XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Saxta pensiya və müavinətlər necə ləğv edilir? - QALMAQAL

Saxta pensiya və müavinətlər necə ləğv edilir? - QALMAQAL

Saxta pensiya və müavinətlər necə ləğv edilir? - QALMAQAL
29-12-2020, 09:35

Ötən həftə Milli Məclisdə “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev çıxışında bildirdi ki, saxta pensiya və müavinətlərin ləğvi nəticəsində 2020-ci il ərzində 250 milyon manat büdcə vəsaitinə qənaət edilib. Onun sözlərinə görə, 2018-ci ilə qədər dövlət büdcəsindən DSMF-ə transfert 38 faiz təşkil edirdisə, cari ildə bu göstərici 25 faizə düşüb.

Qeyd edək ki, nazir bu il martın 16-da prezident İlham Əliyevin qəbulunda olarkən əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə 200 milyon manat qənaət əldə edildiyini söyləmişdi. Bundan əvvəl – fevralın 6-da S. Babayev keçirdiyi mətbuat konfransında saxta və əsassız təyinatların pensiyalar, əlillik müavinətləri və ünvanlı yardım təyinatı ilə bağlı olduğunu qeyd edib. O deyib ki, 2019-cu ildə 11 minə yaxın vəfat etmiş, 3700-dən artıq əsassız əlillik üzərindən pensiya alan şəxs sistemdən kənarlaşdırılıb, 3000-dən artıq ünvanlı yardım təyinatı isə ləğv edilib.

Bu məsələ ötən il Maliyyə Nazirliyinin də diqqətində olub. Nazir Samir Şərifov 2019-cu ilin nəticələrinə həsr olunmuş müşavirədə əlavə transferə ehtiyac olmadığına görə 180 milyon manata qədər qənaətin yarandığını açıqlayıb.

Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə verdiyi rəydə qeyd olunur ki, 2019-cu ilin ortasına əlilliyə görə pensiyaların orta aylıq məbləği 197,6 manat təşkil edib. Ötən il iyulun 1-nə olan məlumata əsasən yaşa görə pensiyanın orta məbləği 259,3 manat olub. Beləliklə, 11 minə yaxın vəfat etmiş şəxsə görə qənaət 34,2 milyon manat təşkil edib. 2019-cu ildə sosial yardım alan ailələrə düşən orta yardım məbləği isə 209 manat olub.

Rəqəmlərdən görünür ki, ilin əvvəlində qənaət olunan vəsaitin həcmi ilin sonunda 50 milyon manat artaraq 250 milyon manata çatıb. Nazirlik bu prosesin necə aparıldığı barədə təfsilatlı məlumat açıqlamayıb. Əldə etdiyimiz məlumata görə, DSMF-də bu işlə ayrıca qrup məşğul olur. Onların apardığı araşdırma nəticəsində vaxtilə təyin olunmuş müavinətlər, pensiya və ünvanlı yardımın qanunlara uyğunluğu yoxlanılır. Əgər vətəndaşların sənədində hansısa çatışmazlıqlar varsa, onlara ödənişlər dayandırılır. Üstəlik, ötən müddətdə onlara ödənilmiş vəsait geri qaytarılır. Bəs, bu prosesin özü nə dərəcədə qanunauyğun aparılır?

Hüquq və İnkişaf Mərkəzinin rəhbəri, hüquqşünas Hafiz Həsənov “pressklub.az”a bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSM) tərəfindən qanunsuz, saxta hesab edilərək dayandırılan və geri qaytarılan pensiya və müavinətlərin məbləğlərinin büdcəyə qəanət kimi təqdim edilməsi düzgün deyil. Onun sözlərinə görə, əslində bu vəsaitlər dövlət büdcəsindən qanunsuz yollarla mənimsənilən vəsaitlərdir:

“Ona görə də, burada təkcə həmin vəsait alan deyil, həm də qanunsuz pensiyanı və ya müavinəti təyin edən vəzifəli şəxsin də məsuliyyəti var. Yəni qanunsuz pensiya və müavinətlərin təyin olunmasında vəzifəli şəxsin ya vəzifə səhlənkarlığı, ya vəzifədən sui-istifadəsi, ya da vəzifə saxtakarlığı kimi korrupsiya cinayətlərinin elementləri olur”.

Həsənovun sözlərinə görə, sonralar məlum olanda ki, həmin pensiya, ya müavinət qanunsuz təyin olunub, bu halda məsuliyyəti yalnız həmin pensiyanın və ya müavinətin təyin olunduğu şəxs daşıyır: “Belə olan halda sual olunur: əgər qanunsuz pensiyanın və ya müavinətin təyin olunması həm vəzifəli şəxsin, həm də alan şəxsin təqsiri üzündən baş veribsə, onda niyə məsuliyyət, o cümlədən maddi məsuliyyət yalnız alan tərəfin üzərində qalmalıdır? Hesab edirəm ki, burada hər iki tərəf qanunsuz əməllərinin dərəcəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilməlidir. Bu, həm də vəzifəli şəxslərin gələcəkdə bu cür əməllərdən çəkindirilməsində müsbət təcrübə yarada bilər”.

Hüquqşünas qeyd etdi ki, nazirlik tərəfindən artıq ödəmələrin geri qaytarılmasının məhkəmə qərarı ilə deyil, birbaşa pensiyalara, müavinətlərə, əmək haqlarına yönəldilməsi də düzgün hesab edilə bilməz:

“Həmçinin, yaxşı olardı ki, vətəndaşlar da nazirliyi pensiya və müavinətlərin qanunsuzluğu və ödəmələrin birbaşa vətəndaşların gəlirlərinə yöndəliməsinə dair qərarlarını məhkəmə qaydasında mübahisələndirərdilər”. //pressklub/az//

[xfvalue_elave] XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.