XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Bakı məktəblərində virus təhlükəsi — OPERATİV QƏRARGAHIN DİQQƏTİNƏ!

Bakı məktəblərində virus təhlükəsi — OPERATİV QƏRARGAHIN DİQQƏTİNƏ!

Bakı məktəblərində virus təhlükəsi — OPERATİV QƏRARGAHIN DİQQƏTİNƏ!
10-08-2020, 07:05

20 saylı məktəbdə müəllimlərin və texniki heyətin həyatı təhlükə altındadır

Pandemiya dövründə bütün idarə və təşkilatlarda əmək münasibətləri xüsusi qaydalarla tənzimlənir. Bu barədə qəbul edilmiş normativ aktlar və əsasnamələr mövcuddur. Elə BŞTİ-nin müdir əvəzi İlhamə Abdullayevanın Təhsil Nazirinin 05 avqust 2020-ci il tarixli F-357 nömrəli əmrinə əsasən imzaladığı qərarda da bu barədə bəhs edilir. Həmin sənədin 8.1 bəndinə əsasən “iclasların,görüşlərin və müzakirələrin fiziki ünsiyyət yaratmadan texnoloji avadanlıqların vasitəsilə keçirilməsinə üstünlük verilir.” Amma, Rubrika.Az saytına verilən məlumatlara görə paytaxtın təhsil ocaqlarında texnoloji avadanlıqlara çox da etibar edilmədiyindən birbaşa təmaslara daha çox üstünlük verilir. Məktəb direktorları demək olar ki,hər gün müxtəlif adlarla işçiləri məktəbə toplayır. Əgər nəzərə alsaq ki,hazırda pedaqoji heyət məzuniyyətdədir, onda məktəb rəhbərliyinn ikiqat qanun pozuntusuna yol verdiyi aydın olar.

Rubrika.Az saytına verilən məlumatlara görə, xüsusilə 20 saylı məktəbə təzəcə direktor təyin edilən Esmira Ağayeva pandemiyaya meydan oxuyur. Yeni kreslonun dadını çıxaran xanım direktor hər gün məktəb kollektivini yığaraq iclaslar keçirir, odlu-alovlu çıxışları ilə onların qəlbini ram edir. Aldığımız məlumatlara görə, belə “tarixi iclaslarda” heç bir sosial məsafəyə riayət edilmir, maskadan isə söhbət gedə bilməz. Müəllimlər dərin həyacanla təzə direktorun tezislərini dinləyir, rəhbərliyin və virusun qorxusu altında səbr edirlər.

Qeyd etdiyimiz kimi paytaxtın digər məktəblərində də vəziyyət demək olar ki,eynidir. Təzə dərs ilinin başlanmasına az qalmış direktorlar müəllimləri toplayıb “instruktaj” edirlər. Xüsusilə məktəbin texniki heyəti, xadimələr basqı altındadır. Onlara hər gün işdə olmaq tapşırılır, gəlməyənlər qovulacaqları ilə hədələnirlər.

Beləliklə, min-bir əziyyətlə stabilləşən pandemik vəziyyət Bakı məktəblərində ciddi surətdə təhlükə altındadır. Yeni təyin olunan direktorlar, elə “köhnələr” də öz bildiklərini edirlər. BŞTİ-nin rəhbərliyi, İ.Abdullayeva isə bütün bunlara göz yumur. Adam heç olmasa öz imzasına hörmət etməlidir.
Bakı məktəblərində virus təhlükəsi — OPERATİV QƏRARGAHIN DİQQƏTİNƏ!

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.