XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Kənddən Şəhərə" mal gəlməyəcək — MAĞAZALAR BAĞLANDI

"Kənddən Şəhərə" mal gəlməyəcək — MAĞAZALAR BAĞLANDI

"Kənddən Şəhərə" mal gəlməyəcək — MAĞAZALAR BAĞLANDI
18-06-2020, 13:50

Aqrar Tədarük və Təchizat ASC-nin həyata keçirdiyi “Kənddən Şəhərə” layihəsi çərçivəsində fəaliyyət göstərən eyniadlı satış mərkəzləri bağlanıb. Satış mərkəzlərinin işçilərinin dediklərinə görə, mağazaların bağlanmasına səbəb tələb olunan icarə haqqının ödənilməməsi olub.

Dominant.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək məqsədilə “Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayevlə əlaqə saxlayıb.

““Kənddən Şəhərə” layihəsi Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC tərəfindən kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan kənd təsərrüfatı və yerli istehsal ərzaq məhsullarının satışına dəstək məqsədilə həyata keçirilən eksperimental layihədir. Paytaxtın Nizami küçəsi 154B ünvanında fəaliyyət göstərən “Kənddən Şəhərə” satış mərkəzi layihənin fəaliyyət istiqamətlərindən biridir. Layihənin digər istiqamətləri isə kənd təsərrüfatı məhsullarının satışı üçün təşkil edilən “Kənddən Şəhərə” yarmarkaları və fermer məhsullarının “Kənddən Şəhərə” adı altında qablaşdırılaraq paytaxtın pərakəndə satış mərkəzlərində satışının təşkil edilməsidir”, - deyə M.Musayev bildirib.

Qurum sözçüsünün dediyinə görə, hazırda “Kənddən Şəhərə” layihəsinin daha da inkişaf etdirilməsi, eyni zamanda həm istehsalçı fermerlərin satış imkanlarına dəstəyin, həm də paytaxt əhalisinin yerli kənd təsərrüfatı məhsullarına əlçatanlığının artırılması üçün yeni konsepsiya hazırlanır: “Hazırlanan konsepsiyada layihənin icrasında bir sıra yeniliklər tətbiq ediləcək, optimallaşdırma həyata keçiriləcək. Aqrar Tədarük və Təchizat ASC fəaliyyəti ərzində daim şəffaflığı qorumağa çalışır və mütəmadi olaraq ictimaiyyəti məlumatlandırır. Bu baxımdan, eksperimental olaraq həyata keçirilən layihənin bundan sonrakı inkişaf mərhələsinin hazırlıqları tamamlanan kimi, ictimaiyyətə, eləcə də media nümayəndələrinə əlavə məlumat veriləcək”.

M.Musayev icarə haqqı ilə bağlı deyilənləri isə təkzib edib: "Bu iddiaların heç bir əsası yoxdur".

Qeyd edək ki, “Kənddən Şəhərə” layihəsi çərçivəsində iki satış mərkəzi - Səbail rayonunda Nizami küçəsi 154B və Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 23/24 ünvanında fəaliyyət göstərirdi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.