XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "Çin Karqo” şirkətindən rəsmi açıqlama: - "Şirkət haqqında yazılanların heç bir əsası yoxdur"

"Çin Karqo” şirkətindən rəsmi açıqlama: - "Şirkət haqqında yazılanların heç bir əsası yoxdur"

"Çin Karqo” şirkətindən rəsmi açıqlama: - "Şirkət haqqında yazılanların heç bir əsası yoxdur"
15-06-2020, 13:42

Bir qrup mətbu orqanlarda "Çin Karqo" şirkəti haqqında heç bir fakta istinad etmədən və tamamilə yanlış məlumatlara əsaslanan xəbərlər verilib. Həmin mətbu orqanlar və onlara belə əsassız yazıları sifariş verənlər, həm milli sahibkarlığın inkişafına, həm ölkəmizin beynəlxalq imicinə, həm də Azərbaycanın uğurla inkişaf edən və respublikamızı beynəlxalq arenada layiqincə təmsil edən, çoxsaylı insanların çalışdığı “Çin Karqo” şirkətinin işgüzar nüfuzuna zərər vurmağa çalışırlar.
Artıq neçənci dəfədir ki, bu cür mətbu orqanlar tanınmış şirkətin – "Çin Karqo"-nun adını neqativ hadisələrlə bağlamaqla əlavə qazanc əldə etmək istəyirlər. Şirkət son 5 ildə bu cür mətbu orqanlarda bir neçə dəfə haqsız qarayaxma ilə üzləşsə də, heç vaxt onlara belə yazılardan qazanc əldə etməyə şərait yaratmamışdır. Bu cür əsassız və qərəzli məlumatlarla ictimai fikri çaşdırmaq yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. Ona görə də haqqımızda əsassız informasiyalar yayan belə mətbu orqanlarla bağlı “Çin Karqo” şirkəti tərəfindən lazımi ciddi hüquqi tədbirlər həyata keçirilir və onların ciddi cəzalanması üçün hüquq-mühafizə orqanlarına və müvafiq məhkəməyə müraciət prosesi artıq başlamışdır.
Hesab edirik ki, bu mətbuat orqanları saxta reytinq toplamaq məqsədilə ölkəmizin tanınmış şirkəti haqqında əsassız məlumatlar yaymaqdansa, səmərəli fəaliyyət göstərib obyektiv və qərəzsiz informasiya yaymaqla ölkəmizin inkişafına xidmət etməlidirlər. Şirkətimizə onlara bu cür xəbərləri sifariş verənlər də məlumdur. Unutmasınlar ki, onlar da bu fəaliyyətləri ilə heç də dövlətçiliyimizin möhkəmlənməsinə xidmət etmirlər və qanuna zidd hərəkətlərinə görə məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə söz, fikir və mətbuat azadlığı üçün bütün lazımi şəraiti yaradıb. Bu gün Azərbaycanda mətbuat tam azaddır. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri bu azadlıqdan sui-istifadə edir, öz çirkin məqsədlərinə nail olmağa, yalan, qərəzli və əsassız məlumatlarla ayrı-ayrı şəxslərin və şirkətlərin nüfuzuna ziyan vurmağa çalışır və bununla, əslində, söz və fikir azadlığına böyük zərbə vururlar.
"Çin Karqo" şirkətinin təsisçisi və rəhbəri Şamil Heydərov uzun illərdir ki, sahibkarlıq sahəsində fəaliyyət göstərir və Azərbaycanın uğurlu iş adamlarından biridir. Şirkəti sıfırdan quraraq hazırkı inkişaf səviyyəsinə çatdıran Şamil Heydərovun heç zaman heç kimlə bağlılığı olmayıb və dövlətimizin yaratdığı əlverişli şəraitdən faydalanaraq diqqətini sahibkarlıq fəaliyyətinin inkişafına və genişlənməsinə yönəltmişdir. Bu cür "mətbu orqanların" ölkəmizin tanınmış iş adamının və uğurla inkişaf edən şirkətin nüfuzunu aşağı salmağa göstərdikləri uğursuz cəhdlərin heç bir əsası yoxdur və bütün bu addımlar "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa tam ziddir. Hesab edirik ki, hüquq-mühafizə orqanları və digər müvafiq qurumlar şirkətin və onun rəhbərinin işgüzar nüfuzuna xələl gətirən bu cür cızma-qaraların müəllifləri barədə müvafiq ölçü götürməli, onları qanunun tələblərinə uyğun olaraq ciddi şəkildə cəzalandırmalıdırlar. Bu cür hallara qarşı vaxtında mübarizə aparılmaması isə onunla nəticələnir ki, milli sahibkarlığımızın simalarından olan tanınmış şirkətlərin uzun illərlə böyük əziyyətlə nail olduğu işgüzar nüfuz bir qrup mətbu orqanlarda çalışan bəzi cızma-qara müəlliflərinin qərəzli fəaliyyətləri sayəsində zədələnir.
Məlumat üçün bildiririk ki, 2000-ci ildə əsası qoyulmuş “Çin Karqo” şirkəti ölkəmizdə və onun hüdudlarından kənarda Karqo fəaliyyəti ilə məşğuldur. Şirkət ilə 1500-dən çox sahibkar əməkdaşlıq edir.
“Çin Karqo” Gömrük Komitəsi və Vergilər Nazirliyi ilə qanuna müvafiq olaraq sıx əməkdaşlıq edir. "Çin Karqo" şirkəti daim öz fəaliyyəti ilə ölkəmizin beynəlxalq biznes məkanında iqtisadi reputasiyasının yüksəlməsinə çalışmışdır. Şirkət fəaliyyətində həmişə Azərbaycan Respublikasının qanunvericiliyini rəhbər tutmuş və ölkə iqtisadiyyatının inkişafına böyük töhfələr verməkdədir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yeni iqtisadi çağırışlara uyğun olaraq həyata keçirdiyi iqtisadi islahatlara dəstək məqsədilə "Çin Karqo" şirkəti ölkəmizdə bir neçə irihəcmli yeni layihələrin həyata keçirilməsini üzərinə götürmüşdür.
“Çin Karqo” şirkəti olaraq biz daşıyıcı şirkət “Sülh-2019” MMC və bütün işçilərimiz vasitəsilə bizimlə əməkdaşlıq edən, Çin Xalq Respublikasından mal və məhsullar idxal edən sahibkarların işini asanlaşdırmaq üçün onların tam qanuni olaraq öz adlarına gətirdikləri mallarının daşınma, gömrük və vergi ilə bağlı sənədləşdirmə işlərinə hər cür köməklik göstərmişik.
Bu sahibkarların mallarının daşınıb gətirilməsi, gömrük prosedurlarından keçirilməsi, vergi ödənişləri və hesabatlarının verilməsi, obyeklərinin və kassa aparatlarının qanuni şəkildə təmin olunması və həmçinin digər sənədləşdirmə işlərini vaxtında və nizamlı şəkildə həyata keçirmək üçün əlimizdən gələn köməyi göstərmişik.
Bütün bunlara görə də, həmin sahibkarların fəaliyyəti dəfələrlə asanlaşıb, onların vergi və sosial ödənişləri vaxtında ödənilib, həmçinin satışların qanuniləşməsi (kassaya vurulması) və obyektlərin qanuni icarə müqaviləsi əsasında rəsmiləşdirilməsi mümkün olub.
Bunun nəticəsində “Binə” və “Sədərək” ticarət mərkəzlərində işləyən 1400-dən artıq sahibkarın daha rahat fəalyyəti üçün imkan yaranıb, onların aidiyyatı dövlət orqanlarında (Gömrük Komitəsi, Vergi xidməti və s), banklarda, ticarət mərkəzlərində bu işləri həyata keçirmələri üçün xeyli vaxt və enerji sərf etməsinin qarşısı alınıb və bu da onların daha səmərəli və effektiv fəaliyyəti üçün imkanlar yaradıb.
Buna görə də, həmin sahibkarlar dəfələrlə bundan məmnun olduqlarını qeyd ediblər və bizə öz təşəkkürlərini bildiriblər.
“Çin Karqo”-nun bu xidmətlərindən sahibkarlar istifadə edirlər.Bəzi media saytları, məsələn: “Dia. az” kimi saytlar Karqodan pul almaq üçün bizim Karqonun adını hallandırırlar.”Çin Karqo”-nun rəhbəri Şamil Heydərov bu çətin dövrdə “Covid-19” virusla əlaqədar olaraq fonda 100.000 manat pul ödədi.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.