SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Ölkənin tibbi sahəsinə sən nəzarət edirsən, yoxsa özəl klinikalar?” - Sosioloqdan Ramin Bayramlıya sual

"Ölkənin tibbi sahəsinə sən nəzarət edirsən, yoxsa özəl klinikalar?” - Sosioloqdan Ramin Bayramlıya sual

Tarix:

16-12-2020, 19:24

/ 761 dəfə oxundu.
"Ölkənin tibbi sahəsinə sən nəzarət edirsən, yoxsa özəl klinikalar?” - Sosioloqdan Ramin Bayramlıya sual

TƏBİB COVİD-ə görə məsuliyyət daşıyan qurumdursa, bəs testlərin qiymətinə niyə cavabdehlik edə bilmir?..
ASAM rəhbəri: “Ramin Bayramlı dərhal və qeyd-şərtsiz istefaya göndərdilməlidir”.

“Bildiyimə görə test xaricdən 15 manat civarında alınır. Amma özəl və “gözəl” klinikalar onu 5 qat qiymətə əhaliyə satıb pandemiya və milli faciə üzərindən yaxşı biznes qurur, milyonlar qazanırlar”.

Bu sözləri sosioloq Elçin Bayramlı TƏBİB-in covid testlərinin qiyməti ilə bağlı verdiyi açıqlamanı PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi Azərbaycanda covid testinin qiymətləri əhalinin gəlirlərinə adekvat deyil və bu əhalinin haqlı narazılığına səbəb olur. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı isə bildirib ki, testlərin qiymətilə özəl müəssisələr məşğuldur və onlar bu işə baxmırlar.

TƏBİB sədri deyib ki, təmsil etdiyi qurum xəstələrin müalicəsilə məşğuldur:

“Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi kriteriyalara uyğun olaraq, 20 minə qədər testi ölkəmiz üçün tam olaraq, ödənişsiz həyata keçiririk. Bu barədə məlumat da hər gün ictimaiyyətə açıqlanır. Xaricə gedənlər, öz istəyilə gündə 3 dəfə, 5 dəfə analiz vermək istəyənlər özəl müəssisələrdə analiz verə bilər, biz buna qarışa bilmərik.

Bilirsiniz ki, bizdə bu işlə məşğul olan qurumlar var. Kimlərinsə testlə bağlı narazılığı varsa, müvafiq qurumlara müraciət edə bilərlər. Bizim işimiz xəstələrin müalicəsini təşkil etmək, stasionar xidmətə baxmaq və əhalinin simptomlu qisminin analizini aparmaqdır”.

Artıq ölkədə adət halını alıb ki, bu cür məsələlər olanda qurumlar problemi bir-birlərinin üzərinə atsınlar. Təbii ki, bundan da əziyyət çəkən əhali olur.

Mövzunu PİA.az-ın əməkdaşı ASAM rəhbəri, sosioloq Elçin Bayramlı ilə müzakirə edib.

Elçin Bayramlı: “Səhiyyə sisteminin bütün rəhbərləri istefaya göndərilməli, Operativ Qərargah üzvləri yenidən təşkil olunmalıdır”.

Virusla müharibənin nəticələri Qarabağ müharibəsində verdiyimiz itkilərimizi keçmək üzrədə olduğunu vurğulayan sosioloq bildirib ki, belə getsə, daha ağır nəticələr olacaq. Problem ondadır ki, əksər vətəndaşlarımız müayinə olunmaq, test etdirmək üçün pul tapa bilmirlər. Nəticədə də yoluxma və ölüm halları artır:

“Başdan deyim ki, bu açıqlamaya görə, TƏBİB sədri Ramin Bayramlı dərhal və qeyd-şərtsiz istefaya göndərdilməlidir. Bu nə deməkdir? Necə yəni, testlərin qiyməti ilə özəl şirkətlər məşğul olur və biz bu işə baxmırıq? Bu ölkənin tibbi sahəsinə sən nəzarət edirsən, yoxsa özəl klinikalar? Bu adi proses, adi dərman deyil ki, kim necə istədi satsın.

Əvvəla, qlobal epidemiya ölkələri, əhalini məhv etdiyi, minlərlə vətəndaşımızı öldürdüyü, milli və dövlət təhlükəsizliyimizi təhdid etdiyi bir vaxtda nə özəl klinikabazlıqdır? Bu milli fəlakətdir. Burada heç bir özəldən, gözəldən söhbət gedə bilməz. Bu işlə yalnız dövlət məşğul olmalıdır. Bu testlər bildiyimə görə xaricdən 15 manat civarında alınır. Amma özəl və “gözəl” klinikalar onu 5 qat qiymətə əhaliyə satıb pandemiya və milli faciə üzərindən yaxşı biznes qurur, milyonlar qazanırlar. Hansı ki, bu klinikaların səhiyyə sisteminin başında duranlara məxsus olması haqda ictimaiyyətdə ciddi şübhələr var. Nəticədə yoluxmalar astronomik həddə çatıb ölənlərin sayı xeyli artıb.Əhalinin taleyi üzərində kimlərsə pul qazanmalı deyil.

Elçin Bayramlı: “Əhalinin taleyi üzərində kimlərsə pul qazanmalı deyil”.

İkincisi, niyə vətəndaşlardan müayinə və mülaicə üçün pul alınır? Bəs icbari tibbi sığorta nədən ötrüdür? Bu testləri, dərmanları dövlət gətirməli, dövlət xəstəxanalarının sərəncamına verilməli, vətəndaşlar pulsuz testdən keçməli, pulsuz müayinə və müalicə olunmalıdırlar. Əks halda böyük bir faciə ilə qarşılacağıq. Virusla müharibənin nəticələri Qarabağ müharibəsində verdiyimiz itkilərimizi keçmək üzrədir və belə getsə, daha ağır nəticələr olacaq. Problem ondadır ki, əksər vətəndaşlarımız müayinə olunmaq, test etdirmək üçün pul tapa bilmirlər. Nəticədə də yoluxma və ölüm halları artır

Üçüncüsü, hesab edirəm ki, TƏBİB-in və Operativ Qərargahın səhv və ziyanlı qərarları sayəsində virusla mübarizədə nəticə vermədi, dövlətin milyardlarla pulu batdı, minlərlə vətəndaşımız öldü, on minlərləsi yoluxdu. Üstəlik, insanların müqaviməti də aşağı düşdü və bu o deməkdir ki, getdikcə yoluxma və ölüm sayı artacaq. Yay mövsümündə hər yeri bağlayıb, insanları dənizdən, havadan, günəşdən məhrum etməklə immuniteti və orqanizmin müqavimətini sıfıra saldılar. Metronu bağlayıb, avtobuslarda sərnişinləri daha sıxlıqda getməyə məcbur etdilər. Virusun yayılmasına daha çox səbəb olacaq obyektləri qoyub, daha az təhlükə olan obyektləri bağladılar. Rahatca deyə bilərəm ki, görülən bütün tədbirlər səhv və effektsiz oldu.

Elçin Bayramlı: “Bu klinikaların səhiyyə sisteminin başında duranlara məxsus olması haqda ictimaiyyətdə ciddi şübhələr var”.

İndi isə, testlər, müayinə və müalicədə ciddi biabırçılıqlar baş alıb gedir. Vəziyyəti ağırlaşan vətəndaşlar xəstəxanalara qəbul olunmur və ölürlər. Apteklərdə dərman tapılmır. Bu məsələlər həll olunmaq əvəzinə polis gecə çöldə yaxın bir neçə yüz metrdə insan olmadığı yerdə tək gəzən adamı saxlayıb maska taxmadığına görə 100 manat cərimə yazır. Halbuki, buna hüquqi və qanuni ixtiyarı yoxdur. Bu biabırçılıqlara son qoyulmalıdır.

Qarabağ müharibəsini udduq, virusla müharibəni uduzuruq- məhz bivec, bacarıqsız məmurların ucbatından. Ona görə də, səhiyyə sisteminin bütün rəhbərləri istefaya göndərilməli, Operativ Qərargah üzvləri yenidən təşkil olunmalıdır. Virusla mübarizə proqramı yaradılmalı, bu sahədə uğur əldə etmiş ölkələrin müsbət təcrübəsindən istifadə olunmalıdır”.

Şərhlər

XƏBƏR LENTİ