SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Heç kimin yaşamadığı evə 30 azn qazpulu gəlib - NARAZILIQ!

Heç kimin yaşamadığı evə 30 azn qazpulu gəlib - NARAZILIQ!

Tarix:

19-01-2021, 16:16

/ 635 dəfə oxundu.
Heç kimin yaşamadığı evə 30 azn qazpulu gəlib - NARAZILIQ!

"Azəriqaz"dan baxıblar ki, uzun müddətdir sərfiyyat yoxdur, planı da doldura bilmirlər, deyiblər ki, elə bunun üstünə 30 azn dəyərində 300 kub yazaq. Sayğacda göstərici 1853 kub olduğu halda 2153 göstərib mənə 30 azn borc yazıblar”.
Bu sözləri Yeniavaz.com-a Bakı şəhər sakini Qurbanov İsmayıl Talıb oğlu deyib. O bildirib ki, 5 aydan artıq müddətdir Qubadakı evində heç kim yaşamasa da “Azəriqaz”dan 30 azn borc bildirişi gəlib:
“Hər ayın 7 və ya 8-i nəzarətci gəlib sayğacı oxudur və qəbz sistemə vurulur. Bu zaman mənə bildiriş gəlir ki, məsələn sizin bu qədər borcunuz var. Avqust ayının 8-dən etibarən Qubanın Amsar kəndində yerləşən mənə məxsus evdə heç kim yaşamır. Avqustun 8-də sayğac nəzarətçi tərəfindən oxudulub. Ayın 9-da isə mən sayğacın fotosunu çəkdim. O vaxtdan indiyə qədər cəmi 1, 40 azn mənə borc bildirişi gəlib. Fikirləşirdim ki, sızma ola bilər və ya evə baxmaq üçün kimsə gedəndə qazı yandırmış ola bilər.
Yanvar ayının 14-də borcla bağlı mənə bildiriş gəldi. Bildirişdə borcumun 30 manat olduğu göstərilirdi. Məsələni araşdırmaq üçün “Azəriqaz”ın öz səhifəsinə girdim. Baxdım gördüm yazıblar ki, “31 dekabr da sizin sayğacınız oxunub, orada 2153 kubdur”. Nəzarətçiyə zəng etdim ki, bu nə deməkdir, mən evdə yaşamadığım halda mənə 300 kub qaz sərfiyyatı yazılıb. Mənə dedi ki, mənim əlimdə ayın 8-də oxutduğum qəbzin var və orada göstərici 1853 kubdur. Mən sayğaca baxması üçün evə adam göndərdim. Baxdılar və mənə dedilər ki, hazırda da sayğacın göstəricisi 1853-dür. Məsələ belə olub ki, yanvar ayının 8-də nəzarətçi gedib sayğacı oxudub. Qəbzdə sayğacın göstəricisi 1853 kub olub. Yəni sərfiyyat yoxdur. Hətta qəbzin altında “sizin borcunuz yoxdur” deyə qeyd də olunub. Bundan 6 gün sonra isə mənə borc gələndə nəzarətçinin oxutduğu rəqəmdən 300 kub artıq yazılıb. Baxıblar ki, uzun müddətdir sərfiyyat yoxdur, planı da doldura bilmirlər, deyiblər ki, elə bunun üstünə 30 azn dəyərində 300 kub yazaq. Bu dəqiqə komissiya getsin sayğacın üstünü yoxlasın, görəcəklər ki, 1853 kub yazılıb. Sayğaca da heç bir müdaxilə olmadığı bəllidir. Çünki əgər belə bir hal baş versə idi, ayın 8-də nəzarətçi yoxlayan zaman bunu aktlaşdırardı”.
İ. Qurbanov bildirib ki, məsələ ilə bağlı “Azəriqaz”a müraciət edib, lakin ondan Siyəzənə getməsini tələb ediblər:
“Cümə günü “facebook”da “Azəriqaz”ın səhifəsinə yazdım. Şənbə günü yazdılar ki, əlaqə nömrəsi verin, bazar ertəsi məsələ araşdırılacaq. Dünən saat 4-ə qədər gözlədim, zəng etmədilər. Özüm qaynar xəttə zəng etdim, mənə bildirdilər ki, siz regiondakı aidiyyatı şöbə ilə əlaqə saxlayın və mənə bir “whatsapp” nömrəsi verdilər. Mən də bütün məlumatları oraya göndərdim. Mənə bildirdilər ki, siz şəxsiyyət vəsiqəsi və sayğacın indiki göstəricisinin çıxarışı ilə yaxınlaşın şöbəyə. Günah məndə olmadığı halda, niyə buradan durub Siyəzənə getməliyəm?”.
“Azəriqaz” İstehsalat Birliyindən Yeniavaz.com-a bildirildi ki, məsələ yerində araşdırılır.
Qurbanov İsmayıl daha sonra Yeniavaz.com-a müraciət edərək bildirib ki, məsələ ilə bağlı "Azəriqaz" istehsalat birliyindən onunla əlaqə saxlanılıb:
"Bildirdilər ki, texniki xəta baş verib və artıq problem aradan qaldırılıb"

Şərhlər

XƏBƏR LENTİ