SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də zərərlə işləyir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də zərərlə işləyir

Tarix:

28-01-2021, 10:05

/ 712 dəfə oxundu.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi də zərərlə işləyir

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2019-cu ili 56,166 milyon manat xalis zərərlə başa vurub. Bu, 2018-ci illə müqayisədə 42% çox deməkdir. Son nəticədə qurumun yığılmış zərəri 79,9% artaraq 126,486 milyon manata çatıb.

2019-cu il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin göstərdiyi xidmətlərdən gəlirləri 1,874 milyon manat (2018-ci ilə nisbətən 21,5% çox), xidmətlərinin maya dəyəri 35,777 milyon manat (17,9% çox), sair gəlirləri 323 min manat (39,6% az), ümumi və inzibati xərcləri 22,962 milyon manat (2 dəfə çox), maliyyə gəlirləri 652 min manat (21,8 dəfə çox), maliyyə xərcləri 181 min manat (2018-ci ildə olmayıb), mənfəət vergisi ödəmələri isə 96 min manat (25,1 dəfə çox) təşkil edib.

2020-ci il yanvarın 1-nə Agentliyin aktivləri 174,167 milyon manat olub ki, bu da illik müayisədə 2,4 dəfə çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 82,1% artaraq 5,599 milyon manata, balans kapitalı isə 2,4 dəfə artaraq 168,667 milyon manata, o cümlədən nizamnamə kapitalı 2,4 dəfə artaraq 9,566 milyon manata çatıb.

Zərərin səbəblərini “Press Klub”a şərh edən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, buna iki əsas faktor təsir göstərə bilər:

“2020-ci ildə pandemiyanın baş verməsi icbari tibbi sığorta istiqamətində tələbi kəskin artırıb. Çünki bu amil sığorta hadisəsinin sayını əhəmiyyətli səviyyədə artırdı. İcbari tibbi sığorta tarifləri hesablanarkən bu kimi məqamlar nəzərə alınmamışdı. Orada əsasən əhalinin gücü nəzərə alınır ki, əhali hansı ödənişləri edə bilər, gücü hansına çata bilər və s. Bütün bunlar normal dövr üçün hesablamalara zəmin yaradır”.

Ekspert hesab edir ki, belə dönəmdə həm dünyada, həm də Azərbaycanda sığorta fondlarının zərərlə üzləşməsi başadüşüləndir:

“Zərərə dair ikinci məqam şəffaflıq məsələsi ilə bağlıdır. Xərclərin şişirdilməsi hallarına tez-tez rast gəlinir. Bununla bağlı şikayətlər var. Korrupsiya riskləri çox yüksəkdir. Bu özü də “fake” zərərin formalaşmasına gətirib çıxarır. Əslində sözügedən zərər fundamental səbəblərdən qaynaqlanmır. Yəni “fake” zərər formalaşır. Kimlərsə həmin vəsaitləri mənimsəyirlər”.

Həsənovun fikrincə, bu iki faktor 2020-ci ildə fondun zərərlə üzləşməsinə gətirib çıxarıb.

Zərərin hansı yolla kompensasiya ediləcəyinə gəldikdə isə iqtisadçı deyir ki, qanunvericiliyə uyğun olaraq həm dövlətdən borclanma, həm də ayrı-ayrı kredit təşkilatlarından borclanma ilə vəsait cəlb etmək, bu yolla da zərəri kompensasiya etmək mümkündür:

“Eyni zamanda, növbəti dövr üçün yığımlar da həmin zərərin kompensasiyasına yönəldilə bilər. Çünki sığorta fondlarının fəaliyyəti sığorta ödənişləri və sığorta yığımları üzərində qurulur. Sığorta yığımlarının həcmi əksər dövrlərdə sığorta ödənişlərindən çox olur. Məsələn, Əmanətlərin Sığortalanması Fondunda belə bir mexanizmə əl atdılar: hökumət Mərkəzi Bank vasitəsilə Fonda yardım – güzəştli kredit verdi, Fond yenidən həmin krediti ger qaytardı. Əmanətlərin Sığortalanması Fondu ilə bağlı yenə də bənzər proses davam edir. İcbari Tibbi Sığorta Fondu üçün də bu prosedur tətbiq edilə bilər. Bir sözlə, zərəri kompensasiya etmək üçün alətlər çoxdur”.

Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ildə fəaliyyətə başlayıb. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir.

Şərhlər

XƏBƏR LENTİ