SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı 42 milyonluq korrupsiya ittihamı

Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı 42 milyonluq korrupsiya ittihamı

Tarix:

24-08-2020, 19:14

/ 1 280 dəfə oxundu.
Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı 42 milyonluq korrupsiya ittihamı

Artıq sirr deyil ki, Azərbaycanda dövlət satınlamaları prosesi korrupsiya faktları ilə xeyli zəngin olur. Əksər satınalmaları ya offşor şirkətləri, ya da külli miqdarda vergi borcu olan şirkətlər götürür. Ən önəmlisi isə tenderlərin çoxu rəqibsiz keçirilir, eyni şirkətlər bir ildə onlarla, yüzlərlə müsabiqəni qazanır, məmurların yaxın çevrələrinə məxsus, yeni yaradılmış, təcrübəsiz şirkətlərə dəyərli milyonlarla ifadə olunan işlər həvalə olunur.

Budəfəki korrupsiya faktı Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlıdır. Daha doğrusu, bu qurumun tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə.

İlk öncə məlumat üçün onu deyim ki, eks Baş Nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 2.8-ci bəndinə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ötən ilin fevral ayında yaradılıb. Şirkətin işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilib.

Şirkət yarandığı gündən dövlət satınalmaları üzrə 4 tender müsabiqəsi həyata keçirdib. Bütün müsabiqələrin qalibi isə dövlət büdcəsinə külli miqdarda vergi borcu olan “hərşeyşünas”, fəaliyyəti qeyri-şəffaf “İNPEKS N” MMC şirkəti olub.

Bu minvalla son 1 il ərzində tərəflər arasında “tikinti və təmir xidmətləri” üzrə dəyəri, ümumilikdə 42 milyon 560 min manat təşkil edən müqavilələr bağlanılıb.

Sözügedən tender lahiyələri diqqətinizə təqdim olunur:

1. 14.05.2019-cu il tarixdə 3 lot üzrə

Lot 1. Bakı şəhəri ərazisində tikinti və təmir işlərinin aparılmasının satınalınması. Şəhəri ərzazisində, səkilərdə, həyətlərdə,park və bağlarda təmir,yenidənqurma və abadlıq işlərinin satınalıınması. (16,999743.9 AZN)

Lot 2. Məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalınması. (2,575040.6 AZN)

Lot 3. Sosial- mədəni və məişət təyinatlı obyektlərin əsaslı tikintisi və təmirinin satınlınması. (2,999478.6 AZN)

2. 19.03.2020-ci il tarixdə

Tenderin predimeti: Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalınması (19,985.998.07 AZN)

Sonuncu satınalma daha çox diqqət cəlb edir. Hansı ki, bu tenderdə dövlət mənzil fonduna aid binaların təmirindən söhbət gedir. Qeyd edim ki, SSRİ zamanında əhaliyə dövlət hesabına evlər verilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra da qanunvericilikdə bənzər müddəa əksini tapdı. Yəni, 2000-ci ildə qəbul olunan Mənzil Məcəlləsində insanların dövlət xətti ilə evlə təmin olunması barədə qanuni baza hazırlanıb. Burada dövlətin vətəndaş qarşısında ev təminatı və mənzil münasibətləri sahəsində vəzifələri əks olunub. Aztəminatlı insanlara dövlət və bələdiyyə tərəfindən mənzil fonduna məxsus xüsusi təyinatlı evlərin kirayəyə verilməsi, aztəminatlı insanların kateqoriyalara bölünməsi və mənzil fondunun idarə edilməsində dövlət və bələdiyyələrin səlahiyyətləri və s. ətraflı şəkildə qeyd edilib.

Mənzil Məcəlləsinin 4-cü maddəsində vətəndaşların mənzil hüququnun həyata keçirilməsi üçün dövlət orqanları və bələdiyyələrin öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsinə şərait yaratmaları nəzərdə tutulub. Bu məqsədlə vətəndaşların mənzil ehtiyaclarının təmin edilməsi üçün zəruri şəraitin yaradılması daşınmaz əmlak bazarının inkişafına köməklik göstərir, müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir.

Amma müşahidələrimizə və mövcud reallığa əsasən qeyd etməliyik ki, dövlət mənzil fondunda mənzil yoxdur. Son 10 il ərzində bu istiqamətdə heç bir addım atılmayıb. Sadə dillə desək, hər hansısa aztəminatlı ailənin və ya yaşayış sahəsinə ehtiyacı olan şəxsin dövlət hesabına sosial kirayə müqaviləsi əsasında mənzil təmin olunması faktlarına rast gəlmək qeyri-mümkündür. Nəzərə alsaq ki, bu gün kirayələrdə yaşayan və kirayə haqqını ödəyə bilməyən yetəri qədər evsiz gənc ailə və vətəndaşlarımız var, onda qeyd olunanların həqiqətdən uzaq olmadığı bir daha öz təsdiqini tapmış olar. Bu da onu deməyə əsasə verir ki, dövlət mənzil fonduna aid binaların təmrinin satınalınması faktı tamamilə absurddur.

Xatırladaq ki, qeydə alınmış 4 tender müsabiqəsinin qalibi olan “İNPEKS N” MMC şirkətinin bu günə olan vergi borcu 4,509.255.07 AZN təşkil edir. Məlum icbari öhdəlikdən dolayı sözügedən şirkətin “Dövlətsatınalmaları haqqında qanunun” 6.2.5-ci maddəsinə əsasən dövlət qurumları tərəfində elan edilən tenderlərdə iştirakı qanunla qadağandır.

Buna görə də asanlıqla qeyd etmək olar ki, Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC ilə “İNPEKS N” MMC arasında gerçəkləşmiş 4 tender sövdələşməsi korrupsiya faktlarını və dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadə edilməməsi reallıqlarını özündə əks etdirir.

Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətini sözügedən qurumun elan etdiyi tenderlərin nəticələrini araşdırmağa və doğru qərar çıxarmağa çağırırıq.

Samir Zeynalov, ictimai vəkil

Şərhlər

XƏBƏR LENTİ