SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Neft kəmərlərinin ətrafını zəbt edən məmur... (FOTO)

Neft kəmərlərinin ətrafını zəbt edən məmur... (FOTO)

Tarix:

23-07-2020, 17:01

/ 1 584 dəfə oxundu.
Neft kəmərlərinin ətrafını zəbt edən məmur... (FOTO)

Bir müddət öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilən Abşeron rayon icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin yeni qanun pozuntuları üzə çıxıb.

“Yeni Sabah”a istinadla xəbər veririk ki, icra hakimiyyətinin yüksək çinli məmuru kimi o vətəndaşları qanun çərçivəsində tikinti aparmağa dəvət etməli olduğu halda, rüşvət alaraq qeyri-qanuni tikintilərin aparılmasına rəvac verib. Nəticədə aldadılan vətəndaşla dövlət üzüzə qalıb.

Belə ki, Akif Əliyev 1-ci qrup əlil Qubad Qasımovdan müxtəlif yollarla təqribən 3 min manat rüşvət alaraq onun Masazır qəsəbəsi “Zəngilan şəhərciyi” deyilən ərazidə dəmir konstruksiyalardan kiosk tikməsinə icazə verib. Lakin həmin ərazi H.Əliyev adına NEZ-in 500 mm-lik dizel kəmərinin mühafizə zonasına düşür. İyun ayının 17-də avtobus dayanacağına bitişik halda inşa edilən kiosk SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib və ərazidə tikinti işlərinin aparılmasının qarşısı alınıb. Qubad Qasımov israrla “butka” açmaq üçün icra hakimiyyətindən “icazə” aldığını bildirsə də, ona boru kəmərlərinin mühafizə zonasında tikinti işləri aparılmasının qanunla qadağan edildiyi izah olunub.

Aldadıldığını başa düşən Qubad Qasımov işləri dayandırmağa razılıq verib və Akif Əliyevdən haqqını tələb edəcəyini bildirib. Lakin bundan bir neçə gün sonra Akif Əliyev həbs edilib. Çarəsiz vəziyyətdə qalan Qubad Qasımov heç bir halda zəbt etdiyi ərazini boşaltmaq istəmir, ona görə də mühafizəçilərlə bir neçə dəfə münaqişə də yaradıb. O icra hakimiyyəti əməkdaşlarına verdiyi rüşvətlərlə birlikdə ümumilikdə kioskun ərsəyə gəlməsi üçün təqribən 10 min manat xərc çəkdiyini deyir.

Qeyd edək ki, Akif Əliyev kimi insafını pula satan məmurlar tərəfindən Abşeron yarımadasının müxtəlif ərazilərində neft kəmərlərinin mühafizə zonasının qeyri-qanuni yollarla vətəndaşlara satılması halları geniş yayılıb. Bu şəxslər çarəsiz insanları aldadaraq onları uzun illər müxtəlif problemlərlə üzüzə qoyurlar. Vətəndaşlara tövsiyyə olunur ki, pul müqabilində neft kəmərlərinin mühafizə zonasında tikinti aparılmasına icazə verəcəyini deyən şəxslərin vədlərinə inanmasınlar. Bu cür cinayətkar işbazlarla sövdələşmək sizin maddi itki ilə üzləşməyinə səbəb ola bilər.

Xatırladaq, qüvvədə olan normativ-hüquqi aktlara əsasən neft kəmərlərinə minimum 50 metr məsafədə şəxsti tikinti işlərinin aparılması qadağandır. Bu normalar neft və qaz kəmərləri kimi mühüm strateji əhəmiyyətli obyektlərin təhlükəsizliyinin təmin olunması, zəruri hallarda müvafiq təmir-bərpa işlərinin aparılması, ən əsası isə vətəndaşların sağlamlığının qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Çünki kəmərlərdə baş verə biləcək hər hansı qəza və ya partlayış kifayət qədər ağır nəticələnən faciələrə səbəb ola bilər. Neft və qaz kəmərlərinin 3-5 metrliyində, bəzən isə hətta kəmərlərin üzərində ev, obyekt tikmək istəyən şəxslər bütün bunları da nəzərə almalıdırlar.
Neft kəmərlərinin ətrafını zəbt edən məmur... (FOTO)




Şərhlər

XƏBƏR LENTİ