SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azərsu” Operativ Qərargahın tövsiyələrinə qarşı

“Azərsu” Operativ Qərargahın tövsiyələrinə qarşı

Tarix:

19-06-2020, 11:42

/ 905 dəfə oxundu.
“Azərsu” Operativ Qərargahın tövsiyələrinə qarşı

Paytaxt sakinləri koronavirusa qarşı mübarizədə elementar qaydalara əməl etməkdən məhrumdurlar...
COVID-19-dan qorunmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST), Nazirlər Kabineti yanında Operativ Qərargahın, həmçinin həkimlərin ilk tövsiyəsi gigiyena qaydalarına əməl etməkdir - əlləri tez-tez sabunla yumaq, üst-başı təmiz saxlamaq. Amma di gəl, bunu “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə (ASC) izah elə. Həm də Operativ Qərargahın evə qapanma qərarı çıxardığı bu isti yay günlərində.

Son günlər Bakı və Abşeron yarımadasının müxtəlif ərazilərində mənzillərə verilən suyun kəsilməsi, fasilələrlə verilməsi, təzyiqinin azalması barədə xeyli sayda şikayətlər yayılsa da, ASC özündə heç bir narahatlıq hiss etmir. Məsələn, Sabunçu rayonu Bakıxanov qəsəbəsində artıq 10 gündən çoxdur ki, su problemi yaşanır.

Xüsusilə, Bakıxanov Qəsəbəsi Sakit Qocayev küçəsində yerləşən yeni tikili binalara su 10 gündən çoxdur su verilmir. Ya da qısa fasilələrlə verilir. Nəzərə alsaq ki, sakinlərin heç hamısının ehtiyat su çənləri yoxdur, o zaman vəziyyəti təsəvvür edin. Camaat evə qapanmış vəziyyətdə, xırda qab-qacağa doldurulan su ilə keçinməli olur.

Ərazidəki binaların sakinləri problemlə bağlı dəfələrlə “Azərsu”nun “qaynar xətt”inə məlumat versələr də, bir nəticə hasil olmur. Binaların komendantları da məsələnin “Azərsu” ilə əlaqəli olduğunu deyirlər.

“Komendant deyir ki, binada yaşayanların sayı artdığı üçün su xəttindən gələn su bina sakinlərinə çatmır. Dediklərinə görə, “Azərsu” ASC-nin əməkdaşları ilə danışıqlar gedir. Yaxın günlərdə yeni xətt çəkiləcək və əhali yenidən daimi su ilə təmin olunacaq. Binanın idarəçisinin dediyinə görə, öz ciblərindən pul verib, maşınlarla su alıb binanın anbarını doldururlar”, - deyə redaksiyamıza məlumat verən ərazi sakinləri bildiriblər.

Məsələ ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı AYNA-ya açıqlamasında deyib ki, binalara əvvəldən çəkilmiş su xətti hazırkı yükü götürmür: “Sakinlərin sayı artıb. Ona görə də tərəfimizdən ikinci yeni xətt çəkilir. Yaxın günlərdə bütün işlər yekunlaşacaq, mənzillər yenidən daimi su təmin olunacaq”.

P.S. Deyilən vəddən artıq bir neçə gün keçib. Amma yenə də sakinlər susuzluqdan əziyyət çəkirlər. Ümid edirlər ki, deyilən “yaxın günlər” “yaxın aylar”a çevrilməyəcək...

Şərhlər

XƏBƏR LENTİ