XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: - Deputat da diplomatik korpusu tənqid etdi

Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: - Deputat da diplomatik korpusu tənqid etdi

Azərbaycanın Rusiyadakı səfirliyindən şikayət: - Deputat da diplomatik korpusu tənqid etdi
7-07-2020, 12:08

Koronavirus pandemiyası ilə əlaqədar Rusiyada qalan, vətənə qayıda bilməyən soydaşlarımız Azərbaycanın Moskvadakı səfirliyinin işindən narazıdır.

Oxu.Az-ın xəbərinə görə, diplomatik nümayəndəliyin önünə toplaşan həmyerlilərimiz səfirliyin qapısının onların üzünə bağlandığını bildirirlər.

Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva iyunun 18-də Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib ki, son bir ay ərzində 1000-ə yaxın vətəndaşımız Rusiyadan geri qaytarılıb.

Operativ qərargahın iyunun 23-də yaydığı məlumatda isə, daha 252 vətəndaşımızın da Azərbaycana qayıtmasının təmin edildiyi bildirilib.

Bununla belə, geri qayıtmaq istəyənlərlə bağlı problemlər qalmaqdadır. Azərbaycanın Rusiyadakı səfirliyi isə Konsulluq Xidmətinin 2020-ci ilin avqust ayının 1-dək vətəndaşların qəbulunu dayandırdığını elan edib.

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Razi Nurullayev mövzu ilə bağlı Oxu.Az-a danışıb.

“Mən Azərbaycanın Rusiyadakı səfirliyinin problemə etinasız yanaşması fikrində deyiləm, ancaq vətəndaşlara qayğı göstərdiyi düşüncəsini də bölüşmürəm”, - deyən R.Nurullayev onu da əlavə edib ki, səfirlik vətəndaşları özbaşına ölkəyə geri göndərə bilməz.

Deputat bildirib ki, məsələ Azərbaycan hökuməti ilə razılaşdırılır, karantinə almaq imkanları varsa, çarter reysləri təşkil olunursa, səfirlik də problemi həll edə bilər:

“Amma bu məsələlər həll olunmayıb. Onu da nəzərə alaq ki, Rusiyadan Azərbaycana gəlmək istəyən vətəndaşların sayı da həddindən artıq çoxdur”.

Millət vəkilinin sözlərinə görə, problemlərə baxmayaraq, Rusiyadakı səfirliyin borcudur ki, vətəndaşlara lazımi, dürüst, məntiqli cavablar versin.

Deputat səfirliyin internet səhifəsində vətəndaşların suallarına əhatəli cavab verən məlumatların yerləşdirilməsinin vacibliyini də dilə gətirib.

“Rusiyada yaşayan azərbaycanlılar doğru-dürüst məlumatları ala bilməlidirlər, onlara nə zaman qayıda biləcəkləri barədə informasiya verilməlidir. Əgər qayıda bilməzlərsə, bununla bağlı da konkret cavab almalıdırlar ki, təşviş içində yaşamasınlar”.

Məsələ ilə bağlı Azərbaycan XİN-in də mövqeyini öyrənməyə cəhd etsək də, cavab ala bilmədik.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.