SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Niyə sürücünün, vətəndaşın pulu erməninin cibinə getməlidir?” - Taksi fəaliyyəti monopoliyaya alınır?

"Niyə sürücünün, vətəndaşın pulu erməninin cibinə getməlidir?” - Taksi fəaliyyəti monopoliyaya alınır?

Tarix:

31-08-2020, 15:41

/ 1 289 dəfə oxundu.
"Niyə sürücünün, vətəndaşın pulu erməninin cibinə getməlidir?” - Taksi fəaliyyəti monopoliyaya alınır?

Xəbər verdiyimiz kimi, Bakı Nəqliyyat Agentliyi taksi fəaliyyətinin tənzimlənməsində cari vəziyyət və inkişaf perspektivləri mövzusunda videokonfrans formatında görüş keçirib.

Burada qeyri-müəyyən tariflər, taksi sürücülərinin aşağı gəlirliliyi, süni rəqabət, xidmət keyfiyyətinin zəifliyi və başqa məsələsinə toxunulub. Bu kimi halların aradan qaldırılması, taksi fəaliyyətinin tənzimlənməsi, qanunvericiliyin təkmilləşdirilməsi və səmərəli nəzarət mexanizmlərinin yaradılması məqsədilə, Bakı Nəqliyyat Agentliyi konsepsiya hazırlayıb. Konsepsiyada vahid dispetçer mərkəzinin yaradılması, tarif sisteminin və kvotanın tətbiqi eyni zamanda sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı məsələlər öz əksini tapıb.

Cebhe.info-ya açıqlamasında yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi qiymətləri indiki ilə müqayisədə 20-30 faiz fərqləndirilməlidir:

"Burada monopoliyadan söhbət getmir. Əksinə, uzun illər yığılıb qalan problemlərdən danışılır. Bu gün taksilərdə qiymət o həddə gəlib çatıb ki, vətəndaşların özü yarızarafat, yarıciddi deyir ki, taksilər avtobuslarla eyni qiymətə gedib-gəlir. Taksi sürücülərinin mövqeyindən yanaşanda bütün günü istismar olunan, işləyən, canı əldən gedən şəxslər gözümüzün qabağında canlanır. Onlar da bir peşə sahibi sayılırlar. Vahid qiymət məsələsinin tərəfdarıyam. Amma gələcəkdə bunu elə etmək lazımdır ki, nə taksi sürücüsü, nə də vətəndaş narazı qalsın. İndiki qiymətlərlə müqayisədə 20-30 faiz fərqləndirsələr, hamı normal qarşılaya bilər. Yox, həddən artıq bahalaşsa, qərar əks-effekt verəcək. Qiymət məsələsində hər tərəfi dinləmək lazımdır. Bəli, eyni istiqamətdə olan tariflər vahid qiymətdə olacaq".

Ekspert taksi duracaqları məsələsinə də toxunub. Onun sözlərinə görə, taksi duracaqları yoxdursa, sürücülərə cərimə yazmaq doğru deyil:

"Bizim hesablarımıza görə, bu gün Bakı şəhərində 20-30 min taksi sürücüsü fəaliyyət göstərir. BNA kvota müəyyənləşdirmək istəyir. Bununla da tutaq ki, paytaxtda 8-10 min civarında taksi sürücüsü olmalıdır. Deyək ki, 10 min müəyyənləşdirilibsə, 1-i çox olarsa, həmin sürücüyə taksi nişanı verilməyəcək. Belə olan halda qanunsuz taksi xidməti ilə məşğul olan şəxs kimi qeydə alınacaq və cərimələnəcək. Bəli, bu problemlər yarada bilər. Lakin bunun da çıxış yolu odur ki, tələbata uyğun olaraq, kvotanı artırmaq olar. Düşünürəm ki, inhisarçılıq tətbiq etdikcə, taksi sürücülərinə də şərait yaratmaq lazımdır. BNA fərqlənmə nişanı verir, sürücünün üzərinə vergi, sosial və digər ödənişlərin verilməsi məsələləri qoyulur. Lakin taksi sürücüsü harada saxlayırsa, gəlib cərimə yazırlar, sürücü yer tapmır. Taksi duracaqları məsələsinə də baxmaq lazımdır. Mənim özüm də o müzakirələrdə iştirak etdim. Öz təkliflərimi orada da qeyd etdim. Bu sürücüləri gözümçıxdıya salmaq lazım deyil, onlara da güzəşt edilməlidir. Harada dayanır, gəlib cərimə yazırıq, sonra da deyirik, qanundan kənara çıxma, ödənişləri vaxtında ver. Bu gün taksi sürücüləri niyə avtobus dayanacaqlarını zəbt edib? Çünki onların dayanmaq üçün yeri yoxdur. Onlar da məcbur olur ki, avtobus dayanacaqlarında dayansın. Gün ərzində 20 manat qazanar, ya qazanmaz, amma 40 manat cərimə olunar. Sürücülərə də dəstək olmaq lazımdır. Gözüyumulu qərarlar qəbul etmək olmaz".

Ekspert bildirib ki, bu gün Azərbaycanda bir neçə xarici şirkət fəaliyyət göstərir:

“Bunların bir neçəsinin arxasında da erməni iş adamı dayanıb. Bu məsələ məni də incidir. Niyə Azərbaycan sürücüsü axşama kimi pul qazanır, o pulun bir hissəsi şirkətə gedir, şirkətin arxasında da erməni dayanır? Azərbaycanın buna gücü çatmır? Çatır. Sadəcə, bunlara şərait yaratmaq lazımdır. Niyə mənim sürücümün, vətəndaşımın pulu hansısa erməninin cibinə getməlidir? Bunları yığışdırmaq lazımdır. Özü də onların istifadə etdiyi xəritələrə baxın. Əksəriyyətində işğal olunmuş torpaqlar erməni dilindədir. Bu da bir problemdir. Düşünürəm ki, şirkətlərin qarşısında vahid qəraraların qoyulması şərtdir. Sən dövlətin maraqlarına toxuna bilməzsən. Sahibkarlıqla məşğul olursan, adam balası kimi məşğul ol. Bir çox yerli naviqasiya şirkətləri var, ondan istifadə et. Bunların marağına baxın, gəlib Azərbaycanın çörəyini yeyir, amma deyir, öz sistemimdən istifadə edəcəyəm. Öz sistemində də, naviqasiyada Xankəndini, Şuşanı, Ağdamı erməni adı ilə verir. Hətta Bakının bəzi küçələrini erməni adı ilə qeyd edir. Biz də bu şirkətləri qeydə almışıq, imkan veririk ki, fəaliyyət göstərsin. Hansı ki, öz şirkətlərimiz əziyyət çəkir. Öz şirkətlərimizə dəstək göstərək, onlar işləsin. Niyə erməni şirkəti Azərbaycanda at oynatmalıdır? Sahibkar üçün şərait yaratmalıyıq. Erməni şirkəti bazara girir, qiyməti aşağı salır, digərləri də məhv olur. Sonra hamısı qiyməti aşağı sala-sala gedir. Ona görə də bu gün taksi qiyməti avtobus qiyməti ilə az qala bərabərləşib".

Şərhlər

XƏBƏR LENTİ