XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Uşaq pulu” “daşa dirənib”: Qarşısını nə alır? - GƏLİŞMƏ

"Uşaq pulu” “daşa dirənib”: Qarşısını nə alır? - GƏLİŞMƏ

"Uşaq pulu” “daşa dirənib”: Qarşısını nə alır? - GƏLİŞMƏ
14-09-2020, 09:12

Pandemiya şəraitinin gündəmə gətirdiyi məsələlərdən biri də ölkədə “uşaq pulu”nun bərpası ilə bağlıdır.

Xatırladaq ki, el arasında “uşaq pulu” adlanan müavinət Azərbaycanda 2006-cı ilədək verilib. 2006-cı ilin yanvarın 1-də “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minib və aztəminatlı ailələrə ünvanlı yardımların başlanılması ilə “uşaq pulu” ləğv olunub. Son illər ərzində bu məsələ həm ictimaiyyət, həm mətbuat, həm də parlamentin müzakirəsində olsa da, həllini tapmır.

Növbəti dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vahid Əhmədov məsələdən bəhs edib:

“Biz bu məsələyə birdəfəlik nöqtə qoymalıyıq ki, “uşaq pulu” verilir, ya yox. Bu, çox ciddi bir məsələdir”.

Qeyd edək ki, bir müddət öncə Milli Məclisin sədri Sahibə Qafarova “uşaq pulu”nun bərpasının müzakirəsi üçün üçün parlamentdə İşçi qrupunun yaradılması barədə göstəriş verib.

Deputat Tahir Kərimli isə mətbuata açıqlamasında bildirib, payız sessiyasında “uşaq pulu”nun təyin olunması üçün optimal variantlar ətrafında müzakirələrin aparılması, ekspert rəylərinin dinlənilməsi gözlənilir. Amma hələ ki, bununla bağlı hansısa işlərin həyata keçirilməsi ilə bağlı məlumat verilmir, İşçi Qrupunun tərkibi ilə bağlı da məlumatlar yoxdur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, “uşaq pulu” məsələsi Milli Məclisin növbədənkənar sessiyasının son plenar iclasında müzakirə olunub, payızda bununla bağlı dinləmələrin keçiriləcəyi qeyd olunub:

“Parlament həmin iclasdan sonra yenidən tətilə getdi. Məsələ ilə bağlı işçi qrupunun yaradılması, onun üzvlərinin kimlər olması barədə məndə məlumat yoxdur. Qeyd edim ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvüyəm və belə bir işçi qrup yaradılacaqsa, parlamentdə sosial məsələlərlə məşğul olan komitə kimi ondan bizim komitənin də məlumatı olacaq”.

Vüqar Bayramov “Uşaq pulu” ilə bağlı İtaliya təcrübəsinin tətbiqini məqsədəuyğun hesab edir:

“İtaliyada ailələrin illik gəlirinə uyğun olaraq uşaqpulu ünvanlı verilir. Yəni dövlət illik gəliri müəyyən həddən aşağı olan ailələlərə uşaqların böyüdülməsi üçün dəstək verir. Azərbaycanda bunun həyata keçirilməsi üçün illik gəlir bəyannamələrinin təqdim olunması mexanizmi olmalıdır. Bununla bağlı olaraq, mən gəlir deklarasiyalarının təqdim olunmasına dair qanunverici bazanın yaradılmasını təklif etmişəm. Gəlir deklarasiyaları təqdim olunarsa, ailələrin gəlirləri barədə dəqiq məlumatlar əldə olunar və ona uyğun olaraq aşağı gəlirli ailələrə dövlət tərəfindən dəstək verilər”.

Deputat bildirib ki, məsələ ilə bağlı digər ölkələrin, o cümlədən də MDB ölkələrinin təcrübələri öyrəniblər. İşçi qrupu formalaşacağı halda, öz bilgilərini və təkliflərini təqdim edəcəklər.

Məlumdur ki, gəlir deklorasiyası ilə bağlı qanunvericiliyin qəbulu ölkəmizdə uzun müddətdir ki, müzakirə mövzusudur, amma bu məsələ “daşa dirənib”.

Bu, “Uşaq pulu” məsələsinin də həllini tapmasına əngəl yaratmazmı? Vüqar Bayramov sualımıza cavab olaraq bildirib ki, ünvanlılığın müəyyən edilməsi üçün deklorasiya sisteminin tətbiqi vacibdir: “Avropa ölkələrinin təcrübəsi göstərir ki, bu sistemin hazırlanması və təqdim edilməsi xüsusi zaman almır.

Qanunvericilik bazasının təkmiləşdirilməsi və buna uyğun olaraq həmin sistemin qısa zaman ərzində formalaşdırılması mümkündür”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.