XalqXəbər.Az

XalqXeber.Az » Sosial » ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir - İTTİHAM

ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir - İTTİHAM

ATU-nun daha bir əməkdaşı rektordan şikayətçidir - İTTİHAM
28-01-2021, 10:58

Azərbaycan Texnologiya Universitetinin (ATU) rektoru Akif Süleymanovla bağlı “Hürriyyət”də dərc olunan “ATU-da baş verən qanunsuzluqlar son həddə çatıb” sərlövhəli yazıdan sonra redaksiyamıza növbəti müraciət daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Təhsil naziri Emin Əmrullayevə müraciət edən Gəncə şəhər sakini Şirinova Aygün Rafiq qızının məktubunu olduğu kimi dərc edirik:

“Çox hörmətli Mehriban xanım!

Sizdən qadın həmrəylini nəzərə alıb, mənə dəstək olmağınızı, səsimə səs vetməyinizi xahiş edirəm. Mən Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşıyam. Çoxsaylı şikayət ərizəsi ilə müraciət etməyimə baxmayaraq, bu günə qədər problemimin həllinə nail ola bilmədiyim üçün Sizə yenidən müraciət edirəm.

Mən 2000-ci ildə Gəncə Dövlət Universitetini bitirmişəm. 22.01.2004-cü ildən etibarən Azərbaycan Texnologiya Universitetində kitabxanaçı, 29.12.2019 tarixinədək korrektor vəzifəsində işləmişəm. Ailəliyəm, üç övladım var. İkisi azyaşlıdır. Sizə müraciət etməyimin səbəbi 29.12.2019-cu il tarixində Universitetinin rəhbərliyi tərəfindən səbəbsiz olaraq qərəzli şəkildə işdən azad edilməyimdir.

Əfsuslar olsun ki, Azərbaycan Texnologiya Universiteti fəaliyyətini ”Təhsil haqqında ”Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Qanunu və digər hüquqi-normativ sənədlər əsasında həyata keçirmir.

Belə ki, universitetinin İnsan Kapitalının İdarəetmə Mərkəzinin direktoru Zaur Əliyev mənə və digər işçilərə açıq aşkar şəkildə hədə qorxu gələrək, ”dediyim məzmunda ərizə yazmasanız işdən azad olunacaqsınız, şəxsən özüm turniket kartınızı bağlatdıracam”, – deyərək təkidlə öz iradəmizə zidd 3 ( üç ) və 6 ( altı ) ay müddətinə əmək müqaviləsi bağlanmasına məcbur edib. Mən ali təhsilli, 15 il iş təcrübəsi olan ziyalı, hər hansısa bir özəl müəssisəyə yenicə işə qəbul olunmuş, heç bir təcrübəsi olmayan işçi kimi hər 6 (altı) aydan bir (açıq-aşkar hədələnərək) onların diktə etdiyi məzmunda ərizə yazmağa vadar edilmişəm. İşdən azad edilən xanım iş yoldaşım universitetin hüquqşünası Müşfiq Məmmədova zəng edib etirazını bildirəndə, ”hüquq müdafiəçisi”nin nalayiq söyüşü ilə üzləşdi. Bu barədə fakt da mövcuddur.

Rektor Akif Süleymanov isə “gedin kimə şikayət edirsiniz edin, əlinizdən gələni beş boşqaba çəkin. Məni bura Prezident təyin edib, kimdən kimə şikayət edəcəksiniz”, – deyərək heç kimdən çəkinmədiyini elan edərək, özünü sığortalamaqla məşğul oldu. Düşünməyi, sual verməyi, etiraz etməyi öyrədən müəllimlər bu gün Akif Süleymanovun qarşısında aciz qalıblar.

ATU-da Akif Şamil oğlu Süleymanovun rektorluğu dönəmində kollektiv darmadağın edilib, bir çox ziyalılar, nüfuzlu şəxslər universiteti tərk etmək məcburiyyətində qalıb. Ona görə ki, ATU-da qohumbazlıq, dostluq prinsipi önə çəkilərək kadr təyinatı həyata keçirilir.

Universitetdə sözün əsl mənasında avtoritar idarəçilik sistemi qurulub. Bəli, səhərdən axşamacan öz isti kabinetində mürgü vuran, yuxusunda da rüşvətlə məşğul olan rektorun ”idarəçiliyi” koronavuris bəlasından daha qorxunc və təhlükəlidir.

Universitetdə tələbə və müəllim, eləcə də elmi pedaqoji kadr və köməkçi heyət nisbəti əsla nəzərə alınmır. Əməkdaşlarla əmək müqavilələrinin bağlanması (işə qəbul) , əmək müqaviləsinə xitam (işdən azad olma) , başqa işə keçirilmə haqqında əmrləri gözdən keçirmək üçün nümayəndə göndərsəniz çoxlu sayda qanunsuzluqların şahidi olarsınız. Universitetdə durum demək olar ki, nəzarətdən çıxıb, şəxsi nəzarətə keçib.

Dəfələrlə Akif Süleymanov və onun komandasının çirkin əməlləri və özbaşınalıqları haqqında dövlət qurumlarına rəsmi müraciətlər olunsa da, təəssüflər olsun ki, bu günə qədər heç bir nəticə yoxdur. Əməkdaşların şikayətinə baxılmır. Rektor və komandasının bitib-tükənməz qanunsuzluqlarına etiraz edən hər bir işçi anında onların düşməninə çevrilib, həmin işçi müxtəlif bəhanələrlə təzyiqlərə məruz qalıb, hədə-qorxu gələrək bezdirilib ki, öz xoşu ilə ərizə yazıb işdən getsin və ya digər formada onu işdən azad edilməsi təşkil olunub.

Cənab prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev! Gəncədə fəaliyyət göstərən Azərbaycan Texnologiya Univetsitetinin rəhbərliyi Sizin dəfələrlə məmur özbaşınalığı və rüşvət ilə bağlı etdiyiniz xəbərdarlıqlara məhəl qoymur. Rektor Akif Süleymanov və komandası üçün ”Qanun şah deyil, Şah qanundur !”devizi mövcuddur ki, onlar üçün ”Şah” qeyri- peşəkarlığı ilə seçilən, universiteti məkrli oyunlar yuvasına çevirməklə nüfuzdan düşməsinə səbəb olan Akif Süleymanovdur”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. //“Hürriyyət” qəzeti//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.