoznadzor” mütəxəssislərinin iştirakı ilə Azərbaycanın müxtəlif bölgələrində yerləşən pomidor yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib. Yanvarın sonunadək AQTA tərəfindən ölkə üzrə fəaliyyət göstərən 275 pomidor istehsalı və ixracı ilə məşğul olan müəssisə haqqında zəruri məlumatlar rəsmi qaydada Rusiya Federasiyasının müvafiq qurumuna təqdim olunub.

Həyata keçirilən tədbirlər nəticəsində Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 39 pomidor, 10 alma məhsulu istehsalı müəssisəsinə ixrac üçün icazələr verilib. Bu müəssisələrin 2021-ci il üzrə ixrac proqnozu 116 min 393 ton pomidor təşkil edir. İxracına icazə verilən təsərrüfatların bu il üzrə ixrac proqnozu 2020-ci ildə Rusiya Federasiyasına ixrac olunmuş pomidorun 64.6 faizini təşkil edir. Ancaq “Rosselxoznadzor”un rəsmi məlumatına əsasən, 5 pomidor istehsalı müəssisəsi üzrə ixrac olunan məhsul partiyalarının nəqliyyat vasitələrində, tarlalarında karantin tətbiq edilən zərərli orqanizmlərin aşkarlanması səbəbindən həmin təsərrüfatlara ixrac sertifikatlarının verilməsi müvəqqəti dayandırılıb.

Rusiyanın ardınca yanvar ayında Qazaxıstan da Azərbaycandan pomidor idxalına məhdudiyyət tətbiq etdi. Bu ölkə də pomidorlarda zərərvericilərin - qonur qırışıqlıq virusunun aşkarlandığını bildirir. Məsələ ilə bağlı AQTA və aidiyyəti qurumlarla birgə Qazaxıstan tərəfi ilə aparılan danışıqlar, həmçinin agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlardan, yük partiyalarından və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən yanvarın 29-dan bu ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.

Eyni zamanda sözügedən virusun bir sıra dünya ölkələrində yeni karantin tətbiq olunan zərərli orqanizm kimi müəyyən olunması nəzərə alınaraq virusun tədqiqi ilə bağlı hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Bundan sonra icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından AQTA tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.

AQTA rəhbərliyindən mətbuata verilən məlumata görə, agentliyin mütəxəssisləri tərəfindən aparılmış monitorinqlər zamanı bəzi müəssisələrdə bitki mühafizəsi və zərərvericilərə qarşı mübarizə tədbirlərinin lazımi səviyyədə aparılmadığı aşkar olunub və bununla bağlı həmin sahibkarlıq subyektlərinə rəsmi qaydada xəbərdarlıqlar edilib, bildirişlər göndərilib: “Ancaq təəssüf ki, müşahidələr göstərir ki, hələ də bir sıra təsərrüfat subyektləri məsələyə ciddi yanaşmır və bununla da öz təsərrüfat sahələri ilə yanaşı, ölkəmizdə bitki sağlamlığı və zərərvericilərə qarşı həyata keçirilən müvafiq tədbirlərin effektivliyinə ziyan vururlar. Bu cür təsərrüfat sahibləri nəzərə almalıdırlar ki, beynəlxalq ticarət qaydalarına, həmçinin idxalçı ölkənin idxal tələblərinə əsasən yalnız zərərvericilərdən azad təsərrüfatlardan məhsulun ixracı mümkündür. Əks halda, həmin müəssisələrdə istehsal olunmuş məhsullardan götürülmüş nümunələrin laborator müayinələri zamanı zərərvericilər aşkarlanacaq və idxal olunması üçün məhsul partiyalarına müvafiq sertifikatlar verilməyəcək”.

Göründüyü kimi, Rusiyaya ixracına icazə verilənlər əsasən böyük təsərrüfatlardır. Kiçik təsərrüfatlarla bağlı vəziyyət isə ürəkaçan deyil. “Xəmsə” MMC-nin sahibi, həm də pomidor istehsalı ilə məşğul olan iş adamı Mürvət Həsənlinin sözlərinə görə, son 1 ayda Zirədə 10-a yaxın istixana təsərrüfatı fəaliyyətini dayandırıb: “İstixanalarda yetişdirilən pomidorun 1 kiloqramının maya dəyəri 1,5 manata başa gəlir. Bu gün daxili bazarda pomidorun kiloqramı 0,5-1 manat arasında dəyişir. Pərakəndə satışa bu qiymətə çıxması üçün onun istehsalçıdan alış qiyməti 0,25-0,70 qəpik olmalıdır. Yəni hazırda istehsalçılar məhsulu daxili bazara maya dəyərindən 6-7 dəfə ucuza satırlar. Bununla əldə olunan vəsaitlə heç kubmetri 20 qəpiyə olan qazın pulunu çatdırmaq mümkün deyil, nəinki işçi saxlayıb maaş vermək. Ona görə də son iki ayda təkcə Zirədə 10-a qədər təsərrüfat fəaliyyətini dayandırıb. Əksəriyyətində qazpulunu ödəyə bilmədiyinə görə qaz təchizatı dayandırıldı, pomidorlar məhv oldu. İndi hamı gözləyir ki, yaz açılsın, qaza ehtiyac olmasın, yenidən pomidor yetişdirsin”.

Yanvarın 6-da 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev Rusiyaya pomidor ixracına qadağa qoyulmasının Azərbaycan üçün gözlənilməz olduğunu bildirib: “Biz burada da ixrac potensialımızı şaxələndirməliyik. Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın. Məhz ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yəni demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq”.

Aqrar məhsulların demək olar ki, bütünlüklə Rusiya bazarına istiqamətlənməsinin təhlükəli tendensiya olmasına dair son illərdə müstəqil ekspertlər tərəfindən dəfələrlə qeyd edilib. Lakin faktiki olaraq ixrac bazarının diversifikasiyası istiqamətində yetərli addımlar atılmayıb. Bu məsələ yalnız Rusyanın qadağasından sonra diqqət mərkəzinə gətirilib. İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayevin verdiyi məlumata görə, Rusiya qadağa tətbiq etdikdən sonra ixracatçıları Körfəz və Qazaxıstan bazarına yönəldiblər: “2020-ci ilin dekabrından bu günə qədər Qazaxıstana 800 ton pomidor ixrac edilib. Bu isə 2019-cu ilin pomidor ixracının 70 faizini bir aya həyata keçirməyimiz deməkdir. Rusiyaya getməyən məhsullar başqa bazarlarda öz alıcısını tapdı. Məhsullar dərhal digər bazarlara diversifikasiya edildi və ixracatçılarımız pomidorlarını Belarus, Ukrayna, Polşaya ixrac etdilər”.

Y.Abdullayev vurğulayıb ki, Rusiya bazarı çox böyük bazardır: “Biz bu bazarda artıq formalaşmışıq. Rusiyanın idxalla bağlı məhsullara qoyduğu tələblər Avropanın tələblərindən heç də zəif deyil. Biz, sadəcə olaraq, ixracatçılarımızı Rusiya bazarlarına yönləndirmişik. Rusiyanın böyük satış şəbəkələrində məhsullarımıza qoyulan tələb Avropa satış şəbəkələrində qoyulan tələblə eynidir. Sadəcə, Rusiya logistika nöqteyi nəzərdən bizim ixracatçılarımıza rahatdı. Rusiyaya satılan məhsullar yüksək standartlara cavab verir və yüksək sertifikatlara malikdir. Rusiyaya satılan məhsul sertifikatsız məhsul demək deyil. Rusiya açıq bazardır və biz o bazarda dünyanın aparıcı ölkələrinin məhsulları ilə rəqabət aparırıq”.

Lakin reallıq göstərir ki, keyfiyyət və standartlara cavab vermək məsələsində Azərbaycan məhsulları ilə bağlı vəziyyət heç də qənaətbəxş sayılmır. Məsələn, son vaxtlar Azərbaycan pomidorlarının Avropa Birliyinə ixracı məsələsi müzakirə olunur. İş adamı M.Həsənlinin sözlərinə görə, Avropa Birliyi idxal pomidorlarına yalnız zərərvericilərlə bağlı deyil, tərkibinə görə də tələblər müəyyənləşdirir: “Biz hazırda məhsulumuzu Polşaya ixrac etməyə başlamışıq. Burada bir neçə çətinlik var. Əvvəla, yol uzundur, nəqliyyat xərci çoxalır, çatdırılma müddəti uzanır. İkincisi, Avropa Birliyi ölkələri pomidorun tərkibini yoxlayır, müxtəlif mineralların, gübrələrin miqdarını yoxlayırlar. Baxın, Yaponiya bir müddət əvvəl bizim bütün meyvə növlərindən aparıb yoxlamadan keçirdi, yalnız nar məhsulunun idxalına icazə verdi. Avropa Birliyi də təxminən eyni tələblərlə işləyir. Rusiyada isə belə tələblər yoxdur. Düşünürəm ki, Rusiyanın dekabrda bütün Azərbaycandan məhsul idxalına qadağa qoyması siyasi xarakter daşıyırdı. Çünki digər bütün ölkələr üzrə ayrı-ayrı bölgələrdən idxalı dayandırdılar, yalnız Azərbaycana bütün ölkə üzrə qadağa qoydu. İndi ayrı-ayrı şirkətlərə icazə verirlər, amma istehsalçılara dəyən zərər dəyib artıq. Ən çox məhsulun satışı olacaq dekabr-yanvarda imkan vermədilər, indən sonra versələr nə olasıdı...”

Qeyd edək ki, 2020-ci il ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pomidor 201.4 milyon dollarla ikinci yerdə qərarlaşıb. 2019-cu ilin dekabrında ixrac olunan qeyri-neft məhsulları siyahısına 22,6 milyon dollarla pomidor başçılıq etmişdi. 2020-ci ilin dekabrında ixrac iki dəfədən də çox azalmaqla 10 milyon 963,31 min dollar təşkil edib. Halbuki ondan əvvəlki ayda - noyabrda pomidor ixracı 17 milyon 371,31 min dollar olmuşdu.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.