XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var - Birinin bir qram etibarı yoxdur

Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var - Birinin bir qram etibarı yoxdur

Ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var - Birinin bir qram etibarı yoxdur
20-01-2021, 13:43

Bu, olduqca vacib və həssas məsələdir deyə, bu haqda öz şəxsi seçimimi sərgiləmək və ya hər hansı bir statusdakı müzakirələrdə kiminsə fikrinə təsir edə biləcək şərh yazmaqdan belə çəkinmişəm. Hətta məsələnin bu qədər lağ-lağıya çevrilməsini də xoş qarşılamadım, çünki hər kəsin beyni qarışır, insanlar yüklənir. Amma baxıram ki, bəzi fikirlər var ki, beynimə sığmır. Ona görə, deməsəm olmaz...

Deməli, vaksinasiya ilə bağlı xəbərlərə sosial mediada münasibətləri oxuyuram.

Dəhşət bir şeydir - ovuc boyda məmləkətin 2 səhiyyə qurumu var, birinin bir qram etibarı yoxdur cəmiyyət arasında. Heç birinin nə gördüyü işə, nə dediyi sözə inanan yoxdur. Həkimlər belə əmin deyil bu qurumların açıqlamalarından. Təsəvvür edirsiniz? Onlar belə başa düşə bilmirlər ki, hansı düz deyir, hansı səhv.

Niyə belədir?
Çünki ilk gündən hər işi o dərəcədə kəllə-mayallaq görürlər ki, sonra nə illah edirlər düzəldə bilmirlər. Əvvəlcə beyinlərə şübhə toxumu səpirlər, sonra da başlayırlar and-aman üsuluna keçməyə...

Eynən virus məsələsi ortaya düşən gündən bu qayda ilə yola davam edirlər. Bu gün bir şey deyirlər, sabahı gün ya təkzib verirlər, ya deyirlər "biz elə demədik, siz başa düşmədiniz", ya da çıxıb hamını danladılar. Yenə də heç kim seçə bilmədi doğru nədir, yanlış nə.

Iki gün öncəki vaksinasiya bilirsiniz ki, bütün sosial mediada şübhə və lağ-lağı ilə qarşılandı. Hətta səhiyyə adamları belə zarafata salıb şprisdə vaksin deyil, başqa dərman olması barədə ehyamlar vurdular. Bir neçə nəfər istisna, mən bu vaksinə inanan, olduğuna şükr edən insana rast gəlmədim. Şübhə, şübhə, yenə də şübhə... səpdilər, getdilər..

Dünən TƏBİB açıqlama verib və açıqlamada görün nə deyilir:

"Sosial şəbəkədə yayılan şəkli yaxınlaşdırdıqda qablaşdırmanın üzərində “only for clinical trial” yazılıb. Yəni, bu, kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub. Əslində tibb işçiləri üçün istifadəsinin rahatlığı baxımından növbəti dəfələrdə birdəfəlik qablaşdırılmış şpris formasında gətirilməsi istehsalçılardan xahiş edilib. Lakin birinci mərhələdə istehsalçı şirkət zamanın az, tələbatın isə çox olduğunu nəzərə alaraq şpris qablaşdırılmasından imtina edib və birnəfərlik flakonlara üstünlük verib".

Cümlədəki gözəlliyə: "onlara vurulan kütləvi istifadə üçün deyil, sadəcə klinik araşdırmalar üçün nəzərdə tutulub".. Deməli, onlara başqa şey, millətə başqa şey vurulacaq?. İndi sabah da çıxıb deyəcəklər ki, biz elə demirdik, siz düz anlamadınız. Elə demədiniz bəs necə dediniz?...

Ay əziz Nazirlik və ondan da əziz TƏBİBin söz adamları, siz olmazdımı ki, bunu əvvəlcədən elan edəydiniz, izah verərdiniz və qeyd edərdiniz ki, "bu yazı sizi aldatmasın, əslində məsələ belə deyil, belədir. İnsanlarımız birdən yanlış anlaya bilər, ona görə indidən bu haqda diqqətinizə filan məsələni çatdırmağı özümüzə borc bilirik". Çətin idi bunu etmək?

Siz necə iş görürsünüz, cəmiyyətə necə informasiya ötürürsünüz, ay başınıza dönüm? Doğrudan aranızda cəmiyyətin reaksiyasını və gördüyünüz işin təqdimatı nəticəsində bir tiyan tutu zay etdiyinizi görə biləcək, təhlil edə biləcək bir nəfər yoxdur, yoxsa strategiyanız elə cəmiyyəti daim şübhə və qorxu içində saxlamağa köklənib?

Kənardan müşahidə edin, siz özünüz kənar bir şəxs olsaydınız gördüyünüz bu işə inanardınız? İnanardım-deyirsinizsə, deməli heç kənardan özünüzü görmə bacarığınız da yoxdur... təəssüf...

Əzizə Ismayılova //dominant.az//

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.