XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Rəssamlar İttifaqı” və mədəniyyət siyasətimizin “dəfn bürosu”

“Rəssamlar İttifaqı” və mədəniyyət siyasətimizin “dəfn bürosu”

“Rəssamlar İttifaqı” və mədəniyyət siyasətimizin “dəfn bürosu”
17-06-2020, 09:51

Peşəkar rəssamlardan ibarət bu qurum 1932-ci ildə yaradılmış və ilk qurultayını 1940-cı ildə keçirmişdir. Ötən müddətdə Azərbaycan Rəssamlar İttifaqı demokratik əsaslarla idarə olunmuşdur. Belə ki, ötən müddətdə qurumun 15 qurultayı olmuş və rəhbərlik beş il müddətinə seçilmişdir. Qurultaylar sonucu olaraq, İsmayıl Axundov (1940–1944; 1947–1952), Nüsrət Fətullayev (1944–1946), Mürsəl Nəcəfov (1946–1947), Baba Əliyev (1952–1953), Məmmədağa Tərlanov (1953–1961), Nadir Əbdürrəhmanov (1961–1970), Tokay Məmmədov (1970–1972), Tahir Salahov (1972–1973) və Yusif Hüseynov (1973–1987) qurumun sədri olmuşlar. 1987-ci ildə “perestroyka”nın parlaq dönəmində ilk dəfə keçmiş Sovetlər Birliyində “Azərbaycan Rəssamlar İttifaqı”nda Sov. İKP-nin iradəsi ilə deyil, rəssamların öz istəyi ilə qurultay keçirildi. Qurultay gecə-gündüz bilmədən iki gün çəkdi. Sənət adamlarının istədiyi şəkildə qurumun sədri vəzifəsinə Fərhad Xəlilov seçildi.
Sonu öncədən faciə ilə başlanılan fəlakət

1987-ci ildə Azərbaycan hakimiyyətinin qərarı ilə başkənd Bakının tən mərkəzində “Tağıyev Dəyirmanı” kimi tanınan un dəyirmanı qapadıldı. Beləliklə şəhərdə küçə itlərinin də qorxduğu dünyanın ən qorxulu siçovulları təbii yolla məhv oldular. Qərara görə dəyirmanının yerində yeddi qatlı “Şəkil Qalereyası” yaradılacaqdı. Keçmiş Sovet respublikalarında rəssamlar bu qərara həsədlə yanaşırdılar. Dəyirmanın “Şəkil Qalereyası” kimi təsis olunması üçün, Litva, Ukrayna və Rusiyadan görkəmli bərpaçılar dəvət olunmuşdular. Azərbaycan hökuməti daxili resursları sayəsində 10 milyon manat (indiki kursla 15 milyon dollar) vəsait ayırmışdı. Azərbaycanın ucqar bölgələrində yaşayan rəssamlar da bu qərarı toy-bayramla qarşıladılar. Daha sonra Əziz Əliyev küçəsində gənc rəssamlar üçün “Bakı İncəsənət Mərkəzi” açıldı. Gənclər bu hadisəyə görə çox sevinirdilər. İçərişəhərdə “Soltan Məhəmməd Təbrizi adına Miniatür Mərkəzi” və bir neçə sərgi salonları rəssamlara təslim edildi. Bakı bir sözlə nəinki respublikamızın, hətta turistlərin ən çox axışdığı mərkəzə çevrilmişdi. Klassik rəssamlıq məktəbi ilə yanaşı, miniatür və modernizm rəssamlığın maraq doğurduğu Azərbaycanda sənətə olan ilgi də güclənmişdi. Bu prosesdən ruhlanan Gəncə, Şəki, Lənkəran, Naxçıvan, Mİngəçevir, Qazax və digər bölgələrdə yaşayan rəssamlarımız üçün sərgi salonları açıldı. Sən demə, irəlidə “demokratiya” cildinə girmiş ittifaqın gerçək rəzaləti və astar üzündən dəhşətə gələn böyük fəlakət bizi haqlamaq üçün fürsət gözləyirmiş. “Un Dəyirmanı” sabiq mədəniyyət naziri Polad Bülbüloğlu və Fərhad Xəlilov tandemində, eləcə də iqtisadi inkişaf nazirliyi və əmlak komitəsinin xeyir-duası ilə “Teksun” şirkətinə satıldı. İndiki əmlak bazarının qiyməti ilə köhnə
dəyirmanın binası və ərazisinin dəyəri yüz milyon dollar hesabı ilə ölçülür. Bunun ardınca Qafqazda ən böyük sərgi salonu sayılan “Səttar Bəlulzadə adına Rəsm Qalereyası” maşın alveri edən dəllallara satıldı. Azərbaycan prospektindəki (keçmiş Hüsü Hacıyev) “Sərgi Salonu” da xarici şirkətlərə aylıq 10 min manata icarəyə verildi. Rəssamlar İttifaqının yerləşdiyi binadakı “Vəcihə Səmədova adına Sərgi Salonu” isə, indiki standartlara cavab vermir. Rəssamların ən çox istinad etdiyi və 3-cü mikr-da yerləşən və Qafqazda ən böyük “Bədii İstehsalat Fondu”nun taleyi də mücərrəd olaraq qalmaqdadır.
33 ildir demokrat cildinə girmiş sədr

Azərbaycanda xarakteri baxımından vəzifə hərisi olan iki nəfəri çox yaxşı tanıyıram. Bu, Yazıçılar Birliyinin 82 yaşlı sədri yazıçı Anar Rzayev və 74 yaşlı Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovdur. F. Xəlilov 33, Anar isə 29 ildir bu iki yaradıcılıq birliyinə alternativsiz rəhbərlik edirlər. Yazıçı Anardan fərqli olaraq, rəssam Fərhad Xəlilov bu günə kimi sədri olduğu qurumun üzvlərini heç bir zaman müdafiə etməmiş, hətta baş verən qanunsuzluqları susqunluqla qarşılamışdır. 1998-ci ildə özəlləşdirmə prosesləri başlayanda sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev tamahgirlik edərək prezident Heydər Əliyevin qərarlarına və göstərişlərinə qarşı çıxmaqla, rəssamlara emalatxanalarının bağışlanılması prosedurunda qanunvericilikdə saxtakarlıq etdi. Beləliklə yüzlərlə rəssam, heykəltaraş, xalçaçı, keramika və digər sahələrdə çalışan rəssamlar öz halal hüquqlarından məhrum edildilər. Bu qanunsuzluqlarla bağlı ölkə KİV-də yüzlərlə məqalələr yazıldı, mətbuat konfransları keçirildi, hətta məhkəmələrə baş vuruldu. Təkcə lal, kar və susqun mövqe nümayiş etdirən Rəssamlar İttifaqı və onun əbədi sədri Fərhad Xəlilov oldu. F. Xəlilov bir rəssam kimi nə qədər peşəkar olsa da, özündən savayı heç bir rəssamın hüquqlarını müdafiə baxımdan gərəkən addımları atmayıb. Bu günün özündə belə başa düşmür ki, tutduğu vəzifə bütün rəssamları təmsil etmək hüququ deməkdir.
2002-ci ildə mərhum prezident Heydər Əliyevin qərarı ilə ilk dəfə olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyası təsis edilmişdir. Bunun ardınca Akademiyanın inşası başlamış, bütün Qafqazda ən böyük və geniş imkanlara malik təhsil və yaradıcılıq mərkəzi yaradılmışdır. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi də elə Rəssamlıq Akademiyasının düz yaxınlığında yeni bina ilə təmin edilmişdir. Dövlət səviyyəsində rəssamlara göstərilən bu qayğının 0.1 faizini belə, Rəssamlar İttifaqının rəhbərliyi öz həmkarlarına indiyə kimi göstərməmişdir. Çünki, qurum diktatura qaydaları ilə idarə olunur. Sonuncu dəfə Rəssamlar İttifaqının qurultayı 2013-cü ildə keçirilib. Halbuki, qanunla ictimai birliklərin qurultayları iki ildə bir dəfə keçirilməlidir. İttifaqın nəzdində 9 bölmə fəaliyyət göstərir. Bununla yanaşı qurumun 1500-dən çox üzvü vardır. Belə bir sual yaranır ki, bu qədər sənət adamını birləşdirən qurum nə üçündür? Nədən indiyə kimi rəssamların bir sıra problemlərinin həlli üçün qurum tərəfindən addımlar atılmır? Adicə rəssamların illlər boyu çalışdıqları emalatxananın özəlləşdirilməsində onlara hüquqi baxımdan dəstək ola bilməyən qurumun iradəsi yoxdursa, o zaman kimə və nəyə görə mövcuddur?
Yırtıcı kapitalizmin mədəniyyət bəlası
Son 20 ildə “yırtıcı kapitalizm” mədəniyyət sahəsində hər şeyi öz ağuşuna almağa başlayıb. Kimin parası varsa, sağa-sola baxmadan kino çəkir, şeir, roman yazıb kitab şəklində çap edir. Kimin parası varsa, bəsit, dayaz və cılız əsərləri ilə teatrlarımızın repertuarını məngirləyib. Kimin parası varsa, istədiyi rəsm sərgisini açır və özlərini saxtakarcasına cəmiyyətin ən kübar insanı kimi reklam etməklə məşğuldur. Kimin parası varsa, “üç badam-bir qoz” ruhuna köklənmiş mahnılar bəstələyib bütün TV və Radio kanalları vasitəsilə baş-beynimizi aparır. Kimin parası varsa, özünə möhtəşəm mədəniyyət ocaqlarında “Qala Gecə”ləri keçirir. Kimin parası varsa, neçə-neçə cild romanları üçün “dejurnıy alim”lərə monoqrafiyalar yazdırır. Utanmadan özlərinə hətta yubiley gecələri keçirirlər. Kimin parası varsa, çəkdiyi bəsit filmləri ilə dünyanın dörd bir yanını gəzərək festivallara qatılırlar. Geri döndüklərində dahi rejissor, ssenarist və sənət adamı təbliğatlarını aparırlar. Hətta utanmadan çağdaş kinematoqrafiyamızın avanqardı adlanmaqdan çəkinmirlər. Belə bir durumla üz-üzə qalan Azərbaycanın çağdaş mədəni həyatında dirçəliş yox kimidir. Çünki, Rəsssamlar İttifaqında olduğu kimi, hər yerdə peşəkar sənət adamlarının üzünə bütün qapılar bağlıdır.
Təşəbbüskar olmayan qurumun rəhbərliyi dəyişməlidir

Əksər peşəkar rəssamların fikrincə, çağdaş Azərbaycan rəssamlığının cəmiyyətlə təmas qura bilməsinin əsas yolu dinamik və işgüzar sənət menecerlərinin önə çıxması sayəsində mümkün ola bilər. Çağdaş sənət tasarımçılıq və menecerlərin istedadlı sənət adamlarına dəstək verməklə yeni nəfəs prosesinə təkan verməsi ilə mümkün olur. Belə olduğu təqdirdə, əsil istedadla və yaradıcılıq ruhu ilə əsərlərin hasil olmasına geniş meydan yaranır. Hətta bu prosesdə rəssamın təmsil olunduğu qurum və prodüsserlər birlikdə böyük uğurlara nail olmaqla yanaşı, yaxşıca qazanc əldə edirlər. Belə bir proses artıq kino sahəsində özünü çoxdan təsdiq edib. Hətta ədəbi əsərlər yazan yazıçılar və şairlər də bundan faydalanırlar. Avropanın nümunəvi konsert salonlarında bəstəkarların yazdıqları yeni simfonik əsərlər məhz bu prinsiplə baş tutur. Rəssamlıq sahəsində belə bir proses hələ ötən yüzilin 20-30-cu illərindən mövcuddur. Azərbaycanda Rəssamlar İttifaqının durumu dəyərləndirə bilməməsinin əsil səbəbi qurumun rəhbərliyinin yalnız özü üçün və marjinal maraqları çərçivəsində hərəkət etməsi ilə bağlıdır. Müxtəlif nəsilləri təmsil edən yaradıcılıq atmosferinin olmaması da buradan qaynaqlanır. Rəssamlar İttifaqını sadəcə təltiflər və mükafatlar qurumuna çevirməklə işini bitmiş saymaq doğru siyasət deyil. Rəssam sərgi istəyir. O, yaradıcılıq hesabatı ilə özünü ifadə formalarını önə çəkir. Əgər bunun üçün münbit şərait yoxdursa, deməli rəssam da yox sayılır. Bir ovuc rəssamın süni şəkildə özünü “mədəniyyətin kübarı” iddiasını sərgiləyirsə, deməli sənətin qəbirqazanları rolunda çıxış edirlər. Unutmayın ki, böyük ustadlarımız Səttar Bəlulzadə, Mircavad Cavadov, Tofiq Cavadov və Rasim Babayevdən böyük rəssam ola bilməyəcəksiniz. Onlar heç zaman kimsənin qarşısında baş əymədilər, süni kübarlılıq iddiasında olmadılar. Onlar sənət üçün yaşadılar və yaratdılar. Onlar çağdaş Azərbaycan rəssamlıq məktəbi və mədəniyyətinin əbədi dahiləri olaraq adlarını çoxdan, özü də lap çoxdan tarixə yazıblar. Heç olmasa, onların keçdiyi sənət və ömür yoluna nəzər salın. Olanlardan və olacaqlardan utanın.
Ənvər BÖRÜSOY, sənətşünas
Hurriyyet.org

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.