SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hamlet İsaxanlının məktəbindən şikayət - karantin günləri üçün təhsil haqqı tələb edilir

Hamlet İsaxanlının məktəbindən şikayət - karantin günləri üçün təhsil haqqı tələb edilir

Tarix:

18-06-2020, 17:11

/ 3 912 dəfə oxundu.
Hamlet İsaxanlının məktəbindən şikayət - karantin günləri üçün təhsil haqqı tələb edilir

Bakıda özəl məktəblərdən birində valideynlərlə məktəb rəhbərliyi arasında narazılıq yaranıb. Buna səbəb məktəbin karantin günlərinə görə valideynlərdən ödəniş tələb etməsidir.

Musavat.com-a istinadla xəbər veririk ki, söhbət “Dünya” məktəbindəki narazılıqdan gedir. Övladları adı çəkilən məktəbdə təhsil alan valideynlər bildirirlər ki, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldığı kimi “Dünya” məktəbi də işini dayandırıb. Məktəb şagirdlər üçün onlayn dərslərin keçirilməsini təşkil edib.

Narazı valideynlər bu dövr üçün təhsil haqqının ödənilməsi məsələsinin müzakirəsi üçün məktəb rəhbərliyi ilə görüşməyə cəhd ediblər. Lakin məktəb rəhbərliyi buna məhəl qoymayıb.

Valideynlərə göndərilən məktubda qeyd edilib: “Dünya” məktəbi tərəfindən aparılan maliyyə təhqiqatı nəticəsində müəyyən edilib ki, külli miqdarda təhsil haqqı bu günə kimi ödənilməyib".

Məktəb yeganə güzəşt kimi, şagirdlərin qidalanma və daşınma öhdəliyinə görə ödənişdən 300 manat çıxdığını qeyd edib.

Valideynlər deyirlər ki, əgər dövlət tərəfindən yaranmış vəziyyətlə əlaqədar tədris və təlim-tərbiyə prosesi dayandırılıbsa, onda bu dövr üçün hansı təhsil haqqının ödənilməsindən söhbət gedə bilər:

“Biz əlavə xidmət kimi onlayn keçirilmiş dərslərə görə anlayışlı yanaşırıq və hesab edirik ki, yaranmış vəziyyətdə bu cür tədbirlər bizim övladlarımız üçün faydalıdır. Lakin bu cür dərslərin tədris prosesinə bir başa aidiyyəti olmadığını nəzərə alsaq hesab edirik ki, bu dərslərə görə xidmət haqqı tərəflər arasında öncədən razılaşdırılmalı idi.

Bəyəm məktəb karantin müddətində kommunal ödənişlər, məktəb binasının gündəlik şagirdlərin ixtiyarına verilməsi üçün təmizlik və digər bu kimi xərcləri də çəkib? Elə dərslər var ki, onlar ümumi təhsil haqqının formalaşdırılmasında iştirak edir, lakin onların onlayn şəkildə tədris edilməsi effektivliyi çox azdır. Bu cür dərslərin sırasında idman, musiqi, rəqs, rəsm var. Həm də məktəb pandemiyadan zərər çəkdiyinə görə dövlətdən maliyyə dəstəyi alıb”,- deyə valideynlər Musavat.com-a göndərdikləri müraciətdə bildirirlər.

Valideynlər həmçinin qeyd edir ki, məktəblə aralarında imzalanmış müqavilə var.

Müqavilənin 5.1.-ci maddəsində “qarşısıalınmaz qüvvə”nin anlayışı verilib. Həmin maddəyə əsasən qarşısıalınmaz qüvvənin təsirinə tərəflərin nəzarət edə bilmədikləri, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir.

Müqavilənin 5.3.-cü maddəsinə əsasən isə bu hal müqavilə üzrə öhdəliklərinin yerinə yetirilmə müddəti qarşısıalınmaz halların mövcud olduğu müddətə uzadılır.

Bununla da aydın olur ki, məktəbin valideynlərdən xidmət haqqının ödənilməsini tələb etmək hüququ yoxdur və həmin öhdəlik karantin dövrü ərzində uzadılmış hesab edilir.

Qeyd edək ki, “Dünya” məktəbində illik təhsil haqqı 7500-9000 manat arasında dəyişir. Valideynlərin şikayəti ilə bağlı məktəbdən bildirildi ki, narazılıq əsassızdır. Belə ki, məktəb bu il təhsil planını tam qaydada keçib.

Qeyd edilib ki, valideynlər müqaviləyə əsasən keçirilən tədrisin ödənişini tam etməlidirlər.

Xatırladaq ki, “Dünya” məktəbi Xəzər Universitetinin nəzdində fəaliyyət göstərir. Universitetin və məktəbin təsisçisi Hamlet İsaxanlıdır.

Şərhlər

XƏBƏR LENTİ