XalqXəbər.Az

XalqXeber.Az » Sosial » İkibaşlı səhiyyədə korrupsiya hansı qurumdan qaynaqlanır... - GƏLİŞMƏ

İkibaşlı səhiyyədə korrupsiya hansı qurumdan qaynaqlanır... - GƏLİŞMƏ

İkibaşlı səhiyyədə korrupsiya hansı qurumdan qaynaqlanır... - GƏLİŞMƏ
29-01-2021, 10:57

Ötən həftə Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov, Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Baş Prokurorluq bu barədə rəsmi məlumat yayıb.

Səhiyyə sistemində problemlər, o cümlədən korrupsiya yeni xəbər deyil. Xüsusən pandemiya dövründə səhiyyəmizin əyər-əskikləri bütün çılpaqlığı ilə üzə çıxdı. Bəs, belə vəziyyətin səbəbləri nələrdir? Vəziyyəti düzəltmək üçün nələr etmək lazımdır?

Suallarımızı mütəxəssislərə ünvanladıq.

Həkim-pulmanoloq İbrahim Əsədli “Press Klub”a bildirdi ki, balıq başdan iylənər:

“Ölkədə korrupsiya haradan qaynaqlanırsa, səhiyyə sistemində də oradan qaynaqlanır. İnsanları işə peşə bacarıqlarına görə götürmürlər. Vəzifəyə təyin edəndə bacarığına görə təyin etmirlər. Pul almaqla, tanışlıqla, hansısa şərtlərə görə təyin edirlər. Korrupsiya əsasən bundan qaynaqlanır. Bütün bu hallar aradan qaldırılsa, işə professionallar cəlb olunsa, cənab prezident buna özü şəxsən diqqət yetirsə, korrupsiya yığışdırılacaq”.

Sosioloq Əhməd Qəşəmoğlu isə deyir ki, korrupsiya məsələsi nə bugünün, nə də dünənin məsələsidir.

Onun fikrincə, hansı cəmiyyətdə korrupsiya halları çox olursa, orada get-gedə gərginlik artır, qarşıdurma çoxalır:

“Nəfsini saxlaya bilməyib, korrupsiyaya bulaşan insanlar bizim ümumi işimizə mane olur. Bunlar bizə çox böyük zərbə vururlar”.

Ə. Qəşəmoğlu qeyd etdi ki, müharibədə əldə etdiyimiz qələbədən sonra dünyada yaxşı imicimiz formalaşmaqdadır:

“Bunun yanında biz korrupsiyaya, rüşvətə qarşı mübarizəmizi də gücləndirsək, bu, imkan verəcək ki, dünyanın qabaqcıl ölkələri sırasında adımız çəkilsin. Amma korrupsioner insanlara bizim dünyadakı mövqeyimiz maraqlı deyil. Bu cür insanlara qarşı daha sərt tədbirlər görmək lazımdır”.

Korrupsiya hallarını aradan qaldırmağın yollarına toxunarkən sosioloq bildirdi ki, hər insanın başında bir polis dura bilməz:

“Öncə özümüz fərd olaraq belə hallara qarşı mübarizə aparmalıyıq. Ölkədə ictimai qınağı gücləndirməyə çalışmalıyıq. İctimai qınaq haqqında cənab prezidentimiz də dəfələrlə danışır. Amma sanki bir çox məmurlar bunu eşitmir. İctimai qınaq çox güclü olmalıdır. Bununla bağlı maarifləndirmə aparmalı, insanların diqqətini artırmalı, həm də inzibati cəzalar həyata keçirilməlidir. Dünya təcrübəsində də həm maarifləndirmə, həm də müxtəlif inzibati müdaxilələr var”.

Ə.Qəşəmoğlu hesab edir ki, hər hansı şəxs vəzifəyə təyin olunarkən onun dəyərlərinə diqqət yetirmək vacibdir: “İkincisi isə elə bir mexanizm qurulmalıdır ki, onun rüşvət almaq şansı olmasın”.

Xatırladaq ki, 2019-cu il üzrə Azərbaycan Korrupsiya Qavrama İndeksində 30 balla 180 ölkə arasında 126-cı sırada yer alıb.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.